Analar, şəhidlər...
Dərdin paylanıbdır obaya, elə,
Tarix bu yaranı unudan deyil.
Bu günün qələbə sevinci belə
Gözünün yaşını qurudan deyil.
Batdı gözlədiyin nişanı, toyu
Bir daha sən onu görməyəcəksən.
"Anan ölsün" deyib bir ömür boyu
Məzarı üstündə göynəyəcəksən.
Nələr çəkdiklərin Tanrıya bəlli,
Qaysağı yaranın dərini verməz.
Nə mahnı, nə şeir, heç bir təsəlli
Sənə öz oğlunun yerini verməz.
Qəlbiniz həsrətdən oda düşəndə
Gedin Qarabağa siz axın-axın.
O şəhid oğlunuz yada düşəndə
Murova boylanın, Şuşaya baxın.
Silinməz bu ağrı, bitməz bu səfər,
Yolun çox uzundur şəhidim, sənin.
İki min səkkiz yüz səksən bir nəfər
Şəhid anası var indi Vətənin.
Qəlbindən silinməz, getməz bu kədər
Sizi zaman-zaman anacaq onlar.
Şəhid balasına yandığı qədər
Doğma Vətəninə yanacaq onlar.
İgidlər önünü kəsdilər şərin
Açıldı Vətənin qolu, qanadı.
İki min səkkiz yüz səksən bir nərin
İndi bir kəlmədə boy verir adı!
Şəhidlər - nur verən Günəşə, Aya,
Şəhidlər, tarixə dönən şəhidlər.
Şimşək yanğısıyla gəlib dünyaya,
Şimşək alovutək sönən şəhidlər!
Yarımçıq ömürlə bütöv getdiniz,
Bu yurdda Günəşlə, Ayla tənsiniz.
Siz canı Vətənə fəda etdiniz,
İndi hər biriniz bir Vətənsiniz.
Sizə ağı deyib öyən analar
Qəlbimi yer-yerdən qanadır indi.
"Oğul, anan ölsün" deyən analar
Anamız Vətənə anadır indi!
Şairlik ən ali məqamdı, vallah...
Özü pay-piyada, sözləri atda,
Xəyalı dövr edir ən qəlbi qatda.
Zəhəri saxlamır dilinin altda,
Gülləyə atılan ilandı, vallah,
Şairlik ən ali məqamdı, vallah!
Sirri qələmindən pünhan olmasa,
Vicdanı özünə zindan olmasa.
İçində mənəvi böhran olmasa,
Şair qeyri-adi adamdı, vallah,
Şairlik ən ali məqamdı, vallah!
İgid, ər təpəri duysa canında,
Kükrəyib çağlasa əgər anında,
Olsa həqiqətin, haqqın yanında,
İlhamı bir ayrı ilhamdı, vallah,
Şairlik ən ali məqamdı, vallah!
Anla ki, tanrıdan gəlib bu elçin,
Fəda etməlidir canını elçün.
Haqqı söyləməkdə nə mizan, ölçü?!
Bu, göylərdən gələn inamdı, vallah,
Şairlik ən ali məqamdı, vallah!
Zamana od vurur, dərdə qalanır,
Ağrısı, göynəyi ərşə calanır.
Füzuli dediyi "şair yalanı",
Sevgidə bir dindi, imandı, vallah,
Şairlik ən ali məqamdı, vallah!
Zülmə, zülümkara boyun əyməsin,
Kökünü əskildib, soyun əyməsin.
O məğrur başını qoyun əyməsin
Böyük amalıyla o tamdı, vallah,
Şairlik ən ali məqamdı, vallah!
Tanrı peyğəmbərə verdiyi haqqı
Onunla bölürsə haqlıdı, haqdı.
Gəzək o şairi əli çıraqlı,
Burda mənim sözüm tamamdı, vallah,
Şairlik ən ali məqamdı, vallah!
Niyə qorxum mən ölümdən
Budağından duyğu dərdim,
Bir çələngə döndü dərdim.
Ömür, səni karsız gördüm,
Niyə qorxum mən ölümdən?!
Xırmanımda sovrulubdur,
Öz qanımda yoğrulubdur,
Mənimlə bir doğulubdur,
Niyə qorxum mən ölümdən?!
Qəbir ulu pir şəklidir,
Açılmayan sirr şəklidir,
Həyatımın bir şəklidir,
Niyə qorxum mən ölümdən?!
Neçə dərd-azar sovuşur,
Od tutan bazar sovuşur.
Ruhum Tanrıya qovuşur,
Niyə qorxum mən ölümdən?!
Könül duyğu içindəsə,
Ömür yuxu içindəsə,
Həyat qorxu içindəsə,
Niyə qorxum mən ölümdən?!
O ki, Tanrı tələbidir,
Hansı insan əbədidir?!
Ömrün-günün mabədidir,
Niyə qorxum mən ölümdən?!
***
Mən bir sevda yolçusuyam,
Bu yolu tək getməkdəyəm.
Anadiltək qərib-qərib,
Qəmli-qəmli ötməkdəyəm.
Şövqü sönür qoca nərin
Dərdim ağır, yaram dərin...
Göz qoyduğum gözəllərin
Gözlərindən itməkdəyəm.
Cana doyan görən canmı?
Yoxsa yersiz həyəcanmı?
Aman, Tanrım, doğrudanmı
Tükənməkdə, bitməkdəyəm?!
***
Qışı bir aləmdi, yazı bir aləm,
Vəsfini verməyə acizdi qələm.
Tanrı imkan verə baharda gələm,
Duram səcdəsinə payıza qədər.
