Şeirlər - Elnur İRƏVANLI

 

Bir zamanlar...

 

Əvvəl səni sevirdim,

Sonra həsrətini.

İndi nə sən varsan,

Nə də həsrətin.

Bircə bir vaxt

Getdiyimiz uzun yol var,

Hər gün məni aparır

Xatirələrimizgilə...

 

Nə qalacaq bizdən sonra

 

Yollar yola calanacaq

Saldığımız izdən sonra.

Yenə dağlar görünəcək

Göz işləyən düzdən sonra.

 

Şəhərləri kənd eləyib,

Şəkəri də qənd eləyib,

Sözü sözə bənd eləyib

Səs oluruq sözdən sonra.

 

Ay yaşayıb ömür sürən,

Bağlanacaq bəndin, bərən.

Xoş əməldən özgə, görən,

Nə qalacaq bizdən sonra?

 

Elnur, bir az danış kəsə,

Gəlmir ilham, təb həvəsə.

Dünya dönür dar məhbəsə,

Yaşadınsa yüzdən sonra.

 

Nə gəzir

 

Günahı bol olanlara

Cənnət adlı yer nə gəzir?

Bu dünyadan o dünyaya

Aparmağa sirr nə gəzir?

 

Naşı baxıb həvəs eylər,

Qarğa bülbülü pəs eylər.

Boş qazan kimi səs eylər,

Yekə başda sər nə gəzir?

 

Hədəfik - gülləyə tuşuq,

Qanadı qırılmış quşuq.

Dənizləri qurutmuşuq,

Onda inci, dürr nə gəzir?

 

Dünya qədim mağaradır

 

Aran kəsibdir aranı,

Görünməyir, dağ haradır.

Köhnə şəkil kimi həyat

Elə bil ki ağ-qaradır.

 

At başını, torpaqda yat,

Ya da uçub göylərə çat.

İnsan canlı bir eksponat,

Dünya qədim mağaradır.

 

Qara günlər qaralıb bax,

Üzümüzə olubdur ağ.

Dünyaya gəlib yaşamaq

Toydan sonra nağaradır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!