Şeirlər - İslam SADIQ

 

 

Ər oğullar, əsgər oğullar

 

Gənclərimiz bu gün Qarabağda

igidlik göstərirlər.

 

Füzulidən bir dilim alov kimi keçdilər,

Cəbrayılda düşməni alaq kimi biçdilər.

Qubadlıda bulaqdan bir doyunca içdilər

Dünən sənin Bakıda öydüyün ər oğullar!

Hər biri yüz düşmənə dəyən əsgər oğullar!

 

Torpağıma soxulub donuz kimi gavurlar,

Yağıların gözünü bircə-bircə ovurlar.

Laçından it qovurlar,

Şuşadan it qovurlar

Dünən sənin Bakıda öydüyün ər oğullar!

Hər biri yüz düşmənə dəyən əsgər oğullar!

 

Sən yenə Bakıdasan,

Səngərdə yatır indi,

Bir ox kimi düşmənin gözünə batır indi,

Haray çəkən yurdların hayına çatır indi

Dünən sənin Bakıda öydüyün ər oğullar!

Hər biri yüz düşmənə dəyən əsgər oğullar!

 

Koroğlunun nəvəsi qorxmaz bir qaşıq qandan,

Vətən qana susayır, onlar keçirlər candan.

Yağıların başına od tökürlər hər yandan

Dünən sənin Bakıda öydüyün ər oğullar!

Hər biri yüz düşmənə dəyən əsgər oğullar!

 

Murovda dalğalanan bayrağa dirəkdilər,

Bu torpağın köksündə döyünən ürəkdilər.

Vətənə bax bu gün də, sabah da gərəkdilər

Dünən sənin Bakıda öydüyün ər oğullar!

Hər biri yüz düşmənə dəyən əsgər oğullar!

 

Yurdumda at oynadan düşmənə qan uddurur,

Köç salıb Qarabağa düşmənə qan uddurur,

Biri yağı düşmənin beşinə qan uddurur

Dünən sənin Bakıda öydüyün ər oğullar!

Hər biri yüz düşmənə dəyən əsgər oğullar!

 

Bu saat Xankəndidə xan davası çəkirlər,

Bu saat Xocalıda qan davası çəkirlər,

Bu saat Kəlbəcərdə can davası çəkirlər

Dünən sənin Bakıda öydüyün ər oğullar!

Hər biri yüz düşmənə dəyən əsgər oğullar!

 

Hələ neçə şəhidin qanını alacaqlar,

Göyçədə, İrəvanda himnimi çalacaqlar.

Təbriz, Dərbənd, Borçalı - körpülər salacaqlar

Dünən sənin Bakıda öydüyün ər oğullar!

Hər biri yüz düşmənə dəyən əsgər oğullar!

Yağılara göz dağı, bizə səngər oğullar!

 

 

Düşmənin ağ bayrağı

 

Mənim torpağımda sən nə gəzirsən? -

Bu yurdun, yuvanın yiyəsi mənəm.

Gülləni sıxmağa sinə gəzirsən,

Vətənin qayası, daşıdı sinəm.

 

Səni yıxan qaya, büdrədən daş da

Qoluma güc verir, dizimə təpər.

Mənim adladığım hər addamaş da

Sənin qabağında çəpərdi, çəpər.

 

Mənim nəfəsimi duyub, bir baxın,

Ağaclar sevinir, daşlar sevinir.

Səsim qulağına dəyib, bir baxın,

Çıxıb yuvasından quşlar sevinir.

 

Gecənin bağrını yarır bir işıq,

Qolları açılmış yurdlar ulaşır.

Üçrəngli bayrağım göyə yaraşıq -

Üzü ona sarı qurdlar ulaşır.

 

Torpaq da canlandı can sürtən kimi,

Sən demə, kül altda sönməyib közü.

Oğul barmağıyla qan sürtən kimi

Qurumuş bulağın açıldı gözü.

 

Tutub hər bəndimi, hər gədiyimi,

Dağlar çox gözlədi davamı mənim.

Nərgizlər uzaqdan alıb iyimi,

Ciyərinə çəkdi havamı mənim.

