Noyabr gündəliyi - Səlim BABULLAOĞLU

Anam üçün

I  (04.XI.2016)

Yazdıqları dilin ölü olduğu  iddia edilən

qədim şairlərin  şeirlərini oxuyuram  tərcümədə:

özündən bacardıqca uzağa qaçmağın

daha bir yolunu  təcrübədən keçirdirəm hər cümlədə;

onların nəğmələri- sevinci və kədəri mənim batıq səsli

yorğun  nitqimdə bu cümə sanki dirilirsə də, 

məni heç kim və heç nə ovuda bilmir indi, kiritmir,

çünki sən yoxsan, ana

və o uşaq bir də baş qoymayacaq dizlərinin pərqusuna.

Demək insan yaşaya-yaşaya belə ölür(y)müş , diri-diri.

 

II  (06.XI.2016)

Yadıma düşür, payızdı, ikimizdik- Göyərçin nənə və mən; balacaydım.

Sevincimi,  qüssəmi böyüklərə qısılmaqla anlatdığım vaxtlardı, sarılmaqla.

Hava qaralırdı, talvarın arasından Ayın gümüşü tiyəsini oğurlayıb

əncirin divardakı  yalın kölgələriylə savaşırdım xəyalımda.

Nənəm söylədi ki, bəri gəl, bir azca başımı dırnaqla.

Şüşəbəndin kəlləsindəki divanda başını qucağıma aldım.

Sürgün görmüş, altı qız və bir oğul böyütmüş, ərini  iki ildi itirmiş,

qayınatasının məzarı  başında yaşmaqlanan, beli vaxtsız bükülmüş

tənha qadın halsız-halsız nimdaş divandan qalxanda

duz basmış dizlərinin yun sarğısına baxan

balaca uşağın- nəvəsinin heyrət qədər böyük olan gözlərinə zilləndi:

-Eh, ay bala, elə bil heç  yaşamadıq, yuxu gördük,- dedi.

 

Bəzən heç nə anlamırsan.

O gecə mən öz-özümə qısıldım.

Yəqin ki, ilk dəfə.

 

İndi mən kiminlə danışıram?!

 

Sən gedəli  beş il oldu artıq, bir neçə gün əskikdi.

Sən gedəli  həyat rəngsizləşdi, ana, günlər tez ötür, tələsikdi.

 

Vəfatının ilk ili demək olar hər gün səni yuxuda gördüm.

İndi də  tez-tez görüşürük və sən hər dəfə nəsə deyirsən:

bir az anlayıram, bir az yox- uşaqlıqda da beləydi.

 

İndi mən həyatda çox vaxt  itirir, yuxularda bəzən qazanıram.

İndi mən həyatın yalnız həyat,

yuxunun  yalnız yuxu olduğuna az inanıram.

 

III (07.XI.2016)

Nənəgildən atamın, sənin yanına

yetmiş doqquzun ortalarında döndüm.

Məktəbə getməliydim, avqustun son günləriydi.

Diqqətimi  ilk çəkən açıq qəhvəyi lövhəcik oldu.

Qapıda,  poçt qutusunun üstündəydi.

- Bura nə yazılıb? - deyə soruşdum.

- Sən...bu yazı həm də sənsən... - dedin.

Razı-razı sevindim və heyrətləndim:

"Bu necə olur, demək mən təkcə oğlan yox,

həm də bir  yazıymışam".

 

Evimizdə ilk sabahı gözümü açanda gördüm ki, yoxsan.

Qardaşım və bacım öyrəncəliydilər,

sakitcə: -  Ata və ana işdədir-  dedilər.

 

Xalatını qucaqlayıb bir küncə çəkildim,

onu qoxlayaraq üç-dörd saat dayanmadan ağladım.

Sonra da elə o küncdəcə sən gəlincə mürgülədim.

Toxunuşuna ayıldım, sığalına, öpdün və dedin ki,

böyüyüncə adamlar işə gedirlər hər gün, gülümsədin.

 

Son gedişindən sonra ağır günlər yaşadım.

Həftələrlə öz-özümə qısılıb yaylığını qoxladım.

- Daha vacib işlər var, adamlar  böyüyüncə

gedir və bir daha geriyə dönmürlər... -

sən bunu o vaxt demədin.

Deyə bilməzdin.

 

IV (08.XI.2016)

İnşa yazanda ən çətini  ilk həmlə, birinci cümlədir, demişdin.

Bəs ilk cümləni, sözü yazanda çətin olan nədir? 

Sən yoxsan və mən ilk hərfi yoxa çıxmış

bir əlifbayla bambaşqa bir cümlənin,

 sözün  lap başındaca karıxmış,

qələmi ağ vərəqə söykəyib qalmışam;

 əslində vacib olan nəsə yazmamışam.

