Uzun illərdir ədəbiyyatla, tarixlə ciddi şəkildə məşğul olan yaradıcı insan kimi yaxşı bilirəm ki, keçmiş konkret insan taleləri ilə birgə qələmə alınanda daha maraqlı, cəlbedici olur. Onda tarix quru faktların təqdimatından çıxaraq obrazlaşır, bir insanın, yaxud insanların tale hekayəsinə çevrilir. Amma tarixi insan taleləri işığında qələmə almaqdan ötrü də müəllifdən güclü bacarıq, istedad tələb olunur. Burada bir tərəfdən keçmişi yaxşı öyrənməlisən, öyrənməklə də kifayətlənməyib onu duymağı bacarmalısan. Digər tərəfdən isə keçmişin mənzərəsini insan obrazında canlandıra bilməlisən. Respublikanın Əməkdar jurnalisti İradə xanım Əliyevanın "Bəşir bəy Aşurbəyov və zəmanəsi" kitabında ilk növbədə bu istedadı görürük. Müəllif elə ilk hissələrdən oxucunun xəyal dünyasına hakim olur, onu təsvir etdiyi dövrə aparır. Həmin illərin hadisələrini, təbəddülatlarını insanların gündəlik həyatının müşahidəçilərinə çevirir.
Bir müddət əvvəl İradə xanımın mətbuatda, çalışdığı "Azərbaycan" qəzetində Bəşir bəy Aşurbəyovla bağlı geniş məqaləsi dərc olunmuşdu. Məqaləni diqqətlə oxudum, burada ilk dəfə gün işığına çıxan həqiqətlər çox maraqlı idi, düşüncələrimi təsirində saxladı. Həmin məqalənin davamı kimi üzərində Bəşir bəyin fotosu əks olunmuş sanballı bir kitab əlimə çatanda isə çox sevindim. Kitabın elə ilk cümlələrini oxuyarkən hiss etdim ki, bu tarixi oçerk məni zəngin bir dünyaya, XIX əsrin sonu, XX əsrin əvvəllərində baş verən olaylara, hadisələrə aparır. Düşüncələrimdə yanılmamışdım.
Aşurbəyovlar məşhur familiyadır. Bu nəsildən adlı-sanlı şəxsiyyətlər çıxıb. Onlar ictimai fikir tariximizdə mühüm rol oynayıblar. Bəşir bəy Aşurbəyov da onlardan biridir. Sadəcə, nədənsə, onun ömürlüyü uzun illər ərzində tədqiqatlardan kənarda qalıb. Azərbaycan cəmiyyəti belə bir insanın həyat və fəaliyyətindən xəbərsiz olub. İradə Əliyeva bu kitabı ilə Bəşir bəy Aşurbəyov haqqında məlumat məhdudluğunu aradan qaldırır. Onu yaşadığı zəmanə, mühiti və tanınmış sahibkar, maarif dostu, xeyriyyəçi, ictimai-siyasi xadim kimi bu mühitdəki əhəmiyyətli rolu ilə birgə təqdim edir.
Kitabı oxuduqca onun da fərqində olursan ki, görün zəngin irsi ilə hələ öz tədqiqatçılarının yolunu gözləyən nə qədər şəxsiyyətlərimiz var. Müxtəlif arxivlərdə ayrı-ayrı insanlarımızla bağlı nə qədər qovluqlar hələ açılmamış qalır. Bu faktları arayıb tapmaq, sistemləşdirmək, qələmə almaq nə qədər dəyərli insanımıza ölümsüzlük qazandırar. Eyni zamanda tarixin sirr pərdəsinə bürünmüş bir çox həqiqətlərinə açar salar.
Bəşir bəy Aşurbəyov zəmanəsinin bir çox parlaq simaları kimi repressiya qurbanıdır. Bolşevizm kabusunun insanların başına gətirdiyi müsibətlər bu kitabda bir daha görünür. Qırmızı terrorun ağır faciələri konkret insanların taleyində təqdim olunaraq adamı dəhşətə gətirir. Bu itkilərin cəmiyyəti inkişaf yolundan nə qədər geri saldığına, insanların həyatında nə qədər böyük fəlakətlərə səbəb olduğuna bir daha şahid olursan.
Bəşir bəy Aşurbəyov atasından miras kimi Sabunçuda böyük torpaq sahələri olan və öz gücü, qabiliyyəti hesabına bu ərazilərdə neft mədənləri yaradıb, böyük sərvət toplayan iş adamıdır. O, cəmiyyət qarşısında sosial məsuliyyətini də yaxşı dərk edir. Qazancının müəyyən hissəsini xeyriyyə məqsədlərinə xərcləyir. Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli və başqa belə görkəmli şəxsiyyətlərimizin təhsilinə kömək göstərir. Tələbələrə xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alıb Azərbaycana peşəkar mütəxəssis kimi qayıtmaları üçün təqaüd verir. Görkəmli bəstəkarımız Müslüm Maqomayevə Sabunçuda teatr açmaqda köməyini əsirgəmir. Fəhlələri üçün evlər tikir, onların uşaqlarına məktəblər yaradır. Xəstəxanalara yardım edir. "İrşad", "İttihad" kimi qəzetlərin nəşrini maliyyələşdirir. Eyni zamanda, cəmiyyətdə siyasi mədəniyyət mühiti formalaşdıran partiyaların, firqələrin işində yaxından iştirak edir. Yeri gəlmişkən, sovet hakimiyyəti qurulanda da bunu təmkinlə qarşılayır. Dərhal ölkədən çıxıb getmək haqqında düşünmür. Canlarını qurtarmaq üçün xaricə üz tutan və ona da bunu tövsiyə edən bir çoxlarından fərqli olaraq Bakıda qalır. Bütün var-dövlətini yeni hökumətə bağışlayır. Düşünür ki, sərvətini son dam-daşına, son manatına qədər əlindən alandan sonra Şura hökuməti daha bircə quru canını ona çox görməz. Amma düşündüklərinin tamam əksi baş verir. Bəşir bəyin yaxın dostlarından olan və bolşevik hökumətinin ilk illərində onu mümkün qədər qorumağa çalışan, zaminə götürüb həbsdən buraxdıran Nəriman Nərimanovun ölümündən sonra repressiyanın qanlı caynaqları yenidən Bəşir bəydən yapışır. Minlərlə repressiya qurbanı kimi Nargində bu millət xadiminin də ömrünə son qoyulur.
