Şeirlər - Əlirza HƏSRƏT

 

 

Dağlar

 

Dumanı tac qoy başıma,

Qüdrətini görüm, dağlar.

Bir məhəbbət qalasıtək

Keşiyində durum, dağlar.

 

Kökləyib könül tarını,

Üstümə çəkdim qarını.

Qoy şəlalə saçlarını

Öpə-öpə hörüm, dağlar.

 

Saçlarımda min illik dən,

Dağ oğludur bax bu bəndən.

Əyilib baxdım zirvəndən, -

Könlümdədir yerin, dağlar.

 

 

Ən bahalı xatirə

 

Çəkilib duman da, sis də,

Gəl dağlardan könül istə.

Saz şəklisən sinəm üstə,

Sevdim pərdə-pərdə səni.

 

Ayrılıq çəkməkdir peşəm,

Həm dərdimsən, həm də nəşəm.

Oğrun-oğrun gözləmişəm,

Ən gözəl xəbərdə səni.

 

Mən arıydım, sən də pətək,

Bal yığırdıq ətək-ətək.

Ən bahalı xatirətək

Tapdım bu şəhərdə səni.

 

 

Gözəllər qocalmasın

 

Gündüzümüz, axşamımız,

Eşqə nur saçan şamımız.

Ürəkdən sevək hamımız,

Qoy gözəllər qocalmasın.

 

Məhəbbətə tutub çətir,

Bu çiçək də yaydı ətir.

Biz zəvvarıq, gözəllər pir,

Qoy gözəllər qocalmasın.

 

Görəndə baş əyək deyə,

Sevgimizi öyək deyə.

Zülmünü çəkməyək deyə, -

Qoy gözəllər qocalmasın.

 

Əlirza, şax dayan hələ,

Bəlkə yar insafa gələ.

Gündə bir nəğmə bəstələ,

Qoy gözəllər qocalmasın.

 

 

Sənlə dolu ürəyim

 

Şair Xəyal Rza üçün

 

İkimizin arasında,

Bir sevda yolu ürəyim.

Məhəbbət payımdır sənə,

Bu sənlə dolu ürəyim.

 

Sən dağ yeri, mən də duman,

Kim var bizdən könül uman?

Yarı Zərdüşt, yarı Şaman,

Bu qədim, ulu ürəyim.

 

Bir də vur mizrabı telə,

Arx olum bu gələn selə.

Quraqlıq çəkməsin elə,

Gözləri sulu ürəyim.

 

 

Ocaq

 

Çırpı eləyibdir son nəğməsini,

Hardasa özünə çatıb Qu, ocaq.

Yanğılı-yanğılı közərməyində, -

Sevən ürəklərdən içib su, ocaq.

 

Közünə sığal vur, külünə əl çək,

Dikəltsin başını üşüyən çiçək.

Tüstüsü hamını diksindirəcək,

Didərgin yuxumdan düşüb bu ocaq.

 

Kövrəlib arxanca üz tutdum yola,

Qayıt uşaqlığım, girək qol-qola.

Tüstü tellərini boynuma dola,

İllərin xatirə qoxusu ocaq.

 

 

Hayana ötürüm

sərhəddən səni

 

Gözümə dəyirsən hayandan baxsam,

Heç vaxt görməmişdim belə mən səni.

Bilmirəm hayandan basım bağrıma,

Ay Vətən, ay Vətən, ay Vətən səni?!

 

Paslanmış qılıncdın, tiyən yox idi,

Sevib öyüləsi yiyən yox idi.

Səndən danışan yox, deyən yox idi,

Daşlayıb keçirdi hər ötən səni.

 

Əyilib Arazdan su içəndə mən,

Bir səs qulağıma gəldi Təbrizdən.

Arxa da Vətəndir, qabaq da Vətən,

Hayana ötürüm sərhəddən səni?

 

 

Hörmət yiyəsidir

şairlər bizdə

 

Şeirlə açılan səhərimizdə,

Halal payımızdır cığır da, iz də.

Hörmət yiyəsidir şairlər bizdə,

Bizdə şairlərin adı başqadır.

 

Şeirdir göz yaşım, alın tərim də,

Şeirlə aldandı ilham pərim də.

Hər gün boy atdığım şeirlərimdə,

Hər sözün, kəlmənin dadı başqadır.

 

...Nə olsun, çoxalıb şeirə axın?!

Nə var ki adama şeirdən yaxın?!

Şeirdən çatdığım ocağa baxın,

Tüstüsü ayrıdır, odu başqadır.

