“Mən heç nədən yıxılmazdım, sənin sözündən yıxıldım...” - KƏRAMƏT

 

Könlümü

 

Fani əylənib gedər,

Kimsə unutmaz könlümü.

Buz dağında basdırıb gəl,

Heç yer soyutmaz könlümü.

 

Yer-göy qat-qat, lay-laydı,

düşüb səndə qalaydım.

Ağı da bir layladı,

o da uyutmaz könlümü.

 

Hər tərəfdən dışlanıb,

gör bir necə daşlaşıb.

Yurd-yuvası boş qalıb,

qaytar, qayıtmaz könlümü.

 

 

Gözlənti

 

Bir ömür gecikəcəksən,

- gözləmə, - dedi -

"Gözləmə salonu"nda

süpürgəsi də qocalan süpürgəçi qarı

Həyat kimi qucaqlamışdı süpürgəsini.

Adamların izlərini, tozlarını

süpürməkdən usanan süpürgəçi

koğuşa bənzəyən

dişsiz ağzıyla güldü mənə.

- Sənin gözlədiyin gəlməyəcək, - pıçıldadı, -

özün də bilirsən...

və süpürgəsiylə qolboyun

yoxluqda gözdən itdi...

 

 

***

Oğlu qayıtdı

Qarabağ döyüşündən.

Rəssam atası pıçıldadı: "Gəldinmi?"

Ayrılmadı fırçasından, kətandan

sonra qucaqlaşanda

gördü əsgər oğul

Atası göz yaşı şəkli çəkir

...Canlı şahidəm.

 

 

***

Səni sevirəm -

demədim, deyəmədim

ən məhrəm məqamlarda belə...

İsrarla, - "səni sevirəm" de, - dedin.

Deyəmədim, cəlladım,

bəlkə yüzündən eşitdin

yüzünə də pıçıldamısan.

mən pis adamam, bilirəm

...gözümün qabağında

o qədər sevgimi

qətl etdilər ki,

kimsəyə

- Səni sevirəm, - deməkdən qorxdum.

 

Terrorist

 

Əlbət, mən terroristəm,

keçmişini-gələcəyini,

xatirələrini partladan, külə çevirən biri.

Mənə yaxın gəlmə,

mənimlə ölmə.

Allergiya verir adamlar belə

qayalara çırpır özünü delfinlər,

Yer kürəsi intihar fəsli yaşayır.

Kimsəyə ziyan verməm

özüm özümü,

sözüm sözümü

sevgim sevgimi partladacaq,

Nə olar, mənə yaxın gəlmə.

 

 

Hardasan, harda

 

Dəniz qoxulum mənim,

Yosun yuxulum mənim,

yarı balıq, yarıadam

əvvəlim, axırım mənim.

Mənim sözümdə

"bəlkə" yox,

Yer kürəsi ölkədi.

Burda başqa ölkə yox,

Tufan qopar orda

bir qaranquş yuvası dağılsa burda

Ömrüm Diogen çırağı

- Hardasan, harda?

 

 

***

Hər kəs bir cürə xoşbəxt

Bədbəxtliyilə

Xoşbəxt olan

adamlar kimisən

Nadanlığıyla məmnun.

Bir fikir sıçrayır beynimdən

özünü havaya tullayan balıqlar kimi:

"Bəlkə səadət deyilən elə budur"

sönüb vulkan etirazım

sənə baxınca

yazığım gəlir Cazibə qüvvəsinə

Ayda su gəzən NASA-ya-zada,

yazığım gəlir Prometeyə,

Sizif səadətinə,

bircə qırıq da özümə.

Oxuduğum kitabın tən ortasından

elə kor-peşman ayrılır ki, çeçələ barmağım...

külək eyni vərəqi

o tərəfə-bu tərəfə çevirir usanmadan.

Hələ də yaşayırıq

həyatdan utanmadan...

 

 

Yıxıldım

 

Özüm özümdən,

sözümün şah budağından yıxıldım.

Mən heç nədən yıxılmazdım

sənin sözündən yıxıldım.

İməkləyə-iməkləyə

itimin əlindən tutdum

və... əlbəttə, qalxdım,

özüm özümü vurdum yerə,

özüm özümdən yıxıldım.

 

***

Yadırğadıq ürəkdən gülməyi,

uşaq şəkilləri

divardan güldü bizə, ancaq

Sonra da divardan,

albomdan saralıb düşən şəklimizi

rüzgar aparıb asdı

yas mağarında mollanın başı üstünə.

Ordan da... alıb apardı

yapışdırdı başdaşlarına.

Qəzetdən-jurnaldan

internetdən də saralıb düşdü şəklimiz,

Yeni şəkillər, xoş gəldiniz...