Sən yoxsan  deyə daha  heç kim

əlimdən tutub məni qələmlə birgə ağ vərəqdə

elə rahat və xoşbəxtcə gəzdirməyəcək.

İlk hərfi, sözü itmiş cümlələr bundan sonra

nə yazsam belə  heç vaxt əvvəlkitək bitməyəcək,

bütünləşməyəcək.

 

V (09.XI.2016)

Hər dəfə uzun fasilədən sonra yazmaq istəyəndə

heç kimə deməsəm də, böyük çətinliklə qarşılaşıram;

"ana" sözünü yazmağı öyrənən uşaqlar kimi həyəcanlanır və çaşıram.

İndi "ana" kəlməsi mənimçün  yalnız sənin qıvrım, şabalıdı saçların,

bəstə boyun, ala gözlərin, ətrin, ətsiz yumru göz qapaqların,

ağ bənizin, parlaq dərin, şəfqətli  təbəssümün,  şux səsin, yəni şəklin deyil;

indi "ana" kəlməsi bir az yoxluğudur, ana, boşluğudur

bütün bunların və var olan hər bir şeyin - həyatın, ölümün, sözün, dilin.

 

VI  (10.XI.2016)

Bir-iki yeniyetməlik cəhdimi nəzərə almasam

sənə heç vaxt şeir yazmadım, yaza bilmədim

və ölümündən sonra bu məni daha çox ağrıtdı.

 

Ölümündən sonra bəlkə də ovunmaqçün

ana haqqında yazılmış,

nə vaxtsa  oxuduğum çoxlu şeirləri  təkrar xatırladım.

Yenilərini axtardım, oxudum.

Əlçatan əksər kitabları vərəqlədim.

Heç birində sən yoxdun.

Bir vaxtlar yaxşı hesab etdiyim,

sevə-sevə əzbərlədiyim mətnlər

 niyə belə sönük və saxtaydılar:

qafiyələr məni üzdü-

sənin laylanda onlar belə qulaq deşmirdi;

hövlnaklıq- o şey ki, sənin aram nitqinə,

mülayim, mehriban sükutuna yaddı-

məni dəli etdi.

Bircə bəraəti oldu o yazıların,

 mən anladım ki, bəzən şeirlərin tarixçələri,

onları yazdıran səbəblər mətnin özündən vacib olur-

əlbəttə bu pis təsəlliydi.

 

Hə, ana, bir-iki yeniyetməlik cəhdimi nəzərə almasam

sənə heç vaxt şeir yaza bilmədim;

indi yazdıqlarım da təskinlik və etirafdır.

Halbuki yaxşı hesab etdiyim əksər yazılarımı,

and olsun canım əlində olana ki,

məhz sənin dizinin dibində,

özü də çox rahat, ilk həmləyə yazmışam,

sanki sən yenə də mənim əlimdən tutub

onu qələmlə birgə vərəqin üzərində gəzdirmisən.

 

Bilirsən, sən mənim bütün  yaxşı şeirlərimin

həqiqi ünvanı və həmmüəllifisən.

 

Bilirsən, fikirləşirəm ki, ömrümün işıqlı, xeyirli tərəfi varsa

və mən onları artırıb əksiltmədən yaza bilsəydim,

əlbəttə, poetika və üslub məsələlərini

yazı vərdişlərimi unudaraq -

bu isə çox vacibdir, çünki ustalıq və vərdişlər,

başqa sözlə biclik saflığı yalnız təqlid edir-

hə, bax, onda bu elə sənin haqqında şeir ola  bilərdi.

Sənin şeirin.

 

Amma mən  yaza bilmədim.

Çünki bildiyim bütün vacib sözləri sən mənə öyrətmişdin.

Çünki sən bildiyim bütün sözlərdən qiymətliydin.

Çünki sən durduqca o sözlər səni ifadə edə bilməzdi

və sən gedəndən sonra yerini necə doldurmalıydı  o sözlər?

Və nəhayət, çünki sən bizi sevdiyin qədər mən səni sevə bilmədim,

məni bağışla.

 

VII (11.XI.2016)

Deyirlər qrammatika dilin haqqıdır.

Kim bilir, bəlkə bunu söyləyənlər haqlıdır.

Amma əgər yazı qaydalarından uzaq və xəbərsiz alqışın,

dörd misralıq bircə laylan

"İlahi komediya"dan  daha qədim, dərin və diridirsə,

sən dilin  canı, haqqı və ruhusan, ana.

 

VIII (14.XI.2016)

Sən iki dünyanın arasında can çəkişərkən

mən iki qitənin arasındakı şəhərdə, İstanbulda hava limanındaydım.

