"Öz üzümə gülümsəyən əksim, necə xoşbəxtsən?.." - Şeirlər. Atlaz RZAYİ

 

Bu qışın ən əsəbi vaxtında

yerin də, göyün də

Acısını, yanğısını soyutmaq üçün yağdı yağış.

Yağıb da yerin də, göyün də

əsəbini yuydu,

Könlünü oxşadı,

Üzünə günəş doğdu hər tərəfin.

Qış kimi idi elə Günəş də,

İsitmirdi,

Varlığı - təbəssümü bəs etmirdi

bu təbəssümlü qış gününə...

Bəs bu yağış hardan idi?

Buludlardan aşağa

Göy üzünün bahar dolu sinəsi

enib-qalxdıqca

Günəş göz yaşları ilə təsəlli verirdi.

Hər şey bir ümid dadırdı.

Bu dünyanın məzar boyda vicdanını

Günəşin göz yaşı oyadırdı.

 

 

***

Külək bu kəndin saçlarını darayır

Bir qış səliqəsi var -

Qız səliqəsinə oxşayır.

Tellərinə bir az soyuq yayır

ətir əvəzinə.

Bu kəndin alın yazısıdır bu külək

şeir yazılır kənddə

Sətir əvəzinə.

Daha gözəl dinir

Daha gözəl görünür

Qış donlu kəndimiz.

Çıxarır dünyanın mavi gözünü

Əyri bacalardan çıxan tüstüsü.

Yağan yağışlar qırış-qırış yolların ütüsü.

Mehriban buludlar

İsti nəfəslərin

Pəncərəyə hopmuş hənirtisi.

Əyninə gözəl yaraşır

Bu fəsil sənin.

 

 

***

Yorulmuşam yüz ölçməyə, biçməyə,

Yüz suala bircə cavab seçməyə,

bacarmıram çirmələnib keçməyə

Ağıl adlı dəryadan.

 

Yaramadı, tərs gətirdi düşüncəm,

Ağıl mənə işgəncədir, işgəncə.

Dəli olub mən özümə gəlincə

Gördüm yaşayır adam.

 

Qəlb - gözümün aynasını silməyə,

Hey uğrunda vuruşmağa, ölməyə

Ağıl məni çağıranda gəlməyə, -

bildim yaman inadam.

 

 

***

Zaman mənlə yarışmasın - uduzar,

hey öpürəm böyüməyən o qızı.

Yad adamtək əllərindən tutmayan,

zaman ilə yeriməyən o qızı.

 

Bu albalı ağacına heyranam

gizlənmişəm vedrə ilə budaqda.

Meyvəsini mən dərməyə çıxmışdım

düşəmmirəm o budaqdan bu vaxta.

 

Sən nə gözəl ay imişsən, may ayı,

dəcəlliyim ot-ələfdə itmədi.

Bu tərəfdə tale məni qarğıdı,

o tərəfdə xoşbəxtliyim itmədi.

 

Çiyələyi yaşıl-yaşıl yeyəndən

qızarmadı o çiyələk bir də heç.

İlişmişəm bacım deyən sözlərə

Hirsim keçmir, anam deyir bura keç...

 

 

***

Kimdir bu gülüşün sahibi, Allah

Bu qədər adama qarışıbdımı?

Yoxsa gülüşləri adam içində

Özüysə göylərə daşınıbdımı?

 

Dodağından qopan bu incə səslər

Elə bil çağırır məni yanına.

Ayrılıb bu qədər adamdan, indi

Hopmaq istəyirəm sənin qanına.

 

Bəlkə də o qədər gözəl deyilsən

gülüşün böyütdü səni gözümdə.

Qısqandım səsini bu yer üzünə

bir günah görməzsən indi özündə.

 

Hardasan, hardasan üzə çıx, ay qız

Tanrı da bəyənmir dərd verənləri

Səni and verirəm gülüşlərinə

Mən şeir yazınca gəl üzübəri.

 

 

Daş təbəssüm

 

Öz üzümə gülümsəyən

Əksim, necə xoşbəxtsən?

Şəkillərdə daşa dönən

Səsim, necə xoşbəxtsən.

Bu gülüş aldadır indi hamını,

Aldadır dünyanın qoca başını.

Dost, düşmən yanında xoşbəxtliklərim

Edibdir hər zaman uca başımı.

Özüm də inanmışam təbəssümlərə

Qarışqa yerişim sürətlənibdir

Olub

Ümid işığında işıq sürəti.

Ən aciz vaxtımda təbəssümlərim

Həyatla döyüşməyə verib cürəti.

Atamtək qolumdan qaldıran olub,

Anamtək canını yandıran olub

Bu kino dünyanın qəm səhnəsini

Elə artisti kimi dandıran olub

Şəkil təbəssümüm, daş təbəssümüm.

 

 

***

Könlüm darıxır hələ səninçün,

Səni unutmağa yetməyir gücüm.

İnciyə bilirsən gəl məndən inci,

Uğrunda mən ölsəm xoşuna gəlməz?

 

Nə çoxdur talelər qaralı, ağlı

Bir günü düzənli, on günü dağlı.

Eşqinin qurbanı olan bu ağlı

Götürüb gəlsəm xoşuna gəlməz?

 

Üzümdə gəzdirmə baxışlarını

Yağdırma üstümə qışın qarını.

Elə qürurlusan göz yaşlarını

Üzündən mən silsəm xoşuna gəlməz.

 

 

***

Saatın bu zamanı,

gecənin bu üçündə

üz-gözündən şeir yağa

elə yuxu biçimdə.

Durub üzü qibləyə

əllərini açasan,

şeir dönüb dua ola

əllərinin içində.

Gecənin tellərinə sığal verən əl ola

Bu sevgili şeirlər.

Elə alıb apara

bu nisgilli şeirlər.

Azanadək sevindirə

elə azan səsitək.

Şeir, qeybdən gələn səs,

səni yaxında hiss edirəm

Yaradanın nəfəsitək.

 

 

***

Yuxu alır ağuşuna gözümü

Bu dünyanın üstünə çəkirəm kirpiyimi.

Günəş gülənə kimi.

Zülmət ölənə kimi.

Şirin, rahat yuxumdur

Sakit olan vicdanım,

aram olan ürəyim.

Halallıqla yediyim bircə tikə çörəyim.

Yuxu düşüncəmin güzgüsü,

Ruhumun oyaq səsidir.

Yuxu ölümə gedən

Əcəlin ayaq səsidir.

 

 

***

Bu qışın ən əsəbi vaxtında

Elə qışın da, elə yerin də, göyün də

Acısını, yanğısını soyutmaq üçün yağış yuyurdu.

Könlünü oxşayırdı.

Üzünə günəş doğmuşdu.

Qış kimi idi elə günəş də

İsitmirdi.

Varlığı, təbəssümü bəs etmirdi.

Bu təbəssümlü qış günündə

Bəs bu yağış hardan idi?

Bahar dolu sinəsi

Enib qalxdıqca

Günəş göz yaşları ilə təsəlli verirdi.

Hər şey bir ümid dadırdı.

Bu dünyanın məzar boyda vicdanını

Günəşin göz yaşı oyadırdı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!