Ədəbi irsi hələ öz sağlığında geniş oxucu məhəbbəti qazanmış Cənubi Azərbaycanın görkəmli şairi Həbib Sahirin zəngin yaradıcılığı zaman keçdikcə daha çox aktuallıq kəsb etməkdədir. Bunun əsas səbəbi şairin əsərlərində qaldırılan problemlərin milli ideallara söykənməsi, xalqın istək və arzularının azadlıq ideyalarının yüksək sənətkarlıqla ifadə olunmasıdır. 60 illik ədəbi-bədii təcrübəyə malik ustad sənətkarın yaradıcılıq yolu doğma xalqının inqilabı hərəkatı ilə bağlı olmuşdur. "Azadəlik və hürriyyətlik şairi" kimi tanınan H.Sahir 83 illik mənalı həyatında Səttarxanın, Xiyabaninin başçılığı ilə gedən milli azadlıq hərəkatlarının və sonrakı hadisələrin şahidi, Pişəvərinin başçılığı ilə gedən 21 Azər hərəkatının iştirakçısı olmuşdur. Onun şeirlərində şahlıq dövrünün ziddiyyətləri, haqsızlıq və zülmün, ictimai bərabərsizliyin və ədalətsizliyin şahidi oluruq. Şair doğma vətənin dərdinə, yurddaşlarının arzu və istəklərinə biganə qalmamış, həyatın nəbzini tutaraq xalqı azadlıq mübarizəsinə ruhlandıran şeirlər yazmışdır. Xalq yazıçısı M. Hüseyn, H.Sabir yaradıcılığının bədii xüsusiyyətlərindən bəhs edərək yazırdı: "Azərbaycanın müasir şairləri içərisində Həbib Sahirin də adı hörmətlə yad edilməkdədir. Şübhə yoxdur ki, o, son dərəcə orijinal istedada malik bir şairdir. Sahirdə ən çox nəzəri cəlb edən bir cəhət, hadisələrə olduqca səmimi və həyəcanlı münasibət göstərməsidir. Onun şeirlərində ifadə olunan fikirlər bədii surətlər və bədii təsvirlər yolu ilə ifadə olunur. Şair çalışır ki, bədii lövhələr özü onun amalını oxucunun qəlbinə yaxınlaşdırsın, onda həyəcan oyatsın". Həbib Sahir Təbrizdə Məhəmmədiyyə mədrəsəsində təhsil alarkən fransız dili və ədəbiyyat müəllimi Tağı Rüfətin vasitəsilə Türkiyədə nəşr olunan "Sərvəti-fünun" və "Rəsmli ay" kimi ədəbi dərgilərdə yaxından tanış olur. Bu dərgilərdə o, Tofiq Fikrətin və Calal Sahirin əsərlərini mütaliə edir. Xüsusilə Cəlal Sahirin əsərləri gənc şairin dünyagörüşünə və yaradıcılığına böyük təsir göstərir, hətta onun soyadını özünə təxəllüs götürür.
1924-cü ildə Həbib Sahir İstanbula gedir və orada universitetin coğrafiya fakültəsinə daxil olur. Türkiyə ədəbi mühitinin H.Sahir yaradıcılığının formalaşmasında böyük rolu olmuşdur. İstər tənzimat dövrü ədəbiyyatı nümayəndələrinin (İbrahim Şinasi, Namiq Kamal, Ziya Paşa), istərsə də Türkiyə xalqını zülmə və əsarətə, milli azadlıq mübarizəsinə səfərbər edən Tofiq Fikrətin və böyük şair Nazim Hikmətin inqilabi məzmunlu poeziyası Sahir yaradıcılığının ilham qaynağı olmuşdur. Təhsilini başa vuran H.Sahir "İran Azərbaycanın təbii coğrafiyası" adlı buraxılış işinin xülasəsini görkəmli Azərbaycan alimi və ziyalısı Əhməd Cəfəroğlunun redaktoru olduğu "Azərbaycan yurd bilgisi" jurnalında nəşr etdirir. Qeyd etdiyimiz kimi, o, Türkiyədə olarkən Tofiq Fikrət, Yəhya Kamal, Nazim Hikmət kimi böyük şairlərin yaradıcılığını dərindən mütaliə edir. "Varlıq" dərgisində dərc etdirdiyini "Azərbaycan ədəbiyyatı tarixinə bir baxış" məqaləsində Cavad Heyət yazırdı ki: "Sahir qüvvətli bir azəri şairi olmaqla bərabər, Türkiyə ədəbiyyatına da vaqifdir".
