Şeirlər - Şakir XANHÜSEYNLİ

 

Sərhədlərimizi qoruyan əsgərlərimizə ithaf

 

 Ayağınla da

bacarmalısan silah tutmağı,

dişinlə də,

tək əlinlə atəş açmağı,

od-alov saçmağı...

 

məsafələr qət etməli dizin-dizin...

acımalısan da döyüşlərdə, acımamalısan da,

ağrımalısan da, ağrımamalısan da;

od dolanmalı, dövr etməli qanda!

 

tətik barmağına səslənməli:

ey, sıx məni!

əyri gedən güllə də düz tapmalı düşməni...

Kirpiklərin gözünü qoruyantək

birnəfərliyinlə sıraya düzülməlisən sərhəd boyu,

sədd boyu!

 

Bir güllə

min-min olub ələnməli yerə;

Bax, hər vuruşa

bir ordu gedib bir ordu qayıtmalısan,

əl vurub dağı-daşı oyatmalısan!

Və bunu da düşünməlisən ki,

döyüşə tək sən getmisən,

döyüşdə təksən!

 

Amma gör ki, nə çoxsan-

əlli, altımış, doxsan,

axı sən haqsan-

hələ də çoxalacaqsan!..

 

 

Olaq...

olaq öz yanımızda,

kəsdirək başımızın üstünü,

ağrımızı bilək,

ağrıyan yerimizi bilək.

bir el, bir vətən,

bir sel, bir dağ,

bir gül, bir çiçək, bir tağ,

sol, sağ-

bütün bu torpaq;

göy olaq, yer olaq,

beş yox, on yox,

milyon yox,

BİR olaq!

 

qolumuz tək işləməsin,

bizi haracan aparar tək ayaq?

çiynimiz çiynimizə dəyəndə

sümüklərimiz cingildəsin,

cəmi dillər bir söz desin!

 

ağrı, acı,

yaxşı, pis.

sən, mən, o - biz!

bir bütöv,

bir tam!

hamıya salam!

dalğalanan bayrağımız

dənizimiz,

arpa,buğda zəmimiz olsun.

yaddan, özgədən deyil,

özümüzdən bir kimimiz olsun!

qardaş çağıranda

qayalar şaqqıldasın,

minlərcə göz baxsın bir-birinə.

çıxaq ən ucaya,

enək ən dərinə.

 

yelkən açaq ha

bir amala,

bir əmələ,

bir fikrə

və bir haqqa!

 

Anaürəyi gülü

...Soruşuram deyir bu,

Anaürəyi gülüdü,

gözəldi Anaürəyi gülü

ana ürəyi kimi...

Bir sərt baxışdan solar çiçəyi;

Ana ürəyinin kövrəkliyi var

Anaürəyi gülünün...

 

Bax, işıq  içindədi

bu saat gözüm-könlüm;

adı özündən,

özü adından gözəl bir güldü

Anaürəyi gülü!..

***

 

...yollar da qapıdır,

xəyallar da...

sehirli qapıdı sözlər,

aç gözəlliyə, haqqa!

ən qaranlıq gecə

ən aydın səhərə qapı,

bəzən adam xoşbəxtliyini bir qapı açmaqla tapır...

qapıdı salamın bir sevincə,

xoş əhvala, hala...

sanki quşların qanadıyla aşılan qapıdı göylər,

köklər

ağacların açılan qapısı...

 

bax, eşidirsən bir səs,

bir qapı açılır,

duyursan gedib-gələn bir nəfəs,

bir qapı açılır,

qapılar açılır!..

şərə bağladığın qapı

xeyirə açılır...

qələmlə bir qapı döy,

şeirə açılır!..

təkcə evdə yox,

çöldə də qapı açıb-örtürsən;

kiməsə rahat qapı açmaqdı

onun yoluna düşmüş

bir daşı götürsən...

 

 

Səhər şeiri

 

Sübh açılır,

 

mən də bir ağacın ilk puçurlarına baxıb

 

gözümü açıram.

