Mingəçevirli yazarların söz töhfələri - İsmayıl İmanzadənin təqdimatında

 

Son iyirmi iki ilə yaxın zaman kəsimi ərzində müstəqil ölkəmizin "ədəbi xəritəsində" özünəməxsus "siması" ilə tanınan Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsi ədəbi proseslərə fəal şəkildə qoşulmaq istəyini həyata keçirmək baxımından uğurlu addımları ilə yadda qalıb. Ölkə rəhbərinin sərəncamlarına əsasən klassik şair və yazıçılarımızın yubiley tədbirləri, poeziya gecələri, yerli yazarların nəşr olunan kitablarına həsr olunmuş təqdimat mərasimləri bölmənin önəmli fəaliyyətindən soraq verməkdədir.

Ötüb-keçən illər ərzində yazarlarımızın əsərlərindən ibarət "Aranın söz sovqatı" (2014), "Uzaqdan gələn səs" (2016), "Bir ocağın şöləsiyik" (2018) adlı almanaxlar işıq üzü görmüş, bölmənin ədəbi orqanı qismində nəşr edilən "Bənövşə" (əzəlki adı "Mingəçevir leysanı" jurnalında və ölkə mətbuatında onların şeir və hekayələrinin dərc edilməsinə böyük önəm verilmişdir. Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı ərəfəsində rəhbərlik etdiyim bölmənin xəttilə nəşrə hazırlanan yeni almanax da bu baxımdan təqdirəlayiq hesab edilə bilər.

Bir əsrə yaxın müddət ərzində şəxsən mənim özümün də ədəbi yaradıcılığımı dəfələrlə əks etdirən "Ədəbiyyat qəzeti"inə bu dəfə mingəçevirli yazarların əsərlərindən nümunələr təqdim etməyim, ilk növbədə bir əsrə yaxın tarixi olan bu qəzetə, onun baş redaktoru Azər Turana, onunla birlikdə çalışan yaradıcı dostlarıma yönəlik güvəncimdən qaynaqlanır. Elə bu ümid və ərkyanalıqla da bölmədə təmsil olunan yazarlarımızın bir qisminin söz töhfələrini "Ədəbiyyat qəzeti"nə təqdim edirəm...

 

İsmayıl Mərcanlı İmanzadə

Azərbaycan Yazıçılar Birliyi

Mingəçevir bölməsinin sədri

 

 

Elşən ƏZİM

 

Ayaq səsləri

 

Köksümdə köhlənmi qaçır?

Ötür çaparaq səsləri.

Ürəyimin çırpımında,

Ölümün ayaq səsləri.

 

"Yıx bu ömrü devir" deyir,

"Altın üstə çevir" deyir,

Küləklərin çevirdiyi -

Yazılmış varaq səsləri.

 

Vaxta qəfil süngü dəyir,

Gözə toran rəngi dəyir.

Qulağımda cingildəyir,

Qazılan torpaq səsləri.

 

Gözümü uyutmur daha,

Hirsimi soyutmur daha.

Dərdimi ovutmur daha,

Nə su, nə yarpaq səsləri.

 

Əsək hüzur yelləriylə,

Dinək sükut dilləriylə,

Üstümüzdən əlləriylə -

Toz kimi çırpaq səsləri.

 

 

Məhyəddin MƏHƏRRƏMOĞLU

 

Haqqa sığın

 

Çox düşünmə bu dünyanı,

Qaçan hanı, qovan hanı?

Ömür ki var əmanətdi,

Bir gün çatar öz zamanı.

 

Altı zalım, sərtdi torpaq,

Üstü qəmdi-dərddi torpaq.

Qoynunda hər kəsə yer var,

Yaranandan mərddi torpaq.

 

Haqqa sığın haqqı tanı,

Hesablanıb ömrün sonu.

Elə yaşa rəhmət qazan,

Tərk edəndə bu dünyanı.

 

 

İsmayıl YUSİFLİ

 

Ömrün yolu

 

Ömür qatar, biz qatarda sərnişin,

Möhlət qısa, mənzil uzaq, yol çətin.

Bələdçimiz alnımızın yazısı,

Hara gedək, sağ nagüman, sol çətin.

 

Biz düşmüşük axarına zamanın,

Yol gedirik arxasınca gümanın.

Yolçu qardaş, qorxma varsa, imanın,

Yoxsa əgər, saçlarını yol, çətin.

 

Çiçək kimi açdın həyat bağında,

Nə yetirdin əməlinin tağında?

Gecikmisən, ömrün qürub çağında,

Qətrə-qətrə ürəklərə dol, çətin.

 

O, imzandı, qoymusanmı izini,

Demisənmi əməlinlə sözünü?

