"Dalğalar dənizin üz qırışları..." - Elşən Əzimin şeirləri

 

Atam ağac, anam ağac,

qardaşım ağac

 

Kəlbəcərin Zülfüqarlı kəndində

evimizi ziyarət edərkən

 

Ağac bitib evimizin hər otağında,

Atam ağac, anam ağac, qardaşım ağac.

Sən yuvamda yuva qurdun, mən budağında -

Yuva qurum, sən ol mənim yurd daşım, ağac.

 

Özüm ağac, sən hardasan?

Səs elə görüm,

Gəl deyişək, xəbər bilək bir-birimizdən.

Mən söyləyim harda ötüb ağır illərim,

Sən də danış, viran olan yurd yerimizdən.

 

Atam ağac, gələn mənəm, qayıdır köçüm,

Qoy kökündən məzarına torpaq aparım.

İcazə ver, qapımızdan içəri keçim.

Susma nolar, səndən sənə soraq aparım.

 

Anam ağac, bəs bu evin sahmanı hanı?

Qoymaz idin toz da qona aynalarına.

Qərib eldə yaman artıb dərdinin sanı,

Qəm sığınıb baxışının mənalarına.

 

Salamat qal, ay bu evin ağac yiyəsi,

Bu ocağa sən doğmasan, mən yadam indi.

Bir yer göstər, düz yanında mən də boy atım,

Sehr göstər, ağac olsun bu adam indi.

 

 

Absurd

 

Hövsələn çatmaya çox yaşamağa,

Ömrün həsrətindən uzun olmaya.

"Daha sözüm yoxdur sənə" - deyəsən,

Amma doğrudan da sözün olmaya.

 

Biri badə alıb tost deyə sənə,

Marağı könlündən üstün olmaya.

Hamı bir ağızdan "dost" deyə sənə,

Sənin bircə nəfər dostun olmaya.

 

Dönüb söhbət edə yol işıqları,

İşığın səsinə oyana adam.

İşığın dalınca uça kəpənək,

Amma pərvanədən qaça bilə şam.

 

Bir də çox uzaqda sorağın ola,

Bir addım atmağa yolun olmaya.

Bir də bal tutmağa barmağın ola

Barmaq yalamağa dilin olmaya.

 

Ağrı

 

Hardasa bir səsin qəbri darıxdı,

Yetim bir sükutun çığırtısından.

Bütün doğruların bağrı yarıqdı,

Bütün oğruların bağırtısından.

 

Sökülmüş tavandır ürək çatları,

Hər gecə üstümə qan damır mənim.

Gizli mətləblərin dərin qatları,

Bu sadə dilimi anlamır mənim.

 

Hardasa uzaqda bir gəmi batır,

Dalğalar hürküşür sahilə sarı.

Götürüb həsrəti başından atır,

Qumlu sahillərin su intizarı.

 

Üzündən bəllidir dərdi dənizin,

Dalğalar dənizin üz qırışları.

Alın qırışıdır hıçqırıq səsin,

Sətirlər varağın söz qırışları.

 

Hardasa uzaqda bir gəmi batır,

Ordaca dənizin yarılır bağrı.

Mənə ürəyimdən xəbər daşıyır,

Bu şirindil ağrı, bu şeytan ağrı.

 

 

***

Bağları qəhr eylər xəzan yelləri,

Yarpaqlar tələsər, küləyə çatmaz.

Baxar qəmli-qəmli göyün üzündən,

Günəşin də gücü fələyə çatmaz.

 

Kordur azaldısa gözün heyrəti,

Bəndə bu aləmi dərk etməz qəti.

Zalım ha ucalsa boyu, qaməti,

Məzlumun çəkdiyi naləyə çatmaz.

 

Adamın qana da batar əlləri,

Yorub tutduğunu atar əlləri,

İstəsə hər yana çatar əlləri,

Bircə çiynindəki mələyə çatmaz...

 

 

Toğanada yağmurlu

bir səhər nəğməsi

 

Neoklassika

 

Sel selə qarışdı, daş daşa dəydi,

Ayılıb yuxudan ürpəndi dağlar.

Kəpəz qayçı kimi dumanı kəsdi,

Götürdü üzündən rübəndi dağlar.

 

Selablar şırımtək qaldı üzündə,

Sular şirələndi maral izində.

Bir şeir oxundu şair gözündə,

Duydu hər misranı, hər bəndi dağlar.

 

Xəyalım quş kimi uçub gedəndir,

Baxışım o yalı aşmır, nədəndir?

Dedim əyil bir az, görüm o kəndi,

Eşidib yerindən tərpəndi dağlar.

 

 

Tromb-fikir külçəsi

 

Bir axşam darıxanda

əlinə baxtın keçə.

Tutub məzələnəsən,

beləcə vaxtın keçə.

Bir ömrün son gecəsi,

xəyallar da dinc ola.

Tromb-fikir külçəsi -

qopub damarlarından

ürəyinə sancıla.

Beləcə taleyindən

gəlib infarktın keçə.