 

Səhərin gözü açılantək

 

ağzımı ilkin bir “sabahın xeyir”lə açıram

 

edər kimi günün ilk duasını.

 

 

 

Səhər açılır,

 

bu, həyatımda ilk səhərmiş kimi,

 

meh üzümə ilk dəfə əsirmiş kimi...

 

Bir ovuc çilətmə suyla

 

gözümün qıyında qalan yuxunu qovuram...

 

 

 

Kirpiklərim qovuşanda

 

qaranlıq dolur gözümə,

 

görürəm heç nə görmürəm.

 

Amma belə olmur qəlb qəlblə bir vuranda,

 

əl əllə qovuşanda...

 

 

 

Səhər açılır,

 

diqqətimi çəkir: hər yerdə qapılar açılır,

 

sanki dillərdən açılır düyünlər:

 

”gəl, ey səhəəər...”

 

 

 

***

 

Hər dəfə

 

bir salama uzanmağa

 

sanki əlim təzə-təzə...ayaq tutur,

 

gözüm də bir üzü görməyə...

 

Bütün xırdalıqları ötüb-keçmək;

 

böyük bir sevgiylə ayaqlanmaq gərək...

 

Xoş bir duyğuya,

 

bax a,

 

ürəyim daim acdır.

 

Bir tikə çörəyə-

 

halaldır deyə-

 

süfrəm öz-özünə açılır...

 

İnanıram, haçansa

 

bir düz işdən əlim ayaq büdrətməz,

 

Doğru bir yolda

 

ayağım da

 

ayaq qaçırmaz...

 

 

 

Rəng...

 

R. Rzanın xatirəsinə

 

 

Rəng, boya deyil...

 

Onlar- rəngini tez-tez dəyişən buqələmunlar

 

Rəngi də rəngləyənlər...

 

Hansı rəngdə gülüb, hansında ağlayırsan?

 

Hər rəngə uyuşan siman, aman...

 

Rəng...bəzən rəngsizlik

 

Rəngini itirənlər...

 

Rəng: üz örtüklərin çeşid-çeşid, rəng-rəng

 

Sən Allah, yalanını doğruyla boyama

 

Rəng: sifətinə az suvaq çək...

 

Necə boyaqçısan, rəngi rəngdən seçəmmirsən

 

Kədər bir rəngdir, sevinc bir rəng; eh, bilsən...

 

Rəng: mən ağ-a and içirəm!

 

Rəng: bir də ”Rənglər”...

 

 

 

Sığınacaq şeir...

 

 

...Doğma bir səsə,

 

məhrəm bir sözə sığınmaq...

 

 

 

Sığınmaq bir üzdəki gülüşə,

 

can nə soyuqda yana,

 

nə istidə üşüyə...

 

 

 

Bu göy, bu yer sığınacaq,

 

iki əlini başın üstə

 

baş-başa ver - sığınacaq...

 

 

 

At uzağa, yaxına,

 

daş daşa sığına-sığına

 

bir-birinin üstündə divar ucalır...

 

Yaxşı olan hər şeyə-

 

nəğməyə, şeirə,

 

alnımızdan axan tərə sığınaq-

 

yaxşılıqda qərar tutaq,

 

haqda qərar tutaq...

 

 

 

Körpə bir uşaq ovcu,

 

varağa dəyən qələmin ucu...

 

Gurhagur yanan ocaq,

 

sakit bir bucaq-

 

sığınacaq,

 

Təkcə evin içi yox,

 

olsun elə çölü də, bax, sığınacaq!..

 

 

 

Kimlik

 

 

Harda soruşulur şair kimliyin,

 

Dadına yetəsi bir-iki misra...

 

Könlündən keçəni anladır üzün,

 

Danışmırsan, amma heç susmursan da...

 

 

 

Daim dürüstlüyə, düzlüyə meylin,

 

Mərhəmət kimliyin haqdan yazılıb.

 

Nəfəsin elə bil bir meh əsimi;

 

Məhəbbət kimliyin haqdan yazılıb...

