Tənhalıq rəngləri - Sonet çələngi. Balayar SADİQ

 

I

 

Qəbrimin bir ömür uzaqlığında,

Tale yollarının alnı qırışıb.

Ümid nə vaxtdı ki, gözümə dəymir,

Görünür, hardasa başı qarışıb.

 

Ehtiyac şumlayır bəxt çöllərini,

Dövran da bir ucdan elə dərd əkir.

Varaqlar üzümə ağ olur daha,

Qələm də söz altdan çiynini çəkir.

 

Fələklər diksinir dərdə tabımdan,

Ömrümün-günümün bəxt kitabından,

Arzular cırılmış varaq kimidir.

 

Dəydi harayıma sükut qurşunu,

Qırılıb içimdə dözüm qoşunu,

Ümid qana batmış bayraq kimidir.

 

II

 

Ümid qana batmış bayraq kimidir,

Ürəyim ağrıyan yaralı əsgər.

Geri çəkilməyə yer qalmayıbdı,

Sonuncu misradı sonuncu səngər.

 

Tale göz yaşını sıxır ovcuna,

Halsız harayların köksü dağlanır.

Yuxusu qarışır xatirələrin,

Kədər dənizitək söz dalğalanır.

 

Acı əzabların gözləri gülür,

Dözüm kəlməsinin qəddi bükülür,

Ağrılar çay kimi kükrəyən yerdə.

 

Səbr səbr etməyin daşını atır,

Sükutdan sükutun qulağı batır,

Əcəl şahə qalxıb kişnəyən yerdə.

 

III

 

Əcəl şahə qalxıb kişnəyən yerdə

Ən uca dualar urvatdan düşər,

Əriyib tökülər yaddaş cığırı,

Son nəfəs qırılıb dodaqdan düşər.

 

Torpağın canında tərpənər bu dəm,

Hələ qazılmamış qəbrin ağrısı.

Bir alın yazısı çiliklənəcək,

Nə fərqi - gündüz, ya gecə yarısı?!

 

Öpər göz yaşları doğma üzləri,

Dərd çırpar qəbrinə nəmli sözləri:

"Burda sovxa qalan bu ad kimindir?".

 

Taleyin yolları verib səs-səsə,

Əcəl qılıncını çəkib gəlirsə,

Cəsarət bir paslı yaraq kimidir.

 

IV

 

Cəsarət bir paslı yaraq kimidir,

Ürəkdə ağrının qaçır dodağı.

Üzür qərib-qərib qan yaddaşında,

Bir yarpaq bayatı, bir əlçim ağı.

Ya döşə altına, ya çək üstünə,

Bu misra yorğanın, döşəyin olsun.

Tanrıyçün dinlərin bir fərqi yoxdur,

Təki dərgahına baş əyən olsun.

 

Ömür bir çiçəkdir vaxtın əlində,

Taleyin köç etmiş binələrində,

Qaralmış ocaqdır olub-keçənlər.

 

Gözlər göz yaşına qonubdu orda,

Vaxtın ləpirləri donubdu orda,

Kimin yaddaşıdır o qarlı çöllər.

 

V

 

Kimin yaddaşıdır o qarlı çöllər,

Orda vaxt ağlayır, zaman hönkürür.

Açıb yaxasını ağrı yolları,

Dərd qəhqəhə çəkir, qəm-qüssə gülür.

 

Gəl soyun əynindən bu nimdaş ömrü,

Daha ümid yolu yamaq-yamaqdır.

Orda ki, arzular bələnib qana,

Orda yaşamaq da yaşamamaqdır.

 

Ora qəmin yurdu, dərdin vətəni,

Orda unudubdu Tanrı bəndəni,

Bəxt düşüb ömürdən aralı orda.

 

Arzu yollarına qəm, kədər qonub,

Orda ki, azadlıq edam olunub, -

Tarix sinəsindən yaralı orda.

 

VI

 

Tarix sinəsindən yaralı orda,

Orda azadlığın qanı göllənib.

Dil qıfıl altına düşüb nə vaxtdı,

Söz qara geyinib, səs güllələnib.

 

Götür bu misranı sanc öz yaxana,

Simurq lələyidir, gərəyin olar.

Allahın bayrağı altından keçir,

Özündən-özünə gedən bu yollar.

 

Kimin ağrısını kim xəbər alıb,

Nə qədər yaşamaq həvəsin qalıb,

Ovut içindəki xatirələri.

 

Dözüm göz yaşına baş qoyub yatır,

Ora nə ün yetir, nə də əl çatır,

Azadlıq ömrümün ən qərib yeri.

 

VII

 

Azadlıq ömrümün ən qərib yeri,

Ömrün o üzüdür, astarı deyil.

İlahi, verdiyin bu bəxtdir axı,

Qoca dilənçinin paltarı deyil.

 

Sınır, çiliklənir addım səslərim,

Yollar da canını tutub dişinə.

Maşallah, dərd bizi yaxşı yarıtdı,

Bəxtim, daha qalma, çıx get işinə.

 

Səbrində dəfn elə bu son döyüşü,

Kimin yaddaşından qırılıb, düşüb,

O yol can üstədir, qıvrılır orda.

 

Fələk sulamaqda dərd ağacını,

Sükut yolur orda, yolur saçını,

O kimin qəbridir, qaralır orda.

 

VIII

 

O kimin qəbridir, qaralır orda,

Tənhalıq yaylığın üstünə sərib.

Əl açıb göylərə bir məzar daşı,

Üstündə mamırtək sükut göyərib.

 

Danışma, içimdə dərd ləpələnir,

Diksinir qəlbimin ağrı dağları.