 

 

Sevdim bu qəfəsdə

quş tutan yeri

 

Ahımı çətir tut bu göyçək yurda,

Belə kim tapşırıb yurdu bu qurda?

Ayrılıq payıdır hər sevda burda,

Sevdim bu qəfəsdə quş tutan yeri.

 

Xatirə sehri var girdiyim qolda,

Mən belə boşalım, sən belə dol da.

Nə çovğun səngiyir, nə qar bu yolda,

Bu da ömrümüzün qış tutan yeri.

 

Düşdüyüm hər eşqə dedim pir, elə,

Hər yerdə sən varsan, gəl bir-bir elə.

Sənin həsrətinə Vətəndir elə

Mənim gözlərimin yaş tutan yeri.

 

 

Həkim qız

 

Ağ mələklərin şərəfinə

 

Dodaqların çiçəkdir bir dəstəlik,

Oxunmamış nəğməsən bir bəstəlik.

Hey baş əyir səni görən xəstəlik,

Ağ xalatda ağ mələksən, həkim qız.

 

Sən verdiyin dərmanlar da bal dadır,

Bu bəxtəvər xəstən gör nə haldadır?!

Köçən quşlar hələ uzaq yoldadır,

Mən qanadam, sən lələksən, həkim qız.

 

Sevdasını şam tutdum o gəlinin,

Dərdi nədir gör bu eşq heykəlinin?

Şəfasında çiçəkləyər əlinin,

Xatirəmə sığal çəksən, həkim qız.

 

Şanapipik

 

Duman gəldi, gizləyəcək dağ sinəsin,

Bayraq tutub qaranquşlar ağ sinəsin.

Gör haçandır qulağıma dəymir səsin,

Sənin üçün darıxmışam, şanapipik.

 

İlk bahara yubanmazdın bilə-bilə,

Başındakı daraq düşməz ayrı telə.

"Bup-bup" deyib oxuyuram mən də belə,

Mən də belə qərib quşam, şanapipik.

 

Quşum, elə nə tutmusan ürəyində?

Dadı qaçıb vallah, suyun, çörəyin də.

Gül bitirib ahım sərhəd dirəyində,

Yarı bahar, yarı qışam, şanapipik.

 

 

Ayrılıqdır bundan belə...

 

Oxumaqdan səsi batıb bülbülün,

Soyuq dəyib sizin gülə, deyirlər.

Bundan belə ayrılıqdır, əzizim,

Ayrılıqdır bundan belə, deyirlər.

 

Üstümdəydi gözmuncuğu baxışın,

Ayaq izin yolumdakı naxışın.

Saçlarımı qarı tutub bu qışın,

Daha yatmır daraq telə, deyirlər.

 

Bundan belə sevib gəlmək var dinə,

Ta çəkilmə o döngəyə, bu tinə.

Səndən ötrü ölməyimin eşqinə, -

"Sağol"u da ölə-ölə deyirlər.

 

 

Durna

                                  

Məlul-məlul nə baxırsan göyə sən,

Qapı da yox, nəfəsinlə döyəsən.

Qanadından yaralısan, deyəsən,

Qatarından ayrı düşən, durna hey!

 

Yaralandın bir namərd silahından,

Durna köçü diksinəcək ahından.

Ürəyimin damarından çəkib qan, -

Sənə məlhəm gətirmişəm, durna hey!

 

...Qan damırdı rəssamın fırçasından.

Bir yaralı durnaya verdikcə can.

Bu da mənəm yarı qürub, yarı dan,

Mən də belə bir dərvişəm, durna hey!

 

 

Çörək ətri

 

Durnalar köçünü çəkib qayıdır,

Könüllər tanrının eşq sarayıdır.

Hər təndir Vətənin şeir payıdır,

Hər çörək bir nəğmə sətri, ilahi.

 

Köhnə xatirələr paslı açardı,

Qıfılı açmağı dərddi, naçardı.

Uşaqlar nənəmdən alıb qaçardı,

Sacda bişirdiyi fətri, ilahi.

 

Onda bir başqaydı bahar da, qış da,

Bir sevda var idi hər bir naxışda.

Çörək bişirənin qarda, yağışda, -

Təndir tüstüsüydü çətri, ilahi.

 

Cəbhədən qürurla qayıdan əri,

Çörəklə qarşılar sevdiyi pəri.

Şax tutar təndirə əyilənləri

Təndir çörəyinin ətri, İlahi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!