Barat Vüsalın “Könül sultanı” şeiri - Elxan Zalın təqdimatında

Elxan Zal Qaraxanlı

Gecəydi, şair dostum Barat Vüsaldan məktub gəldi. İlk çərşənbənin gözəl bir sovqatı. Qəribədir, sabah ona zəng vurmaq istəyirdim, Baratın yaşadığı Kosalar kəndinin etimologiyası ilə bağlı maraqlı materiallar keçib əlimə. Heyrətləndirmək istəyirdim dostumu, könlünü xoş etmək istəyirdim. Amma dostum haqq şairidir, irfan adamıdır, məni qabaqladı. Bir bayram axşamı, öz ocağında, Kosalarda, qədim türk yurdunda yazdığı bir gözəl şeirin əlyazmasını göndərib, könlümü xoş eylədi.

 

Barat Vüsal

 

Könül sultanı

 

Şair dostum

Elxan Zal Qaraxanlıya

 

Yaradan göndərir yer üzərinə,

Hamının sevdiyi yaradan oğlu!

Könüllər mülkünə sultan olmağa,

Könül hardan alır, haradan oğlu!

 

Özü sultan olan neynir sultanı,

Sözü sultan olan yenir sultanı,

Yoxa çıxmayıbmış könül sultanı,

Var hələ, var hələ, var, adam oğlu!

 

Salamlar zamanın böyük oğluna,

Adam cildindəki keyik oğluna,

Gözlərim dəyincə bükük boyuna,

Seçirəm mən ağdan-qaradan, oğlu.

 

Olur, belə olur haqdan gələnim,

Çox-çox qədimlərdən - Nuhdan gələnim,

Yeriyən, yürüyən ruhdan gələnim, -

Deyilsən bu yurdun sıradan oğlu!

 

"Quran"da surəsən - "Ərafsan", "Əraf",

Tərəf axtarmırsan, tərəfsən, tərəf,

Bütün tarixlərə şərəfsən, şərəf,

Azərbaycan oğlu, ey cahan oğlu!

 

Bizə nərlər gərək, sənin kimi nər,

Sənin kimi zərgər, sənin kimi zər,

Əgər olmasaydı sənin kimilər,

Görən neyləyərdi arayan, oğlu?

 

Qorxaqlar heç zaman şir-arslan olmaz,

Mərdsiz bir axşam da, bir axşam olmaz,

Gədədən-güdədən qəhrəman olmaz,

Getsə, yenə gedər Dara, Dan oğlu.

 

Yarandın bu haqqı bilməkdən ötrü,

"Türk olan nə mutlu" - deməkdən ötrü,

Ey türklük yolunda ölməkdən ötrü,

Yer üzünün daim darıxan oğlu!

 

Ey ordu günündə doğulan ellim,

Sənin kimilərlə el olub elim,

İndi mən dediyim şair kimdi, kim? -

Qaraxanlı Elxan, - Qaraxan oğlu!

 

 

 

Barat Vüsal kimi böyük bir irfan şairinin mənə şeir həsr eləməsi mənə böyük şərəf verir. İndiki şairlərimizdən irfan həyatı ilə yaşayan və yaradan ikicə şair gəlir ağlıma - Barat Vüsal və Məhəmməd Aslanbəyli. Həm də Kosalar mənim üçün çox doğma yerdi, anam orada doğulub,

orada boya-başa çatıb. Oranın ab-havası, folkloru nənəmin, anamın çoxsaylı söhbətləri ilə hopub şeir dünyama. Və orada ustadımız Barat Vüsalın ocağı var. Bu şeir də mənim Ustada ehtiramımdır.

 

***

Salam olsun, Barat Vüsal!

Axtardığın dan nə imiş?

Günəş göydə dərvişdisə,

Sübh gözündə qan nə imiş?

 

Dartılanda yay kirişi,

Açılar göyün girişi,

Can kimi bir dingilişi,

Görən oynadan nə imiş?

 

Ömür sönür pərdə-pərdə,

Dincliyini gəzmə yerdə,

Torpağa girən qəbirdə,

Cücərən kurqan nə imiş?

 

Sirr sonsuzdur, çözüm harda?

Bir aşiq var hər diyarda,

Ulu Yurdda - Kosalarda,

Tənha yanan can nə imiş?

 

Sözü qaltan-qaltan - sən o,

Hələ kəsir baltan - sən o,

Könüllərə sultan - sən o,

Bəs göydəki xan nə imiş?


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!