Şeirlər - Əli ƏLİBƏYLİ

 

Həsrətəm

 

Ürəyimdə həsrətim var, qəmim var,

Araz üstə yelkən açmış gəmim var.

O sahildə qardaşım var, əmim var,

Neçə vaxtdır üzlərinə həsrətəm...

 

O sahildən bir qız mənə baxıbdır,

Gözlərindən qəlbimə nur axıbdır,

Od-alovsuz yandırıbdır, yaxıbdır,

Oda salan gözlərinə həsrətəm...

 

Vətən dərdi dərdimizin əzəli,

"Heydər baba" gözəllərin gözəli,

Bir dastandır hər şeiri, hər qəzəli,

Şəhriyarın sözlərinə həsrətəm...

 

 Təbrizimə heç bir şəhər tay olmaz,

Arazımtək yer üzündə çay olmaz,

Torpağımdan bir ovuc da pay olmaz,

Dağlarına, düzlərinə həsrətəm...

 

Ana yurdum, dinlə, sənə sözüm var,

Səbirlisən səndə hədsiz dözüm var...

Bir atəşsən, alovun var, közün var

Kül altında közlərinə həsrətəm...

 

Ana dilim dərə keçir, dağ aşır

Nəğmələri bir-birinə yaraşır,

Şəhriyarın Bəxtiyarla yanaşı

Bu torpaqda izlərinə həsrətəm...

 

 

De ki

 

De ki, sevmirəm onu,

Yalan danış adımdan...

De ki, çoxdandır səni

Çıxarıbdır yadından,

Yalan danış adımdan...

De ki, rahatdır indi

Daha heç səni anmır,

Unudub artıq səni

Daha alışıb-yanmır...

Sevgi gözləmə daha

O vəfasız adamdan,

Yalan danış adımdan...

De ki, dərd çəkmir daha

Unudub olanları,

Ümidi Allahadır

Faş olub yalanları...

De ki, çox bəxtəvərdir

Feyz alır bu dünyanın

Ləzzətindən, dadından

Yalan danış adımdan...

Amma söyləmə ona

Gördüyün bu halımı...

Dərdimi, məlalımı

Pəjmürdə əhvalımı...

 

Adsız şeir

 

İçərdik eşqin badəsin

Gecədən sabaha kimi...

Əzəl gündən yol gəlirik

Savabdan günaha kimi.

 

Tufanı var, yağışı var,

Enişi var, yoxuşu var,

Təbiətin naxışı var

Yarpaqdan budağa kimi...

 

Kədəri bol-bol çəkirəm

Ölümümə qol çəkirəm.

Mühəndistək yol çəkirəm

Dodaqdan dodağa kimi...

 

 

Sevənlər görüşəndə

 

Dünya nura bürünər,

Hər yan gözəl görünər,

Hicran yerdə sürünər

Sevənlər görüşəndə...

 

Ürək yanar, alışar

Qəm sevinclə barışar,

Təkcə gözlər danışar

Sevənlər görüşəndə...

 

Vüsal sevinc gətirər

Daşlar çiçək bitirər,

Qocalar köks ötürər

Sevənlər görüşəndə...

 

 

***

Qışın şaxtasında üşüyən çiçək,

Gəl səni balamtək bağrıma basım...

Kim səni qoxlamış, sonra da atmış,

Danış, dərdlərinə mən qulaq asım...

 

 

***

Sənin qədəmlərin dəyən torpağı

Öpüb qoyacağam gözüm üstünə.

Yorulub kədərli düşüncələrdən

Başımı qoyacam dizin üstünə...

 

Mənimlə aranı saz eyləmisən

Qışımı döndərib yaz eyləmisən,

Guya ki, nazını az eyləmisən,

Yenə naz qoyursan nazın üstünə.

 

Mənim şeirlərim al-əlvan, rəng-rəng

Söz deyən olmayıb sözüm üstünə,

Mənə dünya boyda bir vərəq verin

Dərdimi-sərimi yazım üstünə...

 

 

***

Bir ana qarğışı tutub yolları

Əriyib yolların torpağı, daşı

Bu yollar aparıb ər oğulları

Bu yollar aparıb əri, qardaşı...

 

Həsrət gözlərini yığıb yollardan

Bu qədər ağlama, Ana, ay Ana,

Yolların xəbəri yox oğullardan

Yolları qarğıma, Ana, ay Ana...

 

Yolların günahı de, varmı görən

Nə deyək cəbhəyə gedən qatara?

Yolların qüdrəti çatarmı görən

Gedən oğulları geri qaytara?

 

Yollarla insanlar gələr, gedər də

Ana var min sevinc dərər yollardan

Oğul şəhid olar müharibədə

Analar günahı görər yollarda...

 

İllər ötüşsə də ana gözləri

Hələ yollardadır, hələ gözləyir,

Duyuram qəlbindən keçən sözləri:

- Məni tək qoymazlar, gələrlər, deyir...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!