Söyləsək, bəlkə də, yüngülləşərik
Bizdən soruşsalar ki, günəşə ilk dəfə nə vaxt baxmısız, böyükdən böyük ehtimalla bu sualı cavabsız buraxarıq. Amma ilk dəfə (lər) baxdığımızda əlimizi üzümüzə tutub gözümüzü necə qıydığımızı danışa bilərik. Adamlar var ömrümüzə günəş qədər səssiz doğurlar, narın yağış kimi təvazöylə səpələnirlər. Rüfət kimi, neçə ildi tanıdığımı bilmirəm, amma bəlkə, naşiri, redaktoru, tərcüməçisi, müəllifi olduğum onlarca kitab onun əlindən gəlib keçib, hər dəfə peşəkar mətbəəçi işini vicdanla, fədakarlıqla görüb və şəxsən mən müddət ərzində onun dilindən hər hansı bir şikayət eşitməmişəm. Şeirləri onun xarakterinin və deməli, həyatının güzgüsüdür. Rüfəti tanımasaydım, onun şeirlərini müəllifini tanımadan oxusaydım və məndən müəllifin portretini çəkməyimi, təsvir etməyimi istəsəydilər, həmin adam yenə də həmin o böyük ehtimalla Rüfətə oxşayardı. Bu isə, bəlkə də, ən vacib keyfiyyətdir. Sözünün adama, müəllifinə oxşaması.
Səlim BABULLAOĞLU
Rüfət VAHİDOV
Qırxıncı payız
Qırxıncı payız da ötüşüb keçdi,
Nə dərdim, nə qəmim bəyan olmadı.
Qırx ildə o qədər az yaşadım ki,
Üzümdən, gözümdən duyan olmadı.
Qırxıncı payız da ötüşüb keçdi,
Demirəm hər günü qəmlə yaşadım.
Sevincli günlər də ötdü ömrümdən,
Amma tez yox oldu, doyan olmadı.
Qırxıncı payız da ötüşüb keçdi,
Üstümə dağ kimi qalandı kədər.
Asıldı üstündən bəyaz buludlar
Amma yağış olub yuyan olmadı.
Qırxıncı payız da ötüşüb keçdi,
Bu tale ömürə həyan olmadı.
Öləndə qədrini bilərlər ancaq,
Rüfət, sağlığında sayan olmadı.
Bu qədər dərd yükü
mənəmi qalıb?
Bu qədər dərd yükü mənəmi qalıb?
Daha şəllənməkdən yox taqətim də.
Dağ da dilə gələr yerimə olsa,
Dürüst yaşamaqtək var adətim də.
Can deməklə candan can əskik olmaz,
Amma can dediyin canını alır.
Elə bil ömürlük borclusan ona,
Bir dəfə yox denən, qanını alır.
Elə düz deyirlər, dəli olasan,
Yığışıb dərdini ellər çəkələr.
Məndə ki bu bəxt var, nə zaman ölsəm,
Məzarım üstünə dərd-qəm əkərlər.
Deyəsən, sənin də
dərdin ağırdır
Deyəsən, sənin də dərdin ağırdır,
Gəl söylə, mən olum dərdinə şərik.
Görürəm qəlbini yaman ağrıdır,
Söyləsək, bəlkə də, yüngülləşərik.
Onsuz da yüz qəpik bir manat edir,
Nə artıq, nə əskik olmur ki, olmaz.
Nə qədər götür-qoy eləsən də bil,
Özün yorularsan, dərdin yorulmaz.
Çöhrən də solubdur yuxusuzluqdan,
Ver dərdi mən çəkim, sən də bir az yat.
Gör nələr çəkmisən qayğısızlıqdan,
Özünlə öncəki çöhrəni oyat.
Günəştək otağa yenə işıq saç,
Qoy qalsın dərdlərin yuxularında.
Məni bihuş etsin gözəlliyin də,
Yenə əvvəlkitək qoxularında.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!