"Duysan iç səsimi, getdiyin yerlər yuvan olmazdı..." - Şeirlər. GÜLSADƏ

 

Hərdən darıxmağa vaxt tapmır adam,

Hərdən unudursan yer üzündəsən.

Bu sabah aynada özümə baxdım,

Gözümə,

Rəngimə,

Üzümə baxdım...

Güzgüdə toxundum dodaqlarıma,

Yüklədim boynumdan axan saçımı

Özümə qapalı qulaqlarıma.

Çoxdandır özümlə qalmıram belə

Nə qədər böyüyüb o balaca qız,

Daha baxışları ötəri deyil,

Saçları uzanıb belinə çatır.

ana dizlərinə sığınan qızın,

Bu gün baxışından analıq baxır.

Dəyişib bədəni,

Dəyişib ruhu,

Daha da, sərt baxır güzgüdən bu gün,

Nə zaman böyüdüm, nə zaman belə?

Nə çox şey yaşanmış,

Nələr yaşanacaq bilmirəm hələ.

Bu sabah güzgüdə özümə baxdım,

Rəngimə,

Gözümə,

Üzümə baxdım...

Nə zaman baxmışdım belə bilmirəm...

İndi xatırladım... hələ uşaqdım...

 

 

***

Bir tək sənə yazmaq istəyirəm,

Darıxanda əllərim,

Tıncıxanda ürəyim bir tək sənə yazmaq istəyirəm.

Uzun-uzun demək istəyirəm necəyəm,

Necəydim.

Axı, sən həm də, ən yaxın dostumdun

Çəkilirəm küncümə,

Kim deyir ki, güclüyəm, qalibəm.

Mən bir savaşda vətənini itirib sağ qalmış döyüşçü kimiyəm.

Sən tanımışdın məni

İlk dəfə ruhumun şifrələrinə toxunarkən

                        bilirdin bir qızcığaz tapacaqsan

Dizləri çapılmış, üşümüş və yanılmış.

Səndən sonra dəyişmədi heç nə.

Gizli bir nifrət böyüyür içimdə, haçansa daşacaq.

Sahibsiz bir susqunluğun ətdən heykəli kimi qarışıram insanlara.

Axı sən də xaindin,

Öz ölkəsini satmışlar qədər,

Öz körpəsini atmışlar qədər,

Kimliyini danmışlar qədər xain.

Bəs niyə mən... bir tək sənə yazmaq istəyirəm ağlarkən,

Gülərkən,

Darıxarkən.

Hardansa gələssən kimi gözləyirəm səni

Duysan iç səsimi, getdiyin yerlər yuvan olmazdı.

Belə qalmazdı bu sevginin biçarə taleyi...

Nə bilim,

Bilirəm yoxsan,

Yadsan,

Olmayassan.

Və bilirəm ki, mən bir də sənə heç vaxt yazmayacam.

Ancaq...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!