"Sevda yaşımdaykən ölmək, Payız başımdaykən ölmək.” - Şeirlər. Təvəkgül BOYSUNAR

 

Arzu

 

Ölmək...

Mövsümlər payıza gəlmişkən,

Yazlar ayaza gəlmişkən...

 

Dönmək üz tutduğun xam xəyallardan...

Örtmək gülüş səslərinə pəncərələri...

 

Ölmək,

Payız başımdaykən ölmək,

Sevda yaşımdaykən ölmək.

 

Xəzan yaşıl yarpaqların qanın içmişkən,

Uzaq uçan quşlar qürbət

            yolun seçmişkən,

Bəmdən qopan ağrılarım zilə keçmişkən -

Ölmək.

 

Sevda yaşımdaykən ölmək,

Payız başımdaykən ölmək.

 

Nərimanov parkında

 

Siz şahmat oynayın qaranlığacan,

Mən alnımı qoyub masanın üstə

Küləyin səsinə qulaq asacam,

Gülüşən, qışqıran o uşaqlara,

Yolların tozuna qulaq asacam.

 

Siz şahmat oynayın payıza qədər,

Mən alnımı qoyub masanın üstə

Əsən əlinizə qulaq asacam...

 

İndi yaşınız çox, ömrünüz azdır,

Atlar, fillər hürkür qırışınızdan,

Çox da ki, günəş var, çox da ki, yazdır,

Soyuq qarlar yağır baxışınızdan.

 

Siz şahmat oynayın ölümə qədər,

Mənsə öz ömrümün axırınacan

Alnım masa üstdə, gözüm yumulu,

Ötüşən illərə qulaq asacam

Keçən fəsillərə qulaq asacam.

 

27 yaşın şeiri

 

Bir il də artırdıq ömrün oxunmuş səhifələrinə,

Çevirdik maraqsız romanların

                        sıxıcı səhifələri kimi.

Bir fəsil də xəzanlarını çəkdi küçələrimizdən,

Sürüyüb yorğun-yorğun apardı harasa.

Bir qışın da qarını yorğan kimi

                        qatlayıb qoyduq kənara.

 

Neyləmək?

Açmaqmı yenə əllərimizi göylərə sarı?

Əyilməkmi dizlərə söykəyib ovucları?

Qoymaqmı yazılmış alnımızı qupquru döşəməyə?

 

Başqa yol yox, həyat kimi ağırlığı

                        çiyinlərdən atmaq üçün,

Başqa yol yox

Bu günlərdən sabahlara,

Sabahlardan sonralara

Sağ ümidlə çatmaq üçün.

Dörd arı yeşiyi qaldı həyətdə

 

Dörd arı yeşiyi qaldı həyətdə,

Qaldı qar altında, külək altında.

Arılar qısılıb biri-birinə,

Üşüyüb içəri girən soyuqdan,

Qorxub səs-küyündən boranın, qarın,

Sakit görə-görə donmaqlarını,

Andılar günəşli yaz günlərini,

Çiçəkdən-çiçəyə qonmaqlarını.

İndi yanlarında ballı pətəklər.

Çöldə ağ-ağ yağan soyuq çiçəklər.

Hardansa səs gəlir yaddaşlarına,

O səs deyir, yenə bahar olacaq,

Yenə uçacaqsız dağlar üstündən,

Uçacaqsız yenə yollardan keçib,

Bağçalar üstündən, bağlar üstündən.

Dörd arı yeşiyi qaldı həyətdə,

Qaldı qar altında, külək altında.

 

Sentyabr, 2017

 

İndi payız gələr, sonra qış gələr,

Ağaclar hər axşam bir az soyunub,

Axırda bir qarlı qış gecəsində,

Ağappaq yorğanın altına girər.

Biz baxarıq susa-susa pəncərələrdən,

Kimsə yada düşər andıqca hərdən,

Çəkilməz sevdanın havası sərdən.

Biz susarıq baxa-baxa pəncərələrdən.

 

Xatırlamalar

 

Dodaqların dodağımın yadından çıxıb.

Əllərimin əllərində, tellərində gəzişməyi,

Bahar başlayan vaxtlarda işıqlı pəncərələrin

Otaqlara doluşmağı,

Çiçəklərin açılmağı, soluşmağı.

Hər görəndə əyilərək

Telindəki ətirlərdən,

Saçlarının keçmiş rəngin soruşmağım,

Sənin uzaq öpüşlərin,

Kədərlərin,

İlıq-ilıq gülüşlərin

İndi məndən milyon illər uzaqda qalmış,

Sanki heç olmamış, sanki xəyalmış.

 

Qış, 2017

 

Qorxuram qar yağa, qar yağa,

Əsən ürəyimə yağa,

Titrəyən əlimə yağa.

Azmış yollarıma yağa.

Qar yağa, qorxuram, qar yağa,

 

Bir səhər başlayıb yağa,

Bir axşam başlayıb yağa.

Göylərdən üzülə-üzülə,

Küləklərdən keçə-keçə,

Şəhər-şəhər, küçə-küçə,

Qar yağa, qorxuram, qar yağa.

 

Adamlar danışalar,

Ekranlar göstərələr,

Pərdəsin örtdüyüm pəncərələr də,

Təzədən pərdəsin çəkib qırağa,

Qar göstərə mənə - ağappaq qarlar.

 

Altında gizlənsəm yorğanımın da,

Qara yuxuma da qarlar girələr,

Qorxuram qar yağa, qar yağa,

Halsız qollarıma yağa,

Azmış yollarıma yağa.

Qar yağa qorxuram, qar yağa.

 

***

Nə o sevdayla gülənlər bizə bir çarə idi,

Nə də ki, dərdimiz əvvəl belə biçarə idi.

 

Görən ah çəkdi bizim cismimizə, canımıza,

Çün o gördükləri başdan-ayağa yarə idi.

 

Və biz Eyyub da deyildik, bizə Haqq yardım edə,

Çün bizim yollarımız cənnətə yox, narə idi.

 

Eşqi göylər yetirir, qaçma bu tənhalıqdan,

O sevənlər kim idi? Bir qəmə avarə idi.

 

Yenə yetdi qələmindən bizə bir misra payı,

Yoxsa boş qəlbimizin hər yanı min parə idi.

 

Nə təvəkkül edər oldun sənə dərman verənə,

Nə o nankor ürəyin gerçəyə nəzzarə idi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!