Ta bəsdir, xəyalından

bir uzunsaç qız ötdü.

Ta keçdi, fərqi yoxdur,

cüt keçdi, yalqız ötdü.

Bir də ayılasan ki,

böyründən kağız ötdü.

Ağlına da gəlməyə,

külək əsə, yanından -

pəh... Ölüm aktın keçə.

 

 

İkiləşmə

 

Və bir gün bir adam çıxar qarşına,

qayıdıb səninlə yanaşı gedər.

Sən gedən yollarda dörd olar gözü,

nabələd tərpənər, ya naşı gedər.

 

Və baxıb görərsən bu elə sənsən,

göz sənin gözündü, qaş sənin qaşın.

Kostyum, qalstuk, köynək səninki,

əyin sənin əynin, baş sənin başın.

 

Və baxıb görərsən əl də sənindir,

ayaq da sənindir, başmaq da sənin.

Hardasa dayanıb yol gözləmək də,

harasa tələsib qaçmaq da sənin.

 

Və bir də görərsən dil səninkidir,

dilin danışdığı söz sənin deyil.

O ağız, o burun, o qulaq sənin

amma ikiləşən üz sənin deyil.

 

Əlini salarsan cibinə bəh-bəh

əl sənin əlindi, cib sənin deyil.

Bu gələn avtobus gözlədiyindi,

o minib getdiyin CİP sənin deyil.

 

Və bir də baxarsan səndən geridə,

yollarda piyada bir adam qalıb.

Yoxdur bənzəriniz bir-birinizə,

yollara göz dikib dəmadəm, qalıb.

 

 

Tuncay üçün yol xəritəsi

 

Yolların əvvəli-axırı taraz,

Hamının düz yolu, əyri yolu var.

Yol çox olan yerdə yoldaş tapılmaz,

İndi hər adamın ayrı yolu var.

 

Kal meyvə kimidi yol işıqları,

Ona da güvənmə, bir daşa bənddi.

Sözün pünhandısa sirdaş arama,

Sirrin bir ucu da sirdaşa bənddi.

 

Alın qırışıydı cığırlar dağın,

indi yol əsridir, yol erasıdır.

Bir də görərsən ki, dost tanıdığın,

Yolunda nəzarət kamerasıdır.

 

Görərsən gözləri yol çəkən "dost"un,

Çəkir ayağının büdrədiyini,

Çəkir dizlərinin titrədiyini.

Şirin söhbət ilə qatır başını,

Çəkir hər səhvini, hər yanlışını.

 

Yolunun bir yanı uçurum olar,

Adamı bax ordan atar adamlar.

Dilindən söz alıb qaçıran olar,

Diktofon adamlar, radar adamlar.

 

Səni başqasıyla səhv salar biri,

əsəbin qorxuya, hədəyə gəlməz.

Sözünün başına ip salar biri,

Sözün şahə qalxar, yedəyə gəlməz.

 

Yolların əvvəli, axırı taraz,

Hamının düz yolu, əyri yolu var.

Yol çox olan yerdə yoldaş tapılmaz,

Ay bala, hər kəsin ayrı yolu var.

 

 

***

Baxışını yaddaşımda,

Gözünün nuru saxlayır.

Ürəyimə od salmışdın,

Ürək o qoru saxlayır.

 

Söz dilimdə od tutardı,

İndi desəm buzdu, qardı.

Soyuqluq da etibardı,

Yaddaşı duru saxlayır.

 

Elə bilmə, vaxt heç nədi,

Ömür keçdi, gün keçmədi.

Həsrət özü bir çeşmədi,

Yaddaşı duru saxlayır.

 

 

Bığ altı

 

Kəhər atla, kürən atla,

ağ atla keçən kişilər.

Yerinizi yaman tutub,

bığ altdan keçən kişilər.

 

Bığ altı irmaq kimidi,

dəhnəsi dərindi, baba.

Bığ altı çardaq kimidi,

kölgədi, sərindi, baba.

 

Bığ üstü burun sallayır,

güləndə bığ altı gülür.

Allah bizim fəndimizə

baxanda bığaltı gülür.

 

Gərək deyil göy üzündə,

neçənci qatdan keçəsən.

Göyə ucalmaq istəsən,

gərək bığ altdan keçəsən.

 

Kəhər atla, kürən atla,

ağ atla keçən kişilər.

Yerinizi yaman tutub,

bığ altdan keçən kişilər.

 

 

***

Qaranlıq asılıb əyir budağı,

Qopur o budaqdan bu gecə düşür.

Gecə ha oynayır əsəblərimlə,

Yenə qismətinə heç-heçə düşür.

 

Gecəylə dediyim söz yaşıd olur,

Aya-ay, günə-gün düz yaşıd olur.

Ayaq izlərinə göz yaşı dolur,

Yolların bəxtinə gölməçə düşür.

 

Edir dar ağacı mənim sazımı,

Asır hər simindən bir avazımı,

Allah, özün yoxla alın yazımı

Öz dəst-xəttinə gör neçə düşür?!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!