Öz manifestində elan etdiyi xoşbəxt həyatı, rifahı təmin etməkdən ötrü Bəşir bəy Aşurbəyov kimi sahibkarlıq ruhuna malik insanları qorumalı, onların imkanlarından, bilik və bacarıqlarından istifadə etməli olan bolşevik hökuməti belə repressiv addımları, qorxunc yanlışları ilə elə ilk illərdəcə cəmiyyəti milyonlarla insanın həyatına son qoyan aclığa, səfalətə, min bir məhrumiyyətə sürükləyir.
"Bəşir bəy Aşurbəyov və zəmanəsi" adlanan bu kitabda başqa bir maarifpərvər şəxsiyyətimizin də həyat və fəaliyyətinə geniş yer verilib. Bu, Tovuz - Gədəbəy zonasındakı Xınna dərəsi adlanan məşhur məkanda yaşayan, böyük təsərrüfatı, torpaq sahələri, meşələri, mal-davar sürüləri, at ilxıları olan və insanların böyük rəğbətlə "Qafqaz sərdarı" adlandırdıqları zadəgan Allahyar bəy Zülqədərovdur. Kitabda Allahyar bəydən bəhs edilməsi səbəbsiz deyil. Allahyar bəy Zülqədərov Bəşir bəy Aşurbəyovun qayınatasıdır. Bəşir bəy onun qızı Nəzakət xanımla ailə qurmuşdu.
Allahyar bəy Peterburqda meşəçilik üzrə ali təhsil almış ziyalılardan idi. Gəncə şəhər Dumasının üzvü seçilmişdi, Gəncə Quberniyasının Şəmkir qəzasının rəisi olmuşdu. Dövrünün tanınmış ictimai-siyasi xadimi kimi Gəncə bölgəsində milli burjuaziyanın, buna paralel ictimai fikrin inkişafında, maarifçilik ideyalarının, cümhuriyyət dəyərlərinin formalaşmasında rolu müstəsna idi. Əfsuslar olsun ki, Bəşir bəy Aşurbəyov kimi və ondan daha əvvəl Allahyar bəy Zülqədərov da qırmızı terrorun qurbanı olmuşdu. Bolşevizm hələ Azərbaycanda dayaqlarını tam möhkəmləndirməzdən əvvəl 1918-ci ildə Allahyar bəy kimi nüfuzlu xalq adamını "kəndli üsyanı" görüntüsü ilə ailə üzvlərilə birgə evində qətlə yetirmişdi.
Belə bir kitabın yazılması və nəşrinin təşəbbüskarlarından biri mərhum Bəşir bəy Aşurbəyovun nəvəsi Nəzakət xanım Ələkbərova-Aşurbəyovadır. Atası Sultan Kərəmoğlunun, anası Rəbiyə xanım Aşurbəyovanın yolunu davam etdirərək uzun illər müəllimlik fəaliyyəti ilə məşğul olmuş, cəmiyyətimiz üçün yüzlərlə layiqli vətəndaş yetişdirmiş Nəzakət xanımı çoxdan tanıyıram. Tale elə gətirib ki, həyat yoldaşı, Azərbaycanın Əməkdar jurnalisti mərhum Rafiq Ələkbərovla bir yerdə çalışmışıq. Yaxın dost olmuşuq. Nəzakət xanımın babaları Bəşir bəy Aşurbəyov, Allahyar bəy Zülqədərov haqqında çox söhbətlərini eşitmişəm. Vaxtilə eşitdiklərini indi sənədli fakt materiallarının, fotoların dili ilə tarixi oçerk kimi sistemli şəkildə, gözəl bir dil-üslubla oxumaq xüsusilə maraq doğurur.
Bu baxımdan kitab həm Bəşir bəyin, həm Allahyar bəyin nəslinin sonrakı davamçılarının taleyinə də bələdçilik edir. Oxucu Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bir qismi Vətəndən didərgin düşən və ömrünün sonuna qədər müxtəlif qürbət diyarlarda Vətən həsrəti ilə yaşayan, övladlarını da bu ruhda böyüdən, bir qismi isə Azərbaycanda qalıb başı min bir bəlalar çəkən, olmazın məşəqqətlər görən insanların dramı ilə tanış olur. Kitab ona görə bu qədər canlı və diqqətçəkəndir.
"Bəşir bəy Aşurbəyov və zəmanəsi" kitabı ilə İradə Əliyeva çox böyük bir iş görüb. Ondan maraqlı ömürlər işığında tariximizə bələdçilik edən yeni əsərlər gözləyirik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!