Vədə tamam, yum əbədi gözünü,

Ay İsmayıl, bir də doğul, ol, çətin.

 

 

Rafiq ƏLƏKBƏR

 

O qızın gözləri yol çəkir hələ

 

Belə tənhalığa yovuşa bilmir,

İçindəki qəmdən sovuşa bilmir.

O qız sevdiyinə qovuşa bilmir

O qızın gözləri yol çəkir hələ.

 

Hələ boynu bükük gülə bənzəyir,

Sözünün üstündə durub gözləyir.

Ürək üsyan edir, ağıl "döz" deyir,

O qızın gözləri yol çəkir hələ.

 

Sevənlər son məktub yazıb gedirlər,

Bəxtdən gileylənib, susub gedirlər.

Qapıdan elçilər küsüb gedirlər,

O qızın gözləri yol çəkir hələ.

 

Eşqin atəşində yanıb bişəcək,

Üç il belə getdi, gözlər beşəcən,

Bəxti göy zənbillə göydən düşəcək,

O qızın göləri yol çəkir hələ.

 

 

Eyyub RƏŞİDOV

(Cabbaroğlu)

 

Yaşadım izim qalsın

 

Hər bir dərdə sinə gərdim,

Yerə-göyə sığmaz dərdim.

Halallığa könül verdim,

Yaşadım ki, izim qalsın.

 

Qırılıbdır qol-qanadım,

El-obada yoxdur adım.

Ömrüm boyu çapaladım,

Yaşadım ki, izim qalsın.

 

Sizdən kənar olsun qada,

Yetəmmədim mən murada.

Beş günlük fani dünyada

Yaşadım ki, izim qalsın.

 

Gənc ömrümü çölə sərdim,

Dedim qoy dağılsın dərdim.

Hər əzaba sinə gərdim,

Yaşadım ki, izim qalsın.

 

Əridikcə gilə-gilə,

Çevrildim bir ovuc külə.

Ürəyimi tutub dilə,

Yaşadım ki, izim qalsın.

 

 

Namiq ZAMAN

 

Adsız şeir

 

Günbəgün dəyişir

dünyanın mənzərəsi.

Azalır get-gedə

Yer üzündə

insan görkəmi,

insan nəfəsi...

İnsanlıq qeybə çəkilir,

ömrü bitir insanların.

Geyimi,

hərəkəti,

xasiyyəti,

üzünün,

gözünün, ifadəsi

dəyişir, itir, insanların.

Hara baxırsan, -

beyni yeyilmiş,

düşüncəsi çalınmış,

məqsədsiz,

məzmunsuz

soyuq adamlar...

Dünyamızı dağıdıb,

xaraba qoyacaq,

bu şəkil adamlar,

"oyuq" adamlar!..

 

 

Bəhman GÜLÖVŞƏLİ

 

Gəl

 

Nə vaxtdır gözlərim yollarda qalıb,

Qəm-qüssə qəlbimi ta əldən salıb.

Başımın üstünü duman-çən alıb,

Bir gün həsrətindən solasıyam, gəl!

 

Səni axşam-səhər axtarır gözüm,

Sinəmdə sızlayan dərd düzüm-düzüm.

İndi nə gecəm var, nə də gündüzüm,

Əl atıb saçımı yolasıyam, gəl!

 

Bağçamda bir ağac bitirməmisən,

Dar gündə özünü yetirməmisən.

Nəvəmi görüşə gətirməmisən,

Buludtək boşalıb dolasıyam, gəl!

 

Övlad dönüklüyü yamanmış, yaman

Dizimdə taqət yox, üzülübdü can.

Hələ ölüm mənə versə də aman,

Sənsiz gözü yaşlı qalasıyam, gəl!

 

Məndən başqa hər kəs gecələr yatır,

Xəbərim yox, günəş çıxır, ya batır…

Bilsəm dərd əlimdən yapışıb dartır,

Əcəl sorağında olasıyam, gəl!

 

 

Məmməd MƏRZİLİ

 

Halallıq

 

Saflıq hər insanın qanında gərək,

Nəslində, kökündə, canında gərək.

Əzəlində gərək, sonunda gərək,

Halallıq alınan-satılan deyil.

 

Bəlası çox olur dövlətin-varın,

Qiyməti bahadır namusun, arın.

Sayı az olsa da düz adamların,

Yaxşılar pislərə qatılan deyil.

 

Mərhəmət diləyir sağ da, xəstə də

Bir gizli haray var zildə, pəsdə də.

Zalımlar hardasa son nəfəsdə də

Tanrı qəzəbindən qurtulan deyil.

