Payız
Payız kimi bəzənmisən
Gözlərində qəm görürəm.
Xəyalımda körpəliyim
Uşaqlığı, ahıllığı
cəm görürəm...
Qıpqırmızı almaların
Yanağında xal görürəm.
Damağımda ana südü,
Əncirlərin göbəyində
bal görürəm...
Payız kimi bəzənmisən
Titrəyişin - yarpaq kimi.
Dünən idi gəncliyimiz...
Göz qırpımı, su içimi.
Ömür gedir taqqataqla -
qatar kimi
Şəmkir - Bakı qatarına -
Tələbəlik illərinə
qaytar məni.
Sonra, sonra təyyarələr
Yedi mənim gül ömrümü.
Neçə nadan, neçə paxıl
Yelpiklədi kömürümü...
Bu payızın kirpikləri
sapsarıdı
Qızılını qopardılar.
Allah verən nemətləri
Allahsızlar apardılar...
Fişəng kimi uğurlarım,
Dəniz kimi qəhqəhələr.
Daha nələr, nələr, nələr...
Ləpələnib yox oldular.
Neçə dostun sədaqəti
İt ömrünə sığışmadı.
Sevgilərim nəm çəkdilər,
Vulkanlardan alışmadı...
Payız kimi bəzənmisən
Gözlərində qəm görürəm.
Xəyalımda körpəliyim
Uşaqlığı, ahıllığı
cəm görürəm...
***
Bir ağac var
bu ormanda
Ayaqları revmatizma, şəkər -
Kəsiləsi, yıxılası...
Bir şivkə var
bu ormanda
Başına işlər gələsi:
Sinəsi
bıçaqla qazılası,
Yazılası
Nələr, nələr olası...
Bir dombalan əllənir
Bu ağacın altında.
Gördüm daha...
Bir bənövşə boylanır
Kol dibindən sabaha...
Bu arının
Ömrü məni çalanacan...
Qaş qaralır -
Ömür bitdi kəpənəyim...
Min can verib babalarım
Bu qalanı alanacan
Yenə qaldı
yağılara...
11.07.2016
***
Bu qan-qada, bu xəstəlik
Otuz ildir sürür deyə,
Gözlərimdən asın məni,
Üç yüz faiz görür deyə...
Yumurtanın sarısında
Mayalanmış ağ nöqtəni,
Gözlərinin qarasında
Malalanmış dağ hiyləni...
Göyərçinin altındadır
Çil-çil ilan yumurtası.
Kürt yatıbdır...
Ürəklər də, beyinlər də.
Yer kürəsi çat atıbdı...
Əqrəb geni mayalayıb
Çörəyimi.
Virusdan da xəbis dostlar
Zədələyib ürəyimi.
Ata, ana, bacı, qardaş
Maraqların havasında.
Necə oldu birləşdilər
Qarabağın davasında ?!!
Göylərimdən qətran yağdı -
Birləşdirdi hamımızı.
Ya salim et, ya da yandır
Bu kirəlik canımızı,
İlahi!..
***
Qışın sazağında,
türmənin həyətində
Ayağım altında əzilir Zaman...
Ayağım altında
bu yerlərin ilk qarı.
Aramızda
Karantin ömrü qədər
Məsafə,..
Bir də,
Bir bəlkənin milyard çaları...
***
Göndərdiyin
kəhraba təsbehin
Giləsinə
barmağının ucuyla
Yazdığın salamını
aldım...
Uzaqlarda qalan
ətirli günlərimi
Yada saldım...
Bütün yollar,
teleqraflar,votsaplar
Bağlı,
Xəyaldan başqa...
Nəqliyyat - virus,
Zaman - atlı qarışqa...
***
Votsapımda
yerin bomboş.
Adın
Titanikin
sərnişini kimi,
Aramla
gedir aşağı...
Aşağıda okeanın
bumbuz suları...
İslanacaq xatirələr,
əriyənə qədər!..
Ağlamağa
macalın olmayacaq.
Ağlasan da
Duzlu sular qoymayacaq
Durulsun
göz yaşının dadı...
SOS!!! həyəcanını
eşidəcək kimsə yox.
Bu gözəl gəmini
O buzlara çarpan - Sən,
Ölməyə vaxt tapa bilməyən -
Mən!..