Şairin əsərləri istər Milli hökumət dövrünə qədər və istərsə də ondan sonrakı dövrlərdə xalqın azadlıq mübarizəsində mühüm əhəmiyyət kəsb etmişdir. İnqilabi hərəkatın genişləndiyi bir vaxtda şair öz üsyankar şeirlərilə doğma həmvətənlərini mütləqiyyət rejiminə, xarici təcavüzə və daxili irticaya qarşı mübarizəyə səsləmişdir.
1945-ci il xalq inqilabının qələbəsindən sevinən şair "1945-ci ilə" adlı şeirində yazırdı:
Söndü qanlı şəfəqlərin, 1945-ci il,
Sədəf rəngli fəcr açıldı, səhralarda, dənizdə,
Qan ağlayan dünya güldü, açdı əməl gülləri,
Dünya xalqı sevinərkən gülümsədi Təbriz də.
Azadlığın bayrağını Ərkin üstə taxdılar,
Yenə sönmüş məbədlərdə məşəlləri yaxdılar.
H.Sahir milli müstəqillik və ana dili uğrunda apardığı mübarizəyə görə dəfələrlə sürgün edilmiş və zindana salınmışdır. Doğma elindən, ailəsindən ayrı düşən sənətkar vətəndən uzaqlarda ağır məhrumiyyətlərlə, çətinliklərlə qarşılaşmışdır. "Sürgün" şeirində baba ocağından didərgin düşdüyünü, başına gətirilən münasibətlərini, qürbət diyarın ona cəhənnəm kəsildiyini şair ürək ağrısı ilə ifadə edirdi:
Qovuldum ah, vətənimdən, elimdən,
İllər boyu nələr gördüm, nələr mən
Daşdan-daşa dəydi başım qürbətdə,
Möhlət oldu yar-yoldaşım qürbətdə.
Tufan qopdu, pəncələşdim yellərlə,
Yağış yağdı, axıb getdim sellərlə.
Kölgələrtək dağı, daşı dolaşdım,
Ölümlərlə, qaranlıqla dalaşdım.
Haram oldu mənə baba ocağı,
Yurdum oldu karvansara bucağı.
Aclıq çəkib, korluq gördüm dünyada,
Keçdi şamım, söndü adım, ocağım,
Məndən sonra axmaz oldu bulağım.
Zindanlarda ah-nalələri göyə ucalan minlərlə vətən oğullarının səsini eşidən şair deyir: "Nə qədər istəyirsən ah-nalə et. Ancaq bil ki, bu qaranlıq mühitdə heç kəs sənin nalələrini dinləyib, onların səsini soruşmayacaq. Sənin fəryadına ancaq mənim ürəyimin qapıları açıqdır. Onun sığınacaq bir yeri varsa, o da mənim ürəyimdir. Qəlbi vətən həsrətilə qubar edən lirik qəhrəman ürəyinin dərdini vətənə sarı uçan quşlara açır".
Şəfəqlərdə uçan axşam quşları,
Məndən salam deyin gözəl Təbrizə.
Qatar ilə gedən vətənə sarı,
Arxadaşlar, bir baş vurun da bizə.
Açın mənim taxta, sınıq qapımı,
Görün əziz anam yoldan gəldimi?
Uşaqlarım görün, unutmuş qəmi?
Yoxsa ölüm, aclıq verib diz-dizə?
Duman çöküb üfüqləri qaratdı,
Mənə qürbət bir cəhənnəm yaratdı...
Xəzan yeli bağçamızı saratdı,
Daha nələr deyim, dostlar, mən sizə.
Həbib Sahir həm fars, həm də Azərbaycan dilində bir neçə şeir kitablarının müəllifidir. Müxtəlif illərdə onun Azərbaycan dilində "Lirik şeirlər", "Kövsər", "Şəhər işıqlanır", "Dağınıq xatirələr", "Səhərdə sarı" kitabları nəşr olunmuşdur. Şairin ayrı-ayrı illərdə nəşr olunmuş kitabları, əlyazmaları və çoxsaylı ədəbi dərgilərdə çap olunmuş şeirləri əsasında biz ilk dəfə tərtib etdiyimiz "Məndən salam deyin gözəl Təbrizə" adlı kitabı 2004-cü ildə oxuculara təqdim etdik. 2005-ci ildə isə filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlinin "Ön söz"ü ilə sənətkarın "Seçilmiş əsərləri" çap olunmuşdur.