Nəyindən söz açım, onun nəyindən,
Doyunca barınam gül-çiçəyindən.
Bir təpər götürəm dağ ürəyindən
Qaçam gəncliyimə o qıza qədər.
Tapam istəyimi açan puçurda,
Bir daha verməyəm quzunu qurda.
İlahidən gələn şövq ilə burda
Uçam Aya qədər, ulduza qədər!..
Etiraf
Elə ucalıqdan yıxılmışam ki,
Bir daha özümə gələ bilmərəm.
Elə məngənədə sıxılmışam ki,
Yaşaya bilmərəm, ölə bilmərəm.
Mən elə zirvəni tərk etmişəm ki,
Gözümdə alçalıb bütün zirvələr.
Bir də o ucalıq mənim ömrümə
Qardaş, çətin gələr, çox çətin gələr.
Gözümdə qaralıb elə bir səma
Çıxası deyildir Ayı buluddan.
Elə bir yanğıya tuş olmuşam ki,
Bir çarə ummuram kamandan, uddan...
Mən elə bir dərdə mübtəlayam ki,
Tamam imkansızdı bu dərdi bölmək.
Kişiyə ölümdən daha ağırdır
Sevən bir qadının gözündə ölmək!..
7.10.2021
Üzümə bağlanan qapı
Tanı məntək naçarını,
Dərdə-qəmə düçarını.
Harda gəzim açarını,
Üzümə bağlanan qapı?!
Gah söyülən, gah öyülən
Vaxtsız-vədəsiz döyülən.
Sən idinmi bəxt deyilən,
Üzümə bağlanan qapı?!
Hər günümə qada verdin,
Kömürümü oda verdin.
Bir şairi bada verdin,
Üzümə bağlanan qapı!
Açılsan itər acılar,
Nurlu sabahlar açılar.
Yoluma işıq saçılar,
Üzümə bağlanan qapı.
Şahidsən buna özün də,
Qalmışam çölün düzündə.
Nələr var arxa üzündə
Üzümə bağlanan qapı?!
Bəlkə sənsən sirr qapısı
Güman yeri, pir qapısı.
Tanrının səbir qapısı -
Üzümə bağlanan qapı?!
Sevgi tükənməsə...
Mənim dəniz gözlüm,
dəniz ürəklim,
Büllur xatirəli təmiz ürəklim.
Dünyada dünyadan əzizsən mənə,
Sahilsiz ümmansan, dənizsən mənə.
Tanrı kölgələmir mələk üzünü,
Hansı yaşda olsa gözəl gözəldir.
Sevginin kül altda qalan közünü
Aylar yelpikləyir, illər közərdir.
Dənizlə üz-üzə ötür illəri,
A mənim könlümün həsrət adası!
Ləpə pıçıltılı tuti dillərin
Hər gün qulağıma çatır sədası...
Bir qayıq hələ də üzür səmtinə,
Avarçı avarı düz tuta bilmir.
Sevgi çevrilirsə imana, dinə
Sevən ömür boyu unuda bilmir!
O suya bir daş at, batmasın yasa,
Ağ dalğam, şövqə gəl, daşdır dənizi.
Bu gün ürəyimə sıfqarılmasa,
Deməli, ürəyi daşdır dənizin!
Pərvanə xislətdi bu ürək, bu dil,
Sən ey uzaqlarda alışan şamım.
Sevgi tükənməsə tükənən deyil
Sənin gözəlliyin, mənim ilhamım!
06.07.2021
Təmizlik yıxdı məni
Ürəyimə gələn söz dilimdədir həmişə,
İçim içdə deyil ki, çölümdədir həmişə.
Ona görə bu başım zülümdədir həmişə,
Bu saflıq əydi məni, təmizlik yıxdı məni.
Məhəbbət yollarında səriştəsiz, naşıyam,
Köntöy addımlarımla öz-özümə qarşıyam.
Neçə qəlbin ağrısı, neçə gözün yaşıyam,
Mənə "əzizim" deyən əzizlik yıxdı məni.
Bunu kim bilməyir ki, bu gün varıq, sabah yox,
Mənim ömürlüyümdə yaxşılıq var, savab yox.
Bu ümman istəyimə damcılasa cavab yox,
Elə çoşdum, kükrədim, dənizlik yıxdı məni.
İndi quruyan çayam, oxşarım yox dənizə,
Həsrət qaldım ağ gülə, ilahi ağbənizə.
Dedin sənə qadın yox, bir qulam, bir kənizəm,
Qaragünlüm bu miskin kənizlik yıxdı məni.
Təşnəliyim səngimir... bulaq verin, çay verin,
Təbəssüm sarğısını yaralıya pay verin.
Hayqırmaq istəyirəm, səsimə bir "hay" verin,
Sükut çatlatdı məni, səssizlik yıxdı məni.
Şair qocalır
Uğurla çıxsa da söz sınağından,
Sınır öz gözündə, öz sınağında.
Keçmir gözəllərin göz sınağından
Dərdi aşıb-daşır, şair qocalır.
Dözmür haqsızlığa, ötürə bilmir,
Səsini baisə yetirə bilmir.
Daha neynəsə də götürə bilmir
Yolundakı daşı, şair qocalır.
Şeiri əvvəlkitək duyula bilmir,
Gün kimi aləmə yayıla bilmir.
Fikirdən, xəyaldan ayıla bilmir
Düyünlənir qaşı, şair qocalır.
Ömür tükənsə də, tükənmir istək,
Başına min oyun açır bu ürək.
Gözəllər açılır gül butasıtək,
Dünya cavanlaşır, şair qocalır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!