"Səni harda axtarım: Bəlkə bir ayna olmusan bilmədiyim adamların gözlərində" - Gülnar Ümidin şeirləri

 

 

Qara çiçəklər

 

Qaranlıqdan qorxub küncə sığınan uşaq idin,

indi qaranlığa göz yaşlarının işığıyla

            baxırsan aydın-aydın.

Bağçanızda əkdiyin güllər rəngbərəng idi -

güllər də öz rəngini, adını dəyişərmiş,

sənin bədəninə səpilən zərbələrin toxumları

qara rəngə boyanmış çiçəklər açır:

nərgiz də, lalə də, bənövşə də...

adı mahnılarda qalan bir xatirəymiş;

dəyişilib təcavüzlə yeniləndi adları,

qanad açıb uçmaq istəyən

            arzuların da qanadları qırıldı.

Dimdiyində yuvasına çatmadı xəyalları,

ruhu göylərə su, cismi torpağa dən apardı...

Yenə yerdən göyə əl sallayan səslər

göydən yerə özünə kömək aradı,

Görəsən, nə səsdi, nə haraydı.

Heç nə...

Yenə qarışıb bir qadının yuxusu:

yuxusundan hədə-qorxusu səsləri

quyudan su gətirin deyir,

qara rəngli çiçəklərin qoxusu gəlir...

Yudu göz yaşıyla ömrünün günlərini,

ipdən asmaq istədi,

bəlkə bir gün ömrünə yaz fəsli gələr deyə,

quruyar asdığı günlər -

qəfil əsən qara yel ipini dolaşdırdı,

boğazına ilişdi asılmış ipin düyünləri.

Qalxdı göyün üzünə,

üzüldü ayağı yerdən:

susuz qaldı qara çiçəklər.

göz yaşından su içdi

məzarında əkilən rəngli çiçəklər...

 

 

Sənin üçün darıxmaq...

 

Sənin üçün darıxmaq bilirsən nədir?

Səni görməyimin

            mümkünsüz olduğunu bilə-bilə,

Bir dəfə görə bilmək üçün

            min kərə yalvarmaqdır...

 

Sənin üçün darıxmaq bilirsən nədir?

Yoxluğunu hiss edərək

            var olduğun xəyalı qurmaqdır;

Hər gün həsrətini dəfn edib,

Gəlişini gözləməklə günləri bitirməkdir.

 

Sənin üçün darıxmaq bilirsən nədir?

Həyatımda yaşananları silmək istəyib də

            silə bilməməkdir;

Səndən qalan şəkilləri nə vaxtsa cırıb,

sonra qoyduğum yerdə axtarıb tapa bilməməkdir.

 

Sənin üçün darıxmaq bilirsən nədir?

Sənə görə xasiyyətimi dəyişib

            sən olmaq istəməkdir;

Ölməyin nə olduğunu bilə-bilə

            ölümə tələsməkdir.

Sənin üçün darıxmaq bilirsən nədir?

Nəfəsini duymaq üçün

            səni sinəmdə gəzdirməkdir;

Əllərimiz birləşəndə deyil,

            ayrılanda sağollaşa bilməməkdir...

 

 

Əzizim

 

Sən günahkar deyilmişsən, əzizim,

günahları vicdanımda dəstələyib 

qucağına yığan mənəm!

 

Sən sənsizlik deyilmişsən, əzizim,

sənsizliyi ürəyimdə sən eyləyib

guruldayıb gözlərimdən yağan mənəm!

 

Sən yalan da deyilmişsən, əzizim,

yalanlarla rəqs eləyib, deyib, gülüb

yalan edib doğruları boğan mənəm!

 

Sən mənim də deyilmişsən, əzizim,

xəyalını vüsal bilib,

uydurduğum nağılların həsrətinə sığan mənəm!

 

 

Səni harda axtarım...

 

Səni harda axtarım:

Bəlkə göyə qalxmısan sən?

heç olmasa, bir kəndir at,

buludların boğazından en aşağı, görüm səni...

 

Səni harda axtarım:

Küləklərin qanadında

            gizlənqaç oynayırsansa,

heç olmasa,

de, saçımı çərpələngtək

            göndərim tutmağa səni...

 

Səni harda axtarım:

Dənizlərin dalğasının beşiyində yatmısansa,

heç olmasa, xəbər eylə

qağayılar dimdiyində göndərdiyim

            laylayla yatırtsın səni...

 

Səni harda axtarım:

Bəlkə torpağa qarışıb qarışqaya yol olmusan -

heç olmasa, bir köməyə çağır məni,

sənin incitmədiyin qarışqa incidər səni...

 

Səni harda axtarım:

Bəlkə bir ayna olmusan

            bilmədiyim adamların gözlərində,

heç olmasa, adamlardan birini de,

kirpikləri bağlananda

onun yerinə baxım sənə...

 

Səni harda axtarım:

Yoxsa gizli misralarda,

            bir kitabda gizlənmisən -

heç olmasa, səhifədəki sıranı de,

quru ləçəklərlə xatırlayım səni...

 

Səni harda axtarım:

Unutmuşam rənglərini -

heç olmasa, ən sevimli rəngini de,

çəkim sənin rəsmini,

o rəngdə rəngləyim səni...

 

Səni harda axtarım:

Cismin daha özgəsinin -

heç olmasa, yuxuma gəl,

bir ömürlük yuxu üçün razıyam,

oyatmasın kimsə məni...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!