 

Koroğlu nərəni zilə dəmləyir,

Yağı dabanına tüpürüb qaçır.

Qartallar zirvədə bala yemləyir,

Qarğalar izini süpürüb qaçır.

 

Mənim torpağımda sən nə gəzirsən,

Bu yurdun, yuvanın yiyəsi mənəm.

Gülləni sıxmağa sinə gəzirsən,

Vətənin qayası, daşıdı sinəm.

 

Mənim daşdan möhkəm sinəmə dəyib,

Üstünə qayıdar atdığın güllə.

Tez ol, yağı düşmən, "mən təslim" deyib,

Qaldır başın üstə ağ bayraq yellə!

 

 

O görünən dağlar

 

Durub babam kimi, papağı ağdı,

Qıraqdan baxanda elə bil dağdı.

Görün kimlər öldü, kimlər də sağdı,

O görünən dağlar bizim dağlardı,

Mənim canım dağlar, gözüm dağlardı!

 

Bir qardaş Qoşqardı, biri Murovdu,

Saçı-saqqalı da qırov-qırovdu.

Daha nə əsirdi, nə də girovdu,

O görünən dağlar bizim dağlardı,

Mənim canım dağlar, gözüm dağlardı!

 

Ordan Göyçəyə bax, Şahdağına bax,

Heyrətindən donmuş dodağına bax.

Evindən çıxmayan qonağına bax,

O görünən dağlar bizim dağlardı,

Mənim canım dağlar, gözüm dağlardı!

 

Böyük Kirs böyükdü, başı göydədi,

Adı Bala Kirsin yaşı göydədi.

Düşmənin başının daşı göydədi,

O görünən dağlar bizim dağlardı,

Mənim canım dağlar, gözüm dağlardı!

 

O dağın adına Keyti deyirlər,

Bu həsrət belini əydi deyirlər.

Ölüm ayrılıqdan yeydi deyirlər,

O görünən dağlar bizim dağlardı,

Mənim canım dağlar, gözüm dağlardı!

 

Durub babam kimi, papağı ağdı,

Qıraqdan baxanda elə bil dağdı.

Görün kimlər öldü, kimlər də sağdı,

O görünən dağlar bizim dağlardı,

Mənim canım dağlar, gözüm dağlardı!

 

 

Bu nə taxtıydı

 

Keçir ömrüm-günüm zülüm içində,

Közüm sönüb gedir külün içində.

Gülsüzəm bu qədər gülün içində,

Tanrım, yazdın mənə bu nə baxtıydı?!

 

İyləyir, çüyləyir, seçir bir ömrü,

Bir qurtum su kimi içir bir ömrü.

Yaşıl zəmi kimi biçir bir ömrü,

Tanrım, mən doğuldum bu nə vaxtıydı?!

 

Gələn yapışır ki, mənimlə gedək,

Qalır ayağımda nə qədər ödək.

Bir ayağı sınıq,

Biri də gödək,

Tanrım, verdin mənə bu nə taxtıydı?!

 

 

İndi getsəm

 

Bircə kəlmə sözüm varmı

Səhər-axşam öpüşdüyüm

Bulaqların dodağında?!

Hardan bilim izim varmı

Gündə yüz yol görüşdüyüm

Ağacların budağında?!

 

Oturanda uca taxtdı.

Yatanda da başım altda

Qu tükündən balınc qaya.

Xəbərsizəm neçə vaxtdı

Hərdən-hərdən duman qından

Sıyrılırmı qılınc qaya?!

 

Öpüb-öpüb doymadığım

Bənövşələr gözlərində

Əksimicə saxlayırmı?!

Solmağına qıymadığım

Mənsiz qalan nərgizlərin

Könlü qubar bağlayırmı?!

 

Açılardı incə-incə

Gözü könül bulağımın,

Dodağımdan söz yağardı.

Qulağımın dibindəcə

Quşlar qulaq asa-asa

Dəndiyinə söz yığardı.

 

Demirəm ha doyub gəldim,

Öpüb, qucub, yola saldı

Ürəyimə girən dağlar.

Ürəyimi qoyub gəldim,

İndi getsəm onu mənə

Qaytararmı görən dağlar?!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!