H.Sahir yaradıcılığında onun tərcüməçilik fəaliyyəti də xüsusi yer tutur. Fars, ərəb, fransız və rus dillərinə dərindən bələd olan şair Qorkidən, Lermontovdan, Bodlerdən, Lamartidən dilimizə bir sıra əsərlər çevirmişdir. O, klassik fars şairlərindən Sədi, Hafiz və Xəyyamın bir sıra əsərlərini də Azərbaycan dilinə tərcümə etmişdir. Cənubi Azərbaycan poeziyasında Tağı Rüfətdən sonra sərbəst şeir nümunələrinin yaradılması da H.Sahirin adı ilə bağlıdır. Akademik Bəkir Nəbiyev "Şeirimizin ağsaqqalı" məqaləsində yazırdı: "Uzun illərdən bəri qəddar şah rejiminin bütün acılarını dadmış, şüurlu ömrü boyu dönə-dönə təqib olunub sürgünlərə göndərilmiş Həbib Sahirin əsərlərində məzlumların fəryadı, xalqın zülmkarlara qarşı mübərizəsinin əks-sədası eşidilməkdədir".
H.Sahir yaradıcılığının əsas xüsusiyyətlərindən biri onun ana dilinə üstünlük verməsi idi. Ustad sənətkarın bədii yaradıcılığı şifahi xalq yaradıcılığından və klassik şeirin ənənələri əsasında yetkinləşmişdir. Xüsusilə görkəmli şair Molla Pənah Vaqifin Sahir yaradıcılığına böyük təsiri duyulmaqdadır. Şairin şeirləri bədiiliyi, axıcılığı və obrazlılığı ilə diqqəti cəlb edir. O, ana dilinə "cismim, canım, ətim, qanım" deyərək, onu "damarımda axan qızıl qan" adlandırır:
Düşmən ilə barışmaram,
Namərd ilə qarışmaram,
Özgə dildə danışmaram,
Ana dilim, ana dilim.
Şairə görə həqiqi xalq sənətkar "türkü deyib, farsı yazmaz". "Tərəhhata inanma" şeirində ana dilinin gözəlliyini, şeiriyyətini, səlisliyini əsl şair səmimiyyəti ilə tərənnüm edən şair yazırdı:
Ana güldür, bir gün solur,
Ana dili şirin olur.
Bizim türkü şirin dildir,
Xoş sədalı, zəngin dildir.
Dil günəşdir, işıq saçar,
Səadətə qapı açar.
Yadın dili: "boyunduruq"!
Biz keçiddir: buruq-buruq!
Sahirin şeir dili canlı xalq danışıq dili ilə sanki eynidir, orijinallığı və məna çaları ilə seçimlənir. "Türkçə yazdım, şirinləşdi sözlərim" - deyən şair bu dildə özünün şöhrətə çatdığımı, ucaldığını ifadə etmişdir.
Akademik Nizami Cəfərov H.Sahirin şeir dilindəki folklor ənənələrindən, novator ifadə mədəniyyətindən, ədəbi norma dəqiqliyindən və "üsyankar dil" özəlliklərindən bəhs edərək yazır: "Həbib Sahirin axtarışları xüsusilə diqqəti cəlb edir. Onun dilində folklor deyim tərzinin elementləri görünür. Sonralar bu elementlər nəinki Cənubda, eləcə də Şimalda bədii üslubun konkret dövrdəki səciyyəvi göstəricisinə çevrilir. Beləliklə, H.Sahir intuisiya ilə ədəbi-bədii dilin perspektiv cəhətlərindən birini müəyyən etmiş olur".
M.Şəhriyarın "Heydərbabaya salam" poemasına ilk nəzirə yazan da Həbib Sahir olımuşdur. H.Sahirin "Kəndimizdə olub keçənlər", "Keçən xatirələr", "Qış", "Payız", "Muğanda quraqlıq", "Məktəb xatirələri" və b. şeirləri "Heydərbaba şairinə" həsr olunmuşdur. Bu şeirlərdə adi insani hüquqlardan məhrum olan böyük bir xalqın keçdiyi uzun və məşəqqətli həyat yolu təsvir edilmişdir. Palçıq daxmalarda ac və səfil həyat keçirən insanlar öz hüquqlarını müdafiə etdiyi zaman kor zindan onlara ağzını açır. Çünki bu yerin hakimi "qan içən, ev yıxan zalımlar"dır. Lakin şair bu dözülməz həyatın uzun davam etməyəcəyinə qəlbən inanır:
Lakin "baba", hava yenə qızışar,
Yaşıllanar qara çəmən, göy çinar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!