 

 

***

Bağışla, İzmirə gələ bilmədim,

Göy-gölə getdim.

Xatirə sərxoşu oldum,

sonra heç özümə gələ bilmədim.

Gül, gülə bildiyin qədər,

gülməli halıma.

Bəlkə İstisuya getdim, Masallıya

Vaxtın olsa, gələrsən

bu günlər həyat zənci saçı -

qarışıq, hava udunca hamı sərxoş

ömür keçdi,

Doyunca ağlaya-gülə bilmədim,

Bağışla, İzmirə gələ bilmədim.

 

 

***

Yollar ayağına düşüb gələcək,

İllər yalvaracaq... "nə olar... qayıt".

Sən də o illərə gülümsəyərsən,

Sən də o yollara naz eləyərsən.

 

Bir qoca dayanar yolun başında,

Bir heca dayanar dilin ucunda.

Məktəbli donunda, sünbül saçında

"Sev"i göyərçindi, "Gi"si çiçəkdi.

 

Sevda 40 qapıdı, açarı məndə,

bütün həsrətlərin naçarı mənəm.

Burax məni gedim, başına dönüm,

Kişi mərd-igiddi, qadın göyçəkdi.

 

 

***

Hör saçını

məktəbli paltarını gey,

dayan daş saatın altında

ağappaq saçlarınla

gözlə,

qəbrimdən-səbrimdən çıxıb gələcəm.

Fidan-fidan sevdalar böyüyər könlümüzdə

Mən eşq marafonçusuyam,

heç olmasa, bir az

anlaya bildinmi,

məktəbli, saçı sünbül qız,

həmişə məni gözləyənim,

bütün Eşqlər məndədi.

gözlə, gözlə, gözlə məni

Ürəyinin bakirə yerində...

 

 

Filmin sonu

 

Bir azdan, bir azdan film başlayacaq,

Başını ehmalca çiynimə qoyacaqsan.

Bütün zalımlar yerinə məni söyəcəksən

göyərçin əllərinlə

sinəmin paslı qapısını

aramsız döyəcəksən.

Dünyadakı bütün günahlara bais mənəm, əlbəttə

Bir kəpənək ölümünə

Yaponiyada intihara belə.

Göz yaşımız çiçəkləsin gözümüzdə

Ömürdə bir dəfə

çıxaq özümüzdən.

O gün Gəncə çayının üstündəki körpüdən

atdım özümü -

Hadinin öldüyü körpünün altına,

kimsə bilmədi,

bütün günahlar məndə,

savablar səndədi.

Filmin sonudu

gedək... gedək.

 

 

Gəlin paltarlı söz

 

Ordan mavidonlu bir qız gələcək

ayağıyalın, başıaçıq bir söz gələcək.

Saçı zənci saçları,

əlində solmuş çiçək

keçəl bir kişi dayanıb

Gəncədə...

saat heykəli altında

Bir qadın gələcək,

saçları çiçək-çiçək,

gözləri qıyıq, monqol-monqol, özbək-özbək.

Bu heykəl saatlar,

saat heykəllər

xırıltıyla işləyəcək

başımıza daş yağar kimi

sevdalar yağacaq.

 

 

Şairlər çayxana-meyxanası

 

Taksi sürücüsü halını bilə,

Ünvan soruşmadan gətirə səni

Birbaşa "Şairlər çayxanası"na,

ya da ki, "Şairlər meyxanası"na.

 

Səməd Vurğun bağı, vağzala yaxın

Burda ucuzxana, xudmani yer var.

hamı bir-birinin üzünə baxır

"Sobrazim" eləyib yenə də dostlar.

 

Qulaq eşitməyə ağız deyəni,

Söyüşlər, sağlıqlar daşa səkiyə.

Dahi paltarını geyib əyninə

hamı güllə atır qara qəpiyə.

 

Birdən sükut çökə... şeirin oxuna

susa dalğın-dalğın dumanlı başlar.

Dəm tuta sinədən qalxan "Ah"ına

Beləcə göllənə gözündə yaşlar.

 

"İntihar mövsümü bitəcək əlbət,

Güllər də solacaq qəbrinin üstdə.

Göylərin sonuncu mərtəbəsindən

Qorxma, at özünü səbrimin üstə".

 

Yenə də badəyə araq süzülə,

Məclis davam edə öz axarıyla.

Sevincdən ayağın yerdən üzülə

Başı aşağıdı ağac barıyla.

 

Qürurla dönəsən gecəqonduna,

Axı, bundan böyük mükafatmı var?

Küçədən keçənlər elə bilələr

Ya Nobel almısan, ya da ki Oskar.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!