***
Qorxudan əsmir ürək -
Hələ küləkdir əsən,
yeri-göyü dağıdır,
İncikdir buludların göydə qərib duruşu
Ağ buludlar göylərin qalxan ağ bayrağıdır
Sanki uduzub durub bir amansız vuruşu.
Tiyəsini qan örtmüş yerə düşən xəncərin
Qəbzəsindən qan damıb
Yaralı döyüşçünün
alnının tərinə batıb.
Uzaqda, çox uzaqda
Gövdəsinə çırpılan amansız ləpələrdən
Gəmi necə qoruyur - lövbər zəncirin dartıb.
Hələ əsən külək də vəd etmir yaxşı heç nə
Ümmanda ruha dönən biçarə gəmilərin
Zor düşüb yelkəninə;
İçi havayla dolub,
necə dönsün bu yolu
Dalğalar da gizlənib dəryada gecə vaxtı
Fırtınanın cənginə özünü atsın necə.
Sükanın arxasında dayanan kimdir axı
şimaldan əsən külək şturvalı oynadır
Biz beləmi doğulduq, biz beləmi böyüyək
biçarə bir gəminin heyətinə yazılan
saxta, yaltaq qaydadır.
Bu yorğun ayaqların üstündə gəzən bədən
Görən niyə dincəlmir, axı niyə və nədən?
Təlatümlü havada ləngər vuran gəmidən
Gör necə imdad udur, çarəsiz qaldığından
Yosunlar necə tutub gəminin gövdəsindən.
***
Saçlarını kəmənd et
dola boynuma, saxla.
Özünü, rəhmin gəlsin,
atma qoynuma, saxla.
Əllərimə göz ucu
diqqət elə, nəzər sal,
elə-belə, dilucu
soruş, deyim bu nə hal.
Bilirsənmi, üşüyür
kəndimizdə ağaclar,
qırov bağlayıb ömrüm,
buz bağlayıbdı saçlar.
Sərgərdan ruh kimiyəm
Xəyalım göy üzündə
gözlərim donub qalıb
yenəmi gör, üzündə?
Həyatın o üzü də
bu üzütək qarışıq
itirmişəm gündüzü
gecəm qarmaqarışıq.
***
Həəə, indi hər şeyin yada düşən vaxtıdır,
yaddaşımın küncündə ötənlərdən heç nəyi
saxlamaq olmur, olmur.
Uşaqlığın uzaqda qalan ağrılı günün
yaşayıb da, həsrətin acısını duyaraq
tikan batan əlini ağzına təpib, sonra
Bu ağrını hiss edib
bu ağrıya yenidən
ağlamaq olmur, olmur.
Bizim kəndin örüşü, otlağı, şor kanalı
söyüd ağaclarının kölgəsindən keçən arx,
Bir də qonşu uşaqlar ilə,
bağdan oğurluq etmək;
bu arxın üst qatında belə idi lap qabaq.
Vur çartlasın olardı, bilirsən də, təmtəraq...
İndi hanı o gənclik,
Kimin yanında durub qonşu bağına girmək
oğurluq meyvə dərmək
Deyən axı heç kəsə ümid adlı gümanı
bağlamaq olmur, olmur...
Xamravadan bəriyə, Bazıdan keçib həmən
uşaqlıq xatirənin arxasınca düşərək
getdiyin Mahmud parağ...
Yolun hər iki yanın
Basıb ot-ələf, alağ...
***
Saçlarını kəmənd et,
at boynuma, tut, qalım,
bircə udum havatək,
Çək içinə, ud qalım.
Gedirəm, hey gedirəm,
Mövlanayam, qədirəm
Bilirəm ki, bilirəm -
bilirsən, unut, qalım.
Qoy sıxılım köksünə
Bələnim sevincinə
Qəlbinin bir küncünə
məhkum elə at, qalım.
Bil ki, dərdə zahıyam
ağrısıyam, ahıyam,
məğlub yurdun şahıyam
qoşunu çək, mat qalım.
Heymi qaldı qolumda
sən inzafsızda, zalımda
ölüm sənin yolunda,
Axır salamat qalım.
Xəbərimiz olmadı
Sizin məndən xəbəriniz olmadı;
harda idim, necə bir gün yaşadım,
üz-gözümdə sevinc vardı, amma ki
ürəyimdə necə küskün yaşadım, -
Sizin məndən xəbəriniz olmadı...
Susuzluqdan cadar idi dodağım,
əllərimin qabarınnan nə deyim.
Yorğun idi, yerimirdi ayağım
doğmalara, çırpınaraq can atan,
ürəyimin qubarınnan nə deyim -
Sizin məndən xəbəriniz olmadı...
Kənd yolumuz, Bazı tərəf, Xamrava
ayağımın izlərini saxladı
zaman keçdi, yaşım üstə gəldi yaş
dərd yol açdı sevincimi haqladı, -
Sizin məndən xəbəriniz olmadı...
Yada düşür, yad olmayan o günlər
xatirələr ağlın alır adamın
Yalan desəm, qoy dillənsin bilənlər
toyum günü köç eləyən atamın
gözlərində donub qalan göz yaşı
ürəyimdə daşa döndü o gündən -
Sizin məndən xəbəriniz olmadı...
Kəndimizin adamları... nə deyim
eləsi də, beləsi də doğmadı.
Bəzən oldu cadar olmuş torpağa
Tanrı göydən durub baxdı, amma ki,
göz yaşıtək bircə damcı yağmadı;
bu Tanrının alqışıydı, qarğışı -
xəbərimiz olmadı.
***
Bütün ili ağlamışam səninçün, -
anam dedi, bacım dedi, sən dedin.
Bu nübarı saxlamışam səninçün, -
anam dedi, bacım dedi, sən dedin.
Göz yaşımız yanaq boyu yol açdı
dərd-qəm bizi doğma bildi, qol açdı
Bu xoş günlər bizdən niyə qaçaqdı, -
anam dedi, bacım dedi, sən dedin...
Şaqqıltıya, taqqıltıya səksənib
pəncərəni külək döysə diksinib
yaşamışıq xəyalınla tək sənin, -
anam dedi, bacım dedi, sən dedin.
Saç ağartdıq, qara yaylıq bağladıq
hər görüşə bir ayrılıq bağladıq
üzdə güldük, içimizdə ağladıq, -
anam dedi, bacım dedi, sən dedin.
Biri vardı, biri yoxdu... eşitmədik nağılını
sən yox idin, kişi bildik oğlunu
at çapanım, at almışdı ağlını? -
anam dedi, bacım dedi, sən dedin.
Gördük bir il, adam necə cırraşır
xəzan ömrə, qar tökülür, qar daşır
nə yaxşı ki, varmış dostun, qardaşın
anam dedi, bacım dedi, sən dedin.
İndi hər şey dalda qaldı, gəlibsən
hər bir şeyi yerinə qoy gəlib, sən
Doğma sənsən, əziz sənsən, qərib sən,
anam dedi, bacım dedi, sən dedin...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!