Şeirlər - Əhməd QƏŞƏMOĞLU

 

Şuşa

 

Gözəllik səpilib torpağa, daşa,

Adı cənnət ilə çəkilir qoşa,

Bütün yer üzünə bir yaraşıqdı

Mənim vətənimin gözəli Şuşa.

 

Dumantək tarixə çökdü ağrılar,

Xalqımın qəlbindən axdı ağılar,

Bu yurdun qəhrəman oğullarının

Ayağı altında qaldı yağılar.

 

Əsir düşməmişdi, bir tilsimdəydi,

Otuz il matəmli ana gündəydi,

Ulu tariximdən alaraq qüdrət,

Ruhuyla düşməni məhv etdi, əydi.

 

Şuşa doğmaların bir məbədidi,

Hər zaman mənimdi, bu əbədidi.

Daha gündən-günə gözəlləşəcək,

Şuşa yerlə göyün nur sərhədidi.

 

Hələ şərin yanındasan

 

Ermənilərin işğalçılıq siyasətinə dəstək

verən güc mərkəzlərinə, siyasətçilərə

 

Qoruya-qoruya sən işğalçını

Öz adını batırırsan özün sən.

Suladıqca şərin cır ağacını,

Sözün düşür ta kəsərdən, görmürsən?

 

Məlum, "dərin siyasətin" var sənin,

Erməni də əlində bir maşadı,

Amma ədaləti tapdamaq hər vaxt

İblis əməliylə eyni, qoşadı.

 

Sən Allahı çıxarırsan yadından,

Hayın böhtan, şərinə hay verirsən.

Danışırsan demokratiya adından,

Bu sözü də tamam bədnam edirsən.

 

Şər yolu - qan yolu, faciə dolu

Sən şərin əlində bir qatil, cəllad?

Xoşuna gəlirmi dünyanın halı?

Sənin əməlindir bu həm də, heyhat!

 

Hiylə kölgələri üzündə ilan,

Güzgüdə özünü necə görürsən?

Hiylənin içində böyüyür balan,

Hiylədən güc alan kimdir, bilmirsən?

 

Qoruya-qoruya sən işğalçını

Öz adını batırırsan özün sən.

Suladıqca şərin cır ağacını.

Sözün düşür ta kəsərdən, görmürsən?

 

Kukla teatrındakı uşaqlar

 

Kukla teatrında uşaqlara

tamaşa göstərəndə,

inanır onlar

şəkillərinin, oyuncaqların,

yeridiyinə, danışdığına,

küsdüyünə, barışdığına...

 

Hərdən uğunub gedirlər,

hərdən ah çəkirlər,

dərd çəkirlər, ağlayırlar...

 

Ağıllarına da gəlmir

hər oyuncağın, hər şəklin

bağlandığı, sallandığı ipləri

əlində oynadanlardır

tamaşa yaradanlar...

 

Dünyanın güc mərkəzləri,

bic mərkəzləri tez-tez

yeni-yeni kukla tamaşaları qururlar

yer üzü adlı səhnədə,

uşaqlara bənzəyən böyüklərsə

bu tamaşaların sehriylə

nağıllar danışır, yuxular görür,

hərəsi bir məhlədə...

 

Allah, qoru xalqımı

 

Allahım, mənim xalqımı

yaltaq adamlardan qoru...

yoxsa alışar, od tutar

neçə mərd insanın goru.

 

Yaltaq adam fəlakətdir,

itmiş insan kölgəsidi.

Hiylələr içində şeytanın

mülayim bir fitnəsidi.

 

Özü bilməz nə karədi,

yıxar haqqın nizamını,

nə qədər nurlu insanın

hey artırar əzabını.

 

Yaltaqlar çox olan yurdda

düşmən nə istəsə edər,

bağ salarsan, bəla gələr

əməyin hədərə gedər.

 

Allahım, mənim xalqımı

yaltaq adamlardan qoru...

 

Rəqəmlər

 

Bu dünya, bu aləm

rəqəmlərin cilvəsiylə dövr eyləyir...

Rəqəmlərin sirri sonsuz,

sonsuzluğu duymaq eşqi     

ürəyimdə qövr eləyir...

 

Bu aləm bir sirli dərya,

duyduğumuz ləpələrdi -

azı doğru, çoxu röya...

 

Bu aləm, bu sirli dünya

pozulmayan bir nizamın,

bir sevdanın hökmündədi,

bu nizamın gizli sehri

neçə sirli rəqəmdədi.

 

Tək-tək, qoşa-qoşa,

üç, dörd, beş... on

duyulmayan, görülməyən

                        nurlu şəfəq

durub səf-səf,

yan-yana, baş-başa

düzümləri bir tamaşa.

 

Bu düzümlər

                        nizam verir kainata,

nizam verir bu həyata...

 

Hər düzümün hökmü ayrı,

hər hökmdə bir kamillik

on iki - bir mükəmməllik...

