A dostlar, a tanışlar
Uzaq sanırdım elə, yaxın bilib gəlmişəm,
İçimdə bardaş quran səbrə gülüb gəlmişəm.
Gözümdə - həsrət yaşı... sözlə silib gəlmişəm,
Sizə doğru gəlmişəm, a dostlar, a tanışlar.
Bəlkə də səhv etmişəm, düz etmişəm, bəlkə də,
Bildim-bilmədim, elə söz etmişəm, bəlkə də.
Barışmağı-küsməyi tez etmişəm, bəlkə də, -
Oğrun-oğrun gəlmişəm, a dostlar, a tanışlar.
Həm mənimmiş, həm sizin, öz izim deyiləmmiş,
El-oba məzəmməti, xoş üzü deyiləmmiş.
Bu nə yeriş, bu nə nitq?! Mən özüm deyiləmmiş,
Yaman yorğun gəlmişəm, a dostlar, a tanışlar.
Aylar, illər arxada, fikrim, hissim dolaşıq,
Oğrun baxışınızda - gəlişimə yol açıq.
Demirəm ki, gəlirəm, qarşılayın, qol açın,
Şaxta, çovğun gəlmişəm, a dostlar, a tanışlar.
Bir az ömür soyuğu, bir az möhnət soyuğu,
İradə yoxluğunda - bir az töhmət soyuğu.
Məni çovğun elədi, bir də şöhrət soyuğu,
Solub, solğun gəlmişəm, a dostlar, a tanışlar.
2021
***
Ağlamaqdan keçib daha,
Xeyir-dua ver şəhidə.
Yolu Haqq dərgahınadır,
Darlıq etdi Yer şəhidə.
Haqq dərgahı - Cənnət yolu,
Uçmağın mübarək, şəhid.
Yolun sonunda Allahı
Qucmağın mübarək, şəhid.
Yumaqla ömür sapını,
Haqq üzü sənə tapınır.
Mələk niqablı qapını
Açmağın mübarək, şəhid.
2021
Ruhumla söhbət
Anamsan, bacımsan, qızımsan elə,
Halal çörəyimsən, duzumsan elə.
Qeyrətdə, hünərdə özümsən elə,
Dözümdə özün ol, özünə güvən.
Yıxılma, yıxıldın, yeri qucaqla,
Çəkilmə bir addım geri, qucaqla.
Şərə meyillənmə, xeyiri qucaqla, -
Əlində, qolunda dözümə güvən.
Doğuldun qız adda çətin qismətə,
Atalı-analı yetim qismətə.
Yürü, öz əlinlə yetir qismətə,
Taleyin bükülməz dizinə güvən.
Sən elə mərdanə, sən elə safsan,
Doğmaya sədaqət, yada insafsan.
Hardasa, kimdəsə özünü tapsan,
Qəlbinə arxalan, gözünə güvən.
Doğmayıq, yaxınıq, yad da deyilik,
Umsuq ağızlarda dad da deyilik.
Neynək, bircə fəxri adda deyilik,
Sıxılma, simsarım, sözünə güvən,
Özünə, özünə, özünə güvən.
2021
Bağışla
Mən sevə bilmədim səni sən kimi,
Səni özüm kimi sevdim, bağışla.
Düşdüm qədəminə ümidlərimin,
Sevinc də, kədər də yedim, bağışla.
Bəlkə də zərərsən, bəlkə xeyirsən,
Sən bu naxışınla yerin, göyünsən.
Mənə qohum deyil, yaxın deyilsən,
Heç bilmirəm, necə edim, bağışla.
Hərdən itirirəm, tapıram hərdən,
Hər dəfə sevirəm tapdığım yerdən.
Bir gözüm xeyirdə, bir gözüm şərdə,
Səni arayaram çətin, bağışla.
Uçur harayına qanad əllərim,
Yapışır yaxamdan inad əllərim.
Ömrümün fırçası sənət əllərim
Şəklini hər yerə çəkir, bağışla.
Hələ ki ömrümə qara yel əsmir,
Hələ ki çöhrəmdə zaman tələsmir.
Hələ ayaq tutur, hələ əl əsmir,
Hələ bu günümə şükür, bağışla.
2022
Özüm ola bilmirəm
Yenə qəlbim mənə düşmən kəsilib,
Mən özümlə bacarmıram, İlahi!
Dilim sözdən, əlim işdən kəsilib,
Tərs üzümlə bacarmıram, İlahi!
Təbil döyür elə könül qapımda
Gah sevinən, gah ağlayan duyğular.
