Şeirlər - Zaur ƏRMUĞAN

 

Qonağam

 

Dünya dərin bir dəryadır,

Toruna düşən balığam.

Yeri, göyü də səhradır,

Yolundan keçən çarığam.

 

Əlimdədir əl ağacım,

Duamdan yetə əlacım.

Məzara gedir bir ucum,

Beşikdəki o uşağam.

 

Ömür ucuzmuş, gün baha,

Gördüyümü gördüm daha.

Diş altındadır iştaha,

Dişi ağrıyan damağam.

 

Hərə öz bəxtini yeyir,

Ağız dediyini deyir.

Dünyadan umum nə xeyir?!

Yola verilən qonağam.

 

 

Əbədi bahar

 

Bir zülmət içindən çıxıb günəşə,

Özümlə gətirdim dünyama səni.

Telinə taxdığım bircə bənövşə

Əbədi bağladı yazına məni.

 

 

Sənə sarı

 

Elə duyuram səni,

günəşi

kor öz içinin nurunda görən kimi,

işığı sevən kimi.

Xoşbəxtliyin yaşanırkən

görünməz olduğu qədər,

bilinməz olduğu qədər

bir həsrətsən.

Sevgin

yalnız ruhumun yetişəcəyi əlçatmazlıq.

Hələ də axtarıram səni.

qəlbin qəlbimdə var ikən

əllərini əlimdə tapmağa.

Sənə yol gəlirəm

daha bu sənsizlikdən qopmağa.

Qarşıla məni.

 

 

Barış

 

Siqar dumanında konyak qoxulu,

pəncərələrində axşamı yuxulu

kafedə

həsrətini içdiyim,

ömrümdən belə keçdiyim

sevgim

məni əfv edə

gözlərimin asıldığı o qapı açılarkən,

üzümə

sevdiyim qızın gəlişindən

bir ümid işığı saçılarkən.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!