Köksümdə qıvrılır yetim bir haray,

Açılır yaxası ayrılıqların.

 

Ünvansız məktubdu tənhalar, təklər,

Dərdi yelpikləyir acı küləklər,

Can verir ocağım, qaralır közüm.

 

Bu son harayımdı, bu son ünümdü,

Bu gün əcəlimlə görüş günümdü,

Gəl, öpüm gözündən, qaratel sözüm.

 

IX

 

Gəl, öpüm gözündən, qaratel sözüm,

Nəfəsi tükənib son nəfəsimin.

Daha qapısını döymək vaxtıdı,

Səsimin içində qalan səsimin.

 

Üşüyər torpaqda tənha məzarım,

Üstünə nə oğul, nə qız gələcək.

Qərib küləklərin dodaqlarında,

Qəmli misralarım yalqız gələcək.

 

Ölüm qayasına çırp son harayı,

Bir də geri axmaz bu ömür çayı,

Daha nəyə gərək bu səbr, dözüm.

 

Mən bəxt didərgini, tale yorğunu,

Sındır gözlərimdə bu daş yuxunu, -

Yox səndən doğması, yox, canım-gözüm.

 

X

 

Yox səndən doğması, yox, canım-gözüm,

Kimə ismarlayım bu son nəğməni.

Gəl bük xatirəmi qara dəsmala,

Üstündə bir misra ağla sən məni.

 

Çırpıb qanadını uçdu günlərim,

İndi əllərimdə bir lələk qalıb.

Mən çıxıb gedirəm, özünü qoru,

Apara bilmədim, kor fələk qalıb.

 

Bu ömür olmadı, bir sürgün oldu,

Qara gecələr də qaragün oldu,

Axı nə yatdım ki, nə yuxu görüm.

 

Qəflə-qatarını çəkdim bu köçün,

Yaşayammadığım o günlər üçün,

Baş qoyum dizinə bir az hönkürüm.

 

XI

 

Baş qoyum dizinə bir az hönkürüm,

Analı günlərim ovutsun məni.

Bir ovuc laylanın qonağı olum,

Sonra lap Tanrı da unutsun məni.

 

Payız qoxusuna bələnib ömür,

Canımın yaşamaq iştahı küsüb.

Xatirə dərzləri tayalanıbdı,

Ağılar dil açıb, nəğmələr susub.

 

Çıxsın köynəyindən saz yavaş-yavaş,

Bu gün dərdlərimin toyudu, qardaş.

Niyə barmaqların üşüyür, ozan?

 

Mənim ocağımı əcəl qalayıb.

Alnıma yazmağa bir şey qalmayıb,

Çırpır qələmini yerə bəxt yazan.

 

XII

 

Çırpır qələmini yerə bəxt yazan,

Qaçırdıb bir ömrün qafiyəsini.

İkicə dərs aldım qoca dünyadan;

Yaşamaq dərsini, ölüm dərsini.

Qan-tər içindədi keçdiyim bu yol,

Mən yolu keçmədim, yol məni keçdi.

Ürəyim susuzdu səhralar kimi,

Gözüm, göz yaşımı sən niyə içdin.

 

Süzmüşəm ruhuma son həyəcanı,

Dərdimin toyundan gəlirəm, canım,

Soruşma sən belə harda "vurmusan".

 

Yalandı, demə ki, üzünü gördü,

Mənim ki, bəxtimin gözləri kordu,

Gözümün önündə niyə durmusan?

 

XIII

 

Gözümün önündə niyə durmusan,

Gözlərim açıqdı, gəl, keç içəri.

Dayan, ayağından çırpsana, zalım,

Hara aparırsan bu küçələri.

 

Baxdıqca hey sənə gözlərim azır,

Qərib bir küçəsən bu əyin-başla.

Mənim incitdiyim sözlər qoy qalıb

Mənim incitdiyim sözü bağışla.

 

Bağışla vaxtımın vaxtsız qonağı,

Gözümdü ömrümün görüş otağı,

Üstünə tökülən yaşı sil görüm.

 

Haqqı yox incitsin daha kimsəni,

Qorxma, tənhalığı üşütməz səni,

Bir az taleyimə yaxın gəl görüm.

 

XIV

 

Bir az taleyimə yaxın gəl görüm,

Qoy həsrət yolları üşüsün bir az.

Oxşa saçlarını xatirələrin,

Səsimə, sözümə gün düşsün bir az.

 

Duz səp yarasına bu ömür-günün,

Bəxtin tamı-dadı çoxdan qaçıbdı.

Gör necə başını itirib dərdim,

Sənə dilənçitək ovcun açıbdı.

 

Kövrək xatirələr durub sıraya,

Səni and verirəm bu son misraya,

Enmə arzuların ucalığından.

 

Əlvida, son misra, sonuncu beyt.

Tənha yelkən kimi ağarır ümid,

Qəbrimin bir ömür uzaqlığında.

 

XV

 

Qəbrimin bir ömür uzaqlığında,

Ümid qana batmış bayraq kimidir.

Əcəl şahə qalxıb kişnəyən yerdə,

Cəsarət bir paslı yaraq kimidir.

 

Kimin yaddaşıdır o qarlı çöllər,

Tarix sinəsindən yaralı orda.

Azadlıq ömrümün ən qərib yeri, -

O kimin qəbridir qaralır orda.

 

Gəl öpüm gözündən, qaratel sözüm,

Yox səndən doğması, yox, canım-gözüm,

Baş qoyum dizinə bir az hönkürüm.

 

Çırpır qələmini yerə bəxt yazan,

Gözümün önündə niyə durmusan,

Bir az taleyimə yaxın gəl görüm.

 

1998


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!