Məni bir şeytan aldadır
Məni bir şeytan aldadır,
Yerdən və göydən aldadır.
Necə də gözəl oynadır,
Ətiri çəkib aparır...
Bilirəm ki, bataqlıq var,
Bilirəm ki, ağlım duman...
Bu yay günü yer üzü qar
Sürüşürəm, Allah aman...
Mənəm Seyiz keçisinin
Dalınca gedən quzusu.
Oralarda dərələr su...
Dərələrin "qıl körpüsü"…
Havalıyam, duyğuluyam -
Ağlım yatıb, bağrım oyaq...
Bir aləmdi ilğım-ilğım -
Nəhayətsiz göylər sayaq.
Məni bir şeytan aldadır,
Yerdən və göydən aldadır.
Necə də gözəl oynadır,
Ətiri çəkib aparır...
***
Mən sənə "mələk," - demişəm,
Mələklər əfv etsin məni
Mən sənə "ürək", - demişəm,
Ürəyim deşsin sinəmi...
Şimşəklərə kəmənd atın,
Məni gözlərimdən asın.
Gözlərim aldatdı məni...
Son baharda heyvaları,
Yaz ağzında çiçəkləri
Bir qara örpəklə örtün,
Qoy ətiri gəlməsin!..
Əllərimə dağ basın,
Şeir yaza bilməsin!..
Zəncirləyin bir qayaya -
Kötük üstə baş kimi...
Töksün göylər qəzəbini
Dolu yağsın daş kimi...
Günahlarım elə böyük -
Kəpəz boyda dağ qalanmış.
Mən sənə "mələk", - demişəm,
Mən sənə "ürək", - demişəm,
Mən sənə "çörək" - demişəm,
Hamısı da yalanmış!..
Elegiya
Kafedramızın əməkdaşı, gözəl həkim, Ümnisə xanımın, Müsabəylilər nəslinin yadigarı, Novruz bayramında bizlərdən qəfil ayrılan Flora xanımın əziz xatirəsinə
"Ölüm qulun Azadlığı"
Azadlığın mübarək, Flora!
Ana... Ana qoynundakı rahatlığın,
Rahatlığın mübarək, Flora.
Ağlayan - gülən
şəklin qalıb yadımda...
Gözəliydin.
Gözəlliyi sevərdin.
Torpağında
Göz yaşından sulanan
Qızılgül olmayacaq.
Bənövşələr bitəcək -
Tapdalanmış, əzilmiş.
Boynu sınmış bənövşələr,
Qıçı sınmış, alnı sınmış bənövşələr.
Torpağında
Qızılgüllər olmayacaq,
O ağrılar, o ağılar itəcək.
Gözlərində qüssə-qəm
Üzügülər bənövşələr bitəcək...
Min təəssüf...
Öz tağında bənövşəni iyləyən
Yiyənimiz azdan-az,
"Cənnət anaların ayağı altda" -
Deyənimiz azdan-az...
Doğmaların yəhərləyib qapdılar,
Uzaqların darıdılar bir ömür.
Tale səni dönə-dönə döyərdi,..
Qəfil yağan yağışlardan
Sonra çıxan gün olardın.
Sən bir ömür
Göz yaşından təbəssümə,
Təbəssümdən göz yaşına
sürgün olardın...
O nəslin uluları
Ağırdılar,
Bəlkə səni bu bayramı
O dünyada bəzəməkçün çağırdılar?..
Əlin gözəl, təbəssümün narın-narın
Şəkərbura,
paxlavaların...
Yürüyərsən "can!", - dediyin
Gül Ananın gül qoynuna,
Sarılarsan boynuna.
Ana mehri sağaldacaq
Sındırılmış taleyini...
Sonra bizim
Ayağını yerə vursa, yer qatlayan
Mərd Anamız, Nur Dünyamız
Ümnisə xanımın
Əllərindən öpüb, salam deyərsən.
Deyərsən ki, Siz gedəli
Yüz qulunuz ağı dedi...
Bir əl boyda daşı yazıb
Evinizin divarına vurammadı
Düz elədiz incidiniz, getdiniz...
Ağlayan-gülən
şəklin qalıb yadımda...
"Ölüm qulun Azadlığı"
Azadlığın mübarək, Flora!
Ana... Ana qoynundakı rahatlığın,
Rahatlığın mübarək, Flora.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!