***
O qədər ucadayam
yıxılmaqdan qorxuram,
o qədər aşağıdayam,
Allah,
səndən aşağıda,
yıxılmağa
yerim yox.
***
İşıq - kölgə
gecə - gündüz
xeyir - şər
məhəbbət - nifrət
varlıq - yoxluq
Allah - sonsuzluq...
Əksimi yarada bilmədim,
ölürəm yavaş-yavaş.
***
Səbəb - nəticə
nəticə - səbəb
hava - od
od - su
su - torpaq
torpaq - adam
adam - Adəm.
Bəs nə qaldı? -
güman.
Güman - Allah
Allah - hər şey.
***
Doğulursan,
beşiyin boyuna
düzəlir,
böyüdükcə
paltarın boyuna
biçilir,
ölüm gəlir,
məzarın boyuna
qazılır.
***
Torpaq - addım səsləri
şəhər - adamlar
yol - ayaq izləri,
dəniz - qağayılar,
qağayılar sevdalı
ağac - yarpaqlar.
Yarpaqlar - solmuş
ürək - çatlamış...
Gözlər, baxdın
nəyi görmədin?!
***
Zaman - axır
keçmiş - olanlar
olanlar - təsəlli
gələcək - hələ olacaq
olacaq - ümid.
İndiki zaman,
bəs sən hardasan?
***
Qar - yağır
gözlər - gözəllik sevgi
axtarır
gündüz - gecə intihar etmiş
axşam - gündüz qara geyinmiş
qar gözlər gözəllik.
***
Gündüz axşam gecə
yaşamaq bərabərdir
sevmək üstəgəl
yavaş-yavaş ölmək sadəcə.
***
Dar ağacında
yaşayan görmüsənmi
yarpaq misalı?
***
Əlini əlimdən üzdün,
əllərimdə yaşayırsan indi.
***
Mən yağışı sevirəm
yağışsa pəncərəmi.
***
Gözəl düşmənim
səni sevməyə bilmirəm
gözəl olduğundan.
***
Dəriləndən sonra da
ətri gözəl olur güllərin.
***
Ölüm - nə tez yayılırmış
sükutun səsi.
***
Yaxınlaşdım
dənizə, uçdu qağayılar.
***
Hamının olan qadının
bətni kimsəsizliklə dolar.
Doğar
balası kimsəsizlik olar.
***
Örtdüm pəncərəni
qapı da bağlı.
Azadlıq -
zindanda olsa da belə
sevdiyin qadınla
təklikdə qalmaqdır.
***
Göy üzü islanmaz
yağışdan sonra.
Yağışdan sonra bulanmaz çirkaba
batmaz göy üzü.
***
Daha çox sevim deyə,
tərk etdim səni.
***
Yollar usanmadı heç
usanmadı tapdanmaqdan.
Təkcə yol qırağındakı ağaclar
qorxmaz tənhalığından.
***
Yaşanan hər sevgidə
bir az azaldım,
azala-azala çoxaldım.
***
Dünya məndən böyükmü?!
***
Allah sənə ürək verib
yanırsa
söndür ürəyini - yaşa.
***
Yoruldum,
saçlarımı uzadım gərək.
***
Dekabrın ikisi - doğulduğum gün
kimdir qatilim.
***
İşığı söndür
daha yaxşı görüm səni.
***
Qapılar
insanın özündən çıxış yoludur.
***
Gəlmə,
səni gözləmək də gözəldir.
***
Sən də
barışdın yoxluğumla.
***
Bu gün
heç yerdə yaşamaq istəmirəm.
***
Allah
başımı uca elə
güllə alnıma dəysin.
***
Unuduram səni
Bağışla,
yeni sevdalar keçir başımdan.
***
Gizləndim
özümü axtardığım yerdə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!