Vaxt qurğuşun kimi ağırdı, darıxırdım, uçuşa yarım saat qalırdı.

Telefonumda nəvələrinlə söhbətinin görüntüsü vardı,

 xəbərsiz yazmışdım, düyməni basdım ki,  baxım.

Olmadı. Bir də. Yenə olmadı..

Niyə axı?! Saata baxdım.

Təyyarə Bakıya enəndə evə zəng elədim.

-Ana, necədi? -  Bu sual cavab almaqçün deyildi.

Hərçənd, sükut cavab verdi və mən

ilk dəfəydi onu yaxşı anladım.

-Saat 6-da?

 

 Təəccüb dərdi eybəcərləşdirir bəzən.

 

Sən məni dünyaya gətirdin,

Doğum şəhadətnaməsi verdin.

Mən səni məzara qoydum,

Ölüm kağızı aldım sənə.

 

Ölümündən on yeddi gün sonra atamın şəxsiyyət vəsiqəsi itdi.

Yenisini almalı olduq; ağır yeriyirdi deyə dalınca mən getdim.

Azadlıq küçəsi ilə üzüaşağı düşəndə, nədənsə əlimi döş cibimə saldım,

təzə vəsiqəyə bir də baxmaq istədim, arxa üzü çıxdı.

"Ailə vəziyyəti"  sözlərinin altında "subay" yazılmışdı.

"Başqasının vəsiqəsini götürmüşəm..."  Çaşdım.

Geri döndüm və beş-on addım atdım da. Təkrar dayandım.

Bir də baxdım. Hər şey doğru idi.

 

Xeyli sonra iş yoldaşınla rastlaşdım, Sürəyya xalayla.

- Ananız necədir?- soruşdu.

- Vəfat edib... anam iki ildir ki, yoxdur, - sakitcə dedim

və öz  hissiz səsimə diksindim.

 

XI (17.XI.2016)

Yoxluğunu bilirəm. Beş ildir hər gün onunla rastlaşıram.

Amma ölümü(nü) anlamıram.

Anlamadığını qəbul etmək çətindir.

Hərdən qapı döyüləndə mənə elə gəlir ki,

qapını açacam və arxasında səni görəcəm.

 Gözlərin şəfqətli təbəssümlə gülümsəyəcək.

Və mən sənə deyəcəm:  -Xoş gəldin, ana.

 

XII (20.XI.2016)

Mənim ömrüm və yazılarım iki hissəyə bölünüb indi:

sən var olduğun günlər və o günlərdə yazılanlar;

sənin yox olduğun günlər, o günlərdə yazılanlar və susulanlar.

 

XIII (22.XI.2016)

Bilirsən, ana, nə qədər ki, aramızdaydın, biz ailə idik.

İndi olsa-olsa bir-birimizə vərdiş etmiş adamlarıq.

Hətta  küçədə bəzən təsadüfən və yad adamlar kimi rastlaşırıq.

 

XIV (23.XI.2016)

Məzar daşın sakini olduğun aləmin

qapısı kimi görünür mənə.

Sən sanki yenə bizi qoruyursan;

qapının ağzındaca nəvazişlə qarşılayır,

amma içəri buraxmırsan.

 

-Hansı aydı oğlum?

-Noyabrdı, ana.

-Qarrıyır?

-Sulu qardı.

-Üşüyürsən?! 

-Sənsiz, hə...

-Əynini qalın elə. Sən indi çox şeyi bilirsən.

Get, oğlum, yaxşı yol.

 

XV (24.XI. 2016)

Düz beş ildir  demək olar heç nə yazmıram.

Ömrün qırx dördüncü  payızında dünyam

 qırx dördün payızındakı dünya qədər xarabalıqdı.

"Freqat", "Pirat", "Ləman", "Liman",  "Limon"  deyə

mənasız şeir kimi sahilboyu uzanır həmqafiyə  otel və restoranlar;

sanki tək-tək, iki-iki sahilə qaçışan  dalğaları yamsılayırlar.

Ümidsizlik içindəyəm, yaddaşın saralmış xəritəsi əlimdə

uşaqlığın mücrüsünü axtarıram o uzaq, yaxın, yad və tanış yerlərdə.

İriçınqıllı yaş qumsal zolaq, lal qayalıq, bir də atılmış  dəlik-deşik  qayıqdı.

Sahildə cızılmış "ana" kəlməsindən uzaqlaşır  ləpirlər.

Ləpələr yuyur hər şeyi; Günəş yanmış evin arxasından qürub edir.

04-24 noyabr 2016-cı il

1-18 sentyabr 2017-ci il


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!