Hər düzümün arxasında

sirlə dolu aləmlər var,

hər aləmin öz aləmi

hərəsi min rəngdə çağlar.

 

Hər rəqəm o aləmlərin

kainatda bir memarı,

hər memarın öz nizamı,

hər nizamın öz açarı.

 

Dünya

rəqəmlərin cilvəsində dövr eləyir...

"iki vur iki", yalnız

sirlə dolu dənizlərin

özündə yox,

                        sahilində dörd eləyir...

 

Hər rəqəm sirli dünyadan,

quru, adi işarədi,

gördüyümüz - milyonda bir!

hesabımız çox sadədi...

 

Elmin hər mühüm, ağıllı kəşfi

bunu ki, çox aydın deyir,

dünya

rəqəmlərin cilvəsində dövr eləyir...

 

Yer üzünün o üzü

 

Nə sənin,

nə də mənim qəlbimi

oxşaya, ovuda bilmir yer üzü...

tufanlar əlindədi özü...

 

Bizim

olanlara gücümüz çatmır...

 

Yer üzünün halını ağlaya-ağlaya,

yaralarını bağlaya-bağlaya,

gəl gedək

yer üzünün o üzünə...

 

Allah nizamında olan üzünə...

çiçək kimi gözəl üzünə...

insanların nəfsindən,

naləsindən uzaq üzünə...

 

Uzaqda deyil ki,

qəlbimizdədi, ruhumuzdadı

o aləm...

Gözlərinə oxşayır o aləm...

 

İlk, lap ilk dəfə...

 

...Sən o vədə

göy güllü ağ donda idin,

yaşda

doqquzda ya onda idin,

alçalar çiçəkləmişdi...

 

Təzə baş qaldırırdı torpaqdan

orda-burda yaşıl otlar,

gömgöy səmada, ağ buludlar arasından

bulaq kimi axıb tökülürdü günəşin

                        mehriban şəfəqləri...

 

Mən evimizdə, eyvanda idim,

yaşda

bir az səndən böyükdüm,

xəyalı-əlvanda idim...

 

Alçalar çiçəkləmişdi...

sən göy güllü

ağ donda idin...

alça çiçəklərindən

daha sirli baxırdın mənə...

İlk dəfə qəlbimdən, ruhumdan

məni titrədən, diksindirən

                        bir işıq keçdi,

ilk dəfə yer üzündən

mən qarışıq, sən qarışıq,

üstü günəş şəfəqləri ilə dolu

alça çiçəklərinə bənzəyən

                        bir yaraşıq keçdi...

 

Mən yarıyuxudaykən...

 

Özünə aşiq olanda sübh üzü...

mən yarıyuxudaydım,

həm qəlbim əlindəydim,

həm də

dindirirdi məni

sübh dilində yer üzü.

 

Mən yarıyuxudaydım,

hər yanda bahar havası,

baharın izi...

ətriylə heyran eyləyib

oyadırdı məni sübh üzü...

 

Otağımda şəfəqlər

işvə ilə gülümsəyib

naz eyləyirdi,

ruhum qəlbimə

ilahi bir şeir deyirdi...

 

Mənim dörd yanımda

sənin nurun var

 

Ay məni bu qədər qısqanan zalım,

mənim dörd yanımda sənin nurun var...

O nurun önündə, qısqandıqların

yağmadan da öncə yoxa çıxan qar.

 

...Yatsam yuxumdasan, ruhumda ruhun,

gülsəm təbəssümüm, ahımda ahın...

Sən mənim ömrümə bir yaraşıqsan,

nur dolu üfüqdən qalxır sabahım.

 

Ülvi sədaqətin bir and yerimdi,

onun hər şöləsi bir məlakədi.

Sənə etibarsız olarammı heç?

qəlbində dolanan nə səksəkədi?

 

Baxışın aləmə yaraşıq verir,

səsin ürəklərə nur səpələyir,

səni bircə anlıq nigaran etsəm

qəlbim döyür məni, tənbeh eyləyir...

 

Səninlə ömrümə yaraşıq gəlib,

səninlə bu aləm dindirir məni,

mənə etibarın olmayan vədə

həyat gözdən düşür, öldürür məni...

 

Mənim hər yanımda sənin nurun var...

o nurun önündə, qısqandıqların

yağmadan da öncə yoxa çıxan qar.

 

Didərgin işıqlar

 

Yazıq adam doğma dildə danışır,

Doğma dili anlamır ki, doğmalar.

Tənə vurur hamı ona ədayla,

Hər yandan başlayır sıxma-boğmalar.

 

Tənə vuranların üzündə kölgə,

Didərgin işığın uçurumları,

Sanki süni güllər yan-yana durub,

Bəzəkli, qırmızı, yaşıl və sarı.

 

Zəlzələ başlayıb, artdıqca artır,

Artıq uçmadadı bəzi divarlar.

Heç kim anlamır ki, o doğma dildə

Xilasın yolu var bizi haraylar.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!