Donmuş çay
Mən buzam, şaxtalar saxlayır məni,
Sevdirir özünü tufan, qar mənə.
İsti göz yaşları əridə bilməz,
Sazaqlar olubdur indi yar mənə.
Bir vaxt sərin sulu duru çay idim,
Sağım da, solum da içirdi məni.
Hər gəlib-gedənə, dövran beləcə,
İçirdə-içirdə kiçiltdi məni.
Məni çox ürəyi soyuqlar içdi,
Dondum qarşısında buz baxışların.
Qoynuma şaxtalar, sazaqlar düşdü,
Saldılar qəlbimə buz naxışların.
İçib yad sulardan bir vaxt şən oldum,
Məni soyudanın biri sən oldun.
Niyə qayıtmısan indi üstümə? -
Doydura bilmərəm səni, incimə.
Mən indi o dəli çay deyiləm, yox,
Artıq dondurubdur soyuqlar məni.
Gəz sinəm üstündə belədən-belə,
Sındırma, sındırsan batırram səni.
Novruzgülü
Novruzgülü, nədir səni solduran,
Bahar həsrətimi, yaz həsrətimi?
Bilirəm, dözmüsən neçə tufana,
Vüsala yetməkçün sən də mən kimi.
İndisə xoşbəxtsən, gözlərin aydın,
Gözün günəşdədir, özün çəməndə.
Öpür yanağını bahar nəsimi,
Hərdən sığal çəkir yeri gələndə.
Bir qışın tufanı soldurub səni,
Neçə tufanlara dözüb durmuşam.
Bir bahar vüsala yetirdi səni,
Mənsə neçə bahar yola salmışam.
Həsrətli gözlərim yollara bağlı,
Dözürəm, dözüməm başdan-ayağa.
Köksümdə ürəyim çarpazın dağlı,
Dözürəm hələ ki bu ayrılığa.
Gəl
Sən mənim ömrümə yenidən gəldin,
Gələn bahar ilə, gələn yaz ilə.
Sən mənim ömrümə yenidən gəldin,
Yeni işvə ilə, yeni naz ilə.
Gəl ki, gülüşünlə ərit buzları,
Tufanlı, çovğunlu qar qışda qalsın.
Gəl-gəl, qıra-qıra gəl tilsimləri
Qoymayaq sevgimiz qarğışda qalsın.
Bu xoş qədəmlərin mübarək olsun,
Gəl bahar ömrümə, gəl yaz ömrümə.
Gəl-gəl gəlişinlə gül-çiçək açan
Bu yazı əbədi gəl yaz ömrümə.
Gözəldir
Budur gülür yenə üzə təbiət
Çölü, düzü toy-mağara bənzəyir.
Xalı sərib dağ-dərəyə təbiət
Al geyinib gəlişimi gözləyir.
Güllər açıb çağırırlar gülşənə.
Quşlar ötür: "Biz tərəfə gəlsənə!".
Həya qonub çiyələyin üzünə,
Ürəyində bilirəm ki, "Dər" deyir.
Qız ədalı maral baxıb çəkilir,
Bulud gəlir, bir az yağıb çəkilir.
Baxışları gözlərimə dikilir,
Günəş gülür, günəbaxan baş əyir.
Ayağımı çəmən yuyur şeh ilə,
Külək əsib sığal çəkir meh ilə,
İstəyir ki, üst-başıma tökülə,
Şəlalə də "yaxınıma gəl" deyir.
Beləcə
Mən susuram, sən də dinmə,
Belə qalaq, bax, beləcə.
Gözlərimdən ürəyimə,
Lal sulartək ax beləcə.
Nə külək, nə meh olmasın,
Nə çiskin, nə şeh olmasın.
Heç günəş də doğulmasın,
Günəşim ol, bax beləcə.
Hər anımız ilə dönsün,
Ətirli bir gülə dönsün.
Nə bəmə, nə zilə dönsün,
Donub qalsın vaxt beləcə.
Bəxş eləyən ömrü bizə,
Qələmindən süzə-süzə,
Deyək yazsın ömrümüzə,
Tale belə, bəxt beləcə.
Gəlmişəm
Yanır canım od içində,
Oduna qurban, gəlmişəm.
Gözün aydın olsun deyə
Çıllı-çıraqban gəlmişəm.
Qur səliqə-sahmanını,
Göstər ədəb-ərkanını,
Qəbul eylə qurbanını,
Bil, sidqi-cannan gəlmişəm.
Sən atəş, mən atəşpərəs,
Tələsirəm, sən də tələs,
Bu mərasim deyil əbəs,
Dini-imannan gəlmişəm.
Mən əhdimin yolundayam,
Qucağında, qolundayam,
Bu gün yanmaq zorundayam,
Ölçü-mizannan gəlmişəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!