 

 

 

İnsanlara sayğın - üst insanlığın,

 

Halallıq duyğusu qəlbində - işıq.

 

Hər yerdə özünsən öz kimliyinlə

 

İlhamında işıq, təbində işıq!..

 

 

 

Əl

 

 

Bax, yıxıldığımız zaman

 

hökmən bizdən yapışan bir əl var-

 

qayğımıza qalan bir əl,

 

ağlayanda gözümüzün

 

yaşını silən bir əl,

 

üstümüzdə həmişə göz olan bir əl,

 

qanadımız olan bir əl,

 

bizi xeyirə çəkən,

 

şərdən uzaq tutan bir əl-

 

ana bir əl,

 

ata bir əl...

 

 

 

Bir tikə çörək...

 

 

Qardaş, bir tikəni az bilmə əsla,

 

bir tikədən yana

 

atılar oda ,

 

hətta

 

taxtaya çaxılmış mismarlar üstdə

 

yalınayaq belə addımlarsan da,

 

görərsən onda

 

sənin bütün cəsarətin, hünərin

 

gedib-gedib bir əlcə çörəyə dirəndi,

 

unutma bunu

 

və daha yaxşı anlarsan

 

boynunun bir tükdən də nazik olduğunu...

 

 

 

Dirilik suyu

 

 

 

Baxsan, bir gülər üz - dirilik suyu,

 

Bəzən də bir xoş söz - dirilik suyu.

 

 

 

Onu burda axtar, orada ara,

 

Bir əl başqa əllə kilidlənir ha

 

Aydınlanır hava, açılır səma.

 

Bir şeir, bir nəğmə- dirilik suyu.

 

Mehrlə verilən quru bir tikə,

 

Adamın üstünə düşən bir kölgə-

 

dirilik suyu.

 

 

 

Dirilik suyudu gün işığı da,

 

Bir çiçək ləçəyi, gül yarpağı da.

 

Bir doğma səs, nəfəs-dirilik suyu.

 

Sevinirsə könlün,

 

Bax, o duyğu, o hiss- dirilik suyu.

 

 

 

Dirilik suyudu bir salam-sağol,

 

Dirilik suyudu qəlbindəki od!..

 

 

 

İşıq

 

 

Sanıram

 

qəlbimdə tutduğum bir fikirdi,

 

ya bir kəlmə

 

İşıq salır yoluma.

 

həmişə dərinliklərdən düşən İşıqlardı

 

nura qərq edir ucaları da...

 

 

 

bu saat gözümdə sayrışan

 

söz İşığıdır;

 

bu günəşli hava

 

sanki bir Şeirin aydınlığıdır...

 

 

 

İşıq üstünə düşən İşıq-

 

sevgi üstündə sevgi,

 

yaxşılıq üstündə yaxşılıq...

 

bir dəryanın

 

lap dibinə də düşər İşıq

 

bir dalğıcın ümidində, arzusunda,

 

gör a...

 

 

 

bir yarpağa düşən İşıq

 

sanasan yaşıla boyanır,

 

bir xəzəldə sarıya...

 

 

 

bəzən üzüm ən gur İşıqda da

 

gah sevincli, gah hüznlü...

 

nə az, nə çox;

 

nöqtə boyda

 

İşığa çevirmək istəyirəm

 

minlərlə sözümü...

 

 

 

***

 

...Yuxuya getmisən bilmirsən haçan-

 

Neçə əsr əvvəl, indi, ya bayaq...

 

Yuxuya getmisən, dərin yuxuya,

 

Yuxusuzluq yağır üzündən ancaq...

 

 

 

Soyuyur hisslərin, buza dönərək

 

Yanırsan, bir qaba yığ da külünü...

 

Oyaqkən xətrinə dəyən birisi

 

Gözlə ki, yuxuda ala könlünü...

 

 

 

Ömründə bir dərin susqunluq yatıb,

 

Mürügülü sətirlər gözünü ovur...