 

 

Ayşən RƏHİM

 

Gözəlmiş tənhalığım

 

Keçmişin rəflərində itib-batmış xatirələr

Unutmaq zəncirini qırıb

Yapışır darıxmağın yaxasından...

Və vəhşi vüsalın əlləri

ayrılığın ayaqlarını qapır...

Tale xətləri ovucumun qırışlarına hopur

Və qopur ömrümün əqrəbləri saatdan

Əskilir təqvimlər.

Dəhlizin divarlarında son ümid rəqsilə

Tənhalaşır kölgələr.

İndi bu qurumuş cümlələr

Vergüllərə dönən nöqtələrlə

Epiloqda bitəcək

Sonuncu səhifədə son sətrinlə...

Neçə güzgüdə ayaqlarını sındırıb

            arxanca qaçdı baxışlar.

Neçə ip utandı

zaman asarkən

Arzuları boğazından...

Kitabarası qurudulan kəpənəklərin

            ölü gözəlliyi kimi

Gözəldir təkliyim.

Ehtişam,

İki şam,

Dörd divar,

Boş otaq fəlsəfəsi

və köhnə qrammofonda retro...

Təbəssüm gizlənən dolu qədəh

və Freda kahlo:

"İçimdə qırx qadın

Qırxı da özgə

Qırxı da digəri".

 

 

Əhməd SÜLEYMANOV

 

Nankor qaşıq

 

Qaşıq dedi, çömçənin

Mən görürəm işini.

Qoysalar bişirərəm

Bir toyun bişmişini.

Dedilər ki, nahaq yerə

Gəl salma haray-həşir.

Yaxına gəl, xörəyi

Bu dəfə özün bişir.

Qaşıq qazana gircək

Bircə andaca batdı.

Onu qabın dibindən

Çömçə tapıb çıxartdı.

 

 

Seymur SÖNMƏZ

 

Bilmədim

 

Bu bəlalı sevgi mənim göz dağım,

Görən bir də nur saçarmı çırağım?

Ağlar qaldım, pozulanda növrağım,

Həsrətə-nisgilə dözə bilmədim.

 

Zalım həyat yaman durdu qəsdimə,

Qəm leşkəri ayaq açdı üstümə.

Gah sızladım, gah boğuldum tüstümə,

Gəldimmi hardasa gözə - bilmədim?!

 

Həyatda sevinc də, qəm də bir dadım,

Niyə erkən söndü işığım-odum?

Heç demə, sevgiymiş qolum-qanadım,

Mən onsuz heç yanda gəzə bilmədim.

 

 

 

Gülnarə ACALOVA

 

Ömürdən bir an...

(Esse)   

Deyirlər, insan həyatı anlardan ibarətdi. Geriyə qayıtmayan anlardan. Bu anlar olmasa, həyatın mənası olardımı heç? Zaman keçdikcə xatirəyə dönən anları yada saldıqda onların gerçəkmi, fantaziyamı, yoxsa yaddaşımızdan silinməyən şirin yuxumu olduğunu düşünür və bəzən də buna inanırıq. Bəlkə insan həyatının hansısa nağıla bənzər bir bölümünü özü-özünə qısqandığından doğur bu yanıltmaclar? Bəs, yeri göyə yaxınlaşdıran bir duyğunu yaşayan zaman onun bir də təkrarlanmayacağını düşünmək günah olmazmı? Belədirsə mən niyə bu qədər günaha batıram? Hec bəxtəvərlikdən kövrələn, gözlərinin yaşında boğulan görmüsünüzmü? Görən özünə qəsd edən insan olurmu ki, balı zəhərsiz yeyə bilməsin? Bəli, o gün indi yazdıqlarımı yaşayırdım gölün kənarında.

Üzük qaşı kimi meşənin ortasında yerləşən gölün qonağı olmuşdum. İllər öncəsi məktəbli olanda da ailəlikcə gəlmişdik bura. Onda gövdəsinə sökəndiyim bu ağacın kölgəsi məni özümdən gizlədə bilməzdi. Bir də ki, onda özüm-özümdən küsməmişdim hələ...

Qəribə hisslər yasayırdım. Sevinc, həyəcan, rahatlıq qarışıq narahatlıq. Elə bil icimdən gələn, ancaq özüm eşidə bildiyim bir səs mənə: "Son görüşündü göllə, gözlərin doyunca bax, əksini içinə at, xatirələrində yaşat" - deyirdi.

Bədənimdən üşütmə keçdi, dərindən köks ötürdüm. Ağlağan körpələr kimi nəfəsim də köksümdən qırıla-qırıla gəldi.

- Gəl gör burda kim var?