Adam olur, itə dönür qapımda
Məni mənsiz varaqlayan duyğular.
Qanmı düşüb, yaram keçib əlinə,
Söküb-tökür içərimdə nə varsa.
Çıxdaş olub haram keçib əlimə,
Koda düşüb açarımda nə varsa.
Döyən yoxsa, nə suçlayım Dünyanı!
Könül qapım qapalıydı əzəldən.
Diz üstündə surğuclayım Dünyanı,
Mənə yolu topal idi əzəldən.
Ha saldırdı yollarını ayaqdan,
Qabar oldu qədəmləri ömrümün.
Oxutmadı məni gerbdən, bayraqdan,
Ağı dedi sitəmləri ömrümün.
Od oluram, su oluram indi ta,
Bu halıma dözüm ola bilmirəm.
"O" oluram, "bu" oluram indi ta,
Təkcə "özüm"... "özüm" ola bilmirəm.
2021
***
Gördüyüm əzabların
Göz yaşında duruldum.
Vaxtın məndə əriyən
Saatına quruldum.
Yolların yaxasıyla,
İmkanın bahasıyla,
Gah toyu, gah yasıyla
Yaşamaqdan yoruldum.
Demə, bu imiş həyat,
Sevincdən çıx, dərdə bat.
Ucaldım qanad-qanad,
Qanadımdan qırıldım.
2021
***
Qaçıb getmək istəyirəm -
evdə məndən qeyri
kimsə yox, -
yoxdanmı qaçım?!
Qaçım
evimin divarlarından,
tavanından,
döşəməsindən,
yuyulmaqdan
cana doymuş
qab-qacağından,
açılıb-yığılan
divanından,
yorğan-döşəyindən.
Hər gün dodaqlarından
öpdüyüm
xırdaca fincanından,
seyr etdiyim
pəncərəsindən,
girib-çıxdığım qapısından
qaçıb gedəcəyəm evimin.
Ev-eşiyim
onsuz da
susacaq.
Heç kimə heç nə deməyəcək.
Lap bir küncünə düşüb
ölsəm belə.
Bütün kənardan gələn
sorğular
cavabsız qalacaq
gedəcəyim yerin
məchulluğunda.
2021
***
Deyən, mənim deməyə
Daha sözüm qalmayıb?
Ucuzlaşıb bazarı,
Baha sözüm qalmayıb.
Nə demişəm, üzümü
Bir Allaha tutmuşam.
Anddan, fənddən üzülüb,
Sözü baha tutmuşam.
Söz qocadır, söz ərgən,
Söz alimdir, söz cahil.
Söz doğanaq, söz örkən,
Söz dəryadır, söz sahil.
Vermişəm söz çiynimi
Bir ömür dərd yükünə.
Dözmüşəm bu taleyin
Qəza-qədər yükünə.
2021
***
Ürəyim adınla döyünür mənim,
Bəzədin ömrümün göyünü mənim.
Şeirim sətir-sətir öyünür mənim
Sənin baxışınla əzizlənəndə.
2021
***
Qadınam, zəifəm - göz yaşım da var,
Qadınam, güclüyəm - söz daşım da var.
Ömür süfrəsində halal qismətim -
Halal duz-çörəyim,
Lap aşım da var.
2021
İntihar
Çıxıb getmək; -
ən əlçatmaz.
ən ünyetməz
bir məkanda
yoxa çıxmaq.
Özünü axtarmağa,
yol tapmamaq,
özünü soruşmağa
kimsə tapmamaq.
Gah öz kölgəsinin ardınca,
gah öz kölgəsinin qarşısına düşüb də
qaçmaq...
Qaçmaq...
Hər şeyin,
hər kəsin əlvidasında
yaşamaq.
Adam həsrətindən
elə yanmaq ki,
suya düşən əksinin
ağuşuna yıxılıb da,
qucaqlamaq.
Su əksinin dərinliyində
aldanışını duyub da
əbədi yuxuya getmək...
2021
Aktyor
Biz onu çox görmüşük
şiri qucaqlayanda.
Biz onu çox görmüşük
fili qucaqlayanda.
Gördük odu söndürüb
külü qucaqlayanda.
Heyranı da olmuşuq,
seyranı da olmuşuq,
əzizimiz bilmişik,
ümidimiz bilmişik
min hoqqadan çıxanda.
Unutmuşuq ki, bu bir
aktyor tryukudur.
Həyat başdan-başa sirk,
oyun onun
kürküdür.
2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!