 

Bir ayağın odda, birisi suda;

 

Sən qaçmırsan, amma fikirlər qovur...

 

 

 

Göynəyən duzdumu, ya yarandımı,

 

Hansı duyğulardı söylədən səni?

 

Möhkəmlət, geniş aç söz qanadını,

 

Kimsə endirməsin göylərdən səni...

 

 

 

Xalı-şeir...

 

 

 

Bu şeir-xalıda sözlər ilmədi,

 

Bu şeir-xalıda sözlər butadı...

 

Gözümün önündə bir xalı-şeir;

 

Bu sözsüz şeirdə söz nə qədər var,

 

Alov nə qədər var,

 

köz nə qədər var...

 

 

 

Şeir bir xalıdı,

 

xalı-şeirdi;

 

rənglərin qarası, alı şeirdi.

 

Mən də qurğu qurdum-

 

hana uzatdım-

 

Şeiri də xalı kimi toxumaq.

 

Bax, bir xalı

 

min naxışlı bir şeir;

 

naxışları şeir təki oxumaq...

 

 

 

Dayaq

 

 

 

Bir duyğun, hissin

 

yetirmi qəddini şax saxlamağa,

 

ayaq üstə durmağına yetirmi...

 

çatırmı dadına

 

bir isti nəvaziş, bir salam-sağol...

 

çıxırmı yoluna yaxşılıqların,

 

məsələn, bir yaxşılığın çay olanda

 

bir yaxşılığın körpü olurmu...

 

 

 

Bəd ayaqda

 

əlini atdığın bir saman çöpü,

 

qaraltısından belə

 

ürəkləndiyin bir kölgə-

 

o da dayaqdı elə...

 

 

 

Sən- təkcə doğrulara inanan,

 

bir gül ləçəyini də

 

tutacaq sanan...

 

Əvvəl-axır

 

gözəl bir söz dayağın,

 

öz ocağında

 

bir qığılcım-köz dayağın!

 

 

 

Təhlükəli şeir

 

 

 

...Riskdi söylənməsi-

 

olur,

 

təhlükə doğurur

 

bəzən deyilən fikir,

 

yazılan bir şeir...

 

 

 

İşıq təhlükəyə çevrilir-

 

hamı görür bir-birini.

 

qaranlığın qara-qorxusu;

 

gəzir adam kor kimi...

 

 

 

əksliyi yaranır ağın ağla,

 

yaxşının yaxşıyla;

 

təhlükədi...

 

 

 

Od odu söndürür,

 

əl əli kəsir-

 

təhlükədir...

 

 

 

Hardan biləsən nə nədir;

 

qardaş, dərinlik heç,

 

dayazlıq təhlükədir...

 

 

 

Boş yerəmi qəlbində

 

bir səksəkə var;

 

həm arxanda, həm önündə

 

bax, təhlükə var...

 

 

 

Zirvə

 

 

Bəzən

 

inamla deyilən bir kəlmə,

 

gözəl br nəğmə-

 

zirvə...

 

 

 

Biri boydan törə,

 

kimsə inanmaz

 

o bir zirvədi qəlbinə görə.

 

Əgər böyükdürsə bir fikir,

 

hər əlin yetmədiyi bir şeirdisə şeir,

 

əlbəttə ki, zirvədi...

 

 

 

olur, bir düşüncə,

 

bir dyğu-hiss də-

 

bir zirvə...

 

 

 

sözün sözü tutmağı,

 

alın açıqlığı, üz ağlığı

 

zirvəyə aparan yol...

 

bir mehr, ülfət,

 

uca məhəbbət

 

ucalığa çəkir, yəni zirvəyə...

 

 

 

bir arzun minlərin arzusu,

 

yaşayırsan

 

səni sevməyəni də sevə-sevə,

 

ey haqq adamı,

 

sən bir zirvə!

 

 

 

Bəli,

 

ötəri xəyallar gəldi-gedərdi,

 

ən başda mənimçün

 

gözlə görünməyən zirvələrdi!

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!