Aslanın səsi məni elə bil yuxudan oyatdı. O, az qala gölə girəcəkmiş kimi əyilib elə böyük məhəbbətlə nəyəsə baxırdı ki, məni da maraq tutdu. Gölə yaxınlaşanda iki qurbağanın üz-üzə durub bir-birinə baxdıqlarını gördüm. Heç yerlərindən tərpənmirdilər. Elə bil donmuşdular. Biz də bir-birimizə baxdıq və bərkdən güldük. Nəyə güldüyümün səbəbini heç özüm də bilmirdim. Bəlkə qurbağaları özümüzə bəzətdiyim üçün, bilmirəm...

- Gedək, bir qismət yemək yeyək, - deyib Aslan əlimdən tutdu.

Qaça-qaça gölün üstündəki kababxanaya doğru yönəldik. Qaçırdıqmı onda, ya uçurduqmu, bilmirəm? Ancaq elə bil uşaq idik, illərin sığalı nə ağarmış saçlarımıza, nə də dibinə kədər çökmüş gözlərimizə çəkilməmişdi. Diqqətimi gənc gürcü qızı çəkdi, gözlərindən həyat eşqi yağırdı bu gözəlin. Doğru deyirlər ki, cavanlıq gözəllikdi... Bir azdan o gözəl bizim oturduğumuz masaya yaxınlaşıb gürcü dilində nə sifariş etmək istədiyimizi soruşdu. Öz dilindən başqa, başqa dildə danışa bilmədiyini anlatdı. Onun dilində danışdığımı görüb sevindi. Sifarişimizi qəbul edib gah mənə, gah Aslana baxıb gülümsədi.

- Bizim mahnılar xoşunuza gəlirmi? - deyib əda ilə boynunu əydi. Mən onun dediklərini Aslana tərcümə etdim. Aslan öz dilimizdə qıza: "Musiqinin dili, milləti olmur, gözəl!" - desə də, qız elə bil tərcüməsiz anlamış kimi razılıq əlaməti olaraq başını oynatdı.

Aslan mənə baxıb gülümsəyirdi, mən də ona baxırdım, amma həmin an elə bil qəhər boğazıma kəndir salıb boğacaqdı məni. Bu məqamda bir melodiya səsləndi, ən çox sevdiyim gürcü mahnısı, "Ramdeni malodine" (Nə zamandı səni gözləyirdim). Musiqinin məni tutduğunu görüb Aslan işarə ilə bildirdi ki, səsini qaldır. Mahnının səsinə sanki meşədəki quşlar da səs verir, ağacların yarpaqları da bu musiqinin ritmində tərpənirdi. Qeyri-ixtiyari yerimdən qalxıb Aslana yaxınlaşdım, o da durdu, qollarımı boynuna dolayıb onun gülümsər baxışlı gözlərinə baxaraq astadan oxumağa başladım...

Rəqs etsək də, elə bil yerimizdən tərpənmirdik, torpaq idi ayaqlarımızın altında tərpənən, elə bil meşə idi başımıza fırlanan, elə bil gölün şəffaf suyu idi əksi gözlərimizə çökən. Baxışlarımız bir-birinə ilişib qalmışdı, səslənən musiqinin hər sözü sanki bu lal baxışlarımızdan oxunurdu. İlahi, necə də xoşbəxt idim o an, xoşbəxt olduğum qədər də bədbəxt!..

Mahnı bitdi. Biz bayaq göldə bir-birinə baxan qurbağalar kimi donub qalmışdıq. Mənim qollarım onun boynunda, onun baxışları isə mənim baxışlarımda...

 

 

Zümrüd RƏHİMOVA

Payız

(Mənsur şeir)

Payız gəlib... Özünün yarpaq tökümü ilə naxış salıb yollara... Narın yağış öz həzin nəğməsi ilə layla çalır bizə... Hərdən də küləyi sığal çəkir saçımıza, xoş bir təbəssüm yayır üzümüzə... Dodaqlarımız nəğmə oxumaq istəyir. Səmalarda köç eləyən quşların qatarı məyus edir bizi. Yarpaqların xışıltısı xoş ahəng yayır ətrafa... Payız gəlib arzuları, istəkləri gerçək etmək üçün. Duvaq altından boylanan gəlinlərin təbəssümü payıza "xoş gəldin" deyir. Sevindirir, düşündürür payız. Sonra da qapını, pəncərəni döyəcləyib qışın gəlişini xəbərləyir.

Gedəcək payız, qış gələcək, yaz gələcək, yay gələcək!!! Sonra yenə dönəcək payız... Ömrümüzün payız fəslinin gəlişi var, gedişi var, amma dönüşü yoxdur! Kaş ömrümüz də fəsillər kimi dəyişə biləydi... Mən payızı çox sevirəm. Gəlişini gözləyirəm, gedişini istəmirəm!..


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!