***
Sən gedəli
neçə yarımçıq şeirin
boynunu vurdum,
Neçə həsrət sətir-sətir yıxıldı gözümdən...
Yatağımda dar ağacı qurdum,
Asdım özümü alın yazımdan...
Sən gedəli
hər addım səsi
köksümə sancılmış bir qurşun,
Yuxularım minalanmış,
havam çatmır...
Sən gedəli
Yaşılım sarışın,
qaranlığam,
qürub təsəllilər ovutmur...
Səninlə gedib ruhum,
vücuduma qayıtmır,
sənsiz bu şəhər yuxuya getmir...
***
Bir təyyarə qanadı yardı üfüqlərimi,
Mən sənin göylərində ayaq açıb yeridim.
Qaçdım sənin dalınca buludlardan yuxarı,
Getdin, elə islandım, damla-damla əridim...
Sən gedəli yerdən də küsdü bu dəli ruhum,
Bütün uçuşlar keçir ayağım altdan indi...
Məndən heç nə qalmayıb, götürmüsən özünlə,
Axı sənə demişdim, nəyim varsa sənindi...
Limanları səhv düşən bu qəzalı ömrümün,
Açsam qara qutusun, həsrətin töküləcək...
Aldığım neçə nəfəs sənsiz gücün itirib,
Bir hava boşluğunda çarmıxa çəkiləcək...
Bir bilet də mənə al, ömrünə yan almağa,
Qanadım qırılmasın qoy uçuş zolağında...
Sən getməyə həvəskar,
mən gözləməkdən yorğun,
Gözlərində boğulub qalmışam Allahın da...
Bağışlayaram...
Baxıb dalğın üzünə bir yarımçıq kölgənin,
Boynuna kəndir atıb ümidsiz bir "bəlkənin".
Ürəyimin başından soyaram yana-yana,
Bəyaz ruhuma düşmüş saf sevgimdən ləkəni,
Səni bağışlayaram...
Götürərəm yanında nə əmanətim varsa,
Dizlərinin dibində günahım da qalarsa!..
Yığıb od öpüşləri yorğun xatirələrdən,
Gecələr pəncərəndə ulduz-ulduz solarsa,
Səni bağışlayaram...
Daha poct qutusundan məktub çıxmaz şeirimə,
Hər misranı ocağa ataram köz yerinə.
İtər ağzının dadı sevgi qafiyələrinin,
Daha sual qoyaram ömrün nöqtələrinə,
Səni bağışlayaram...
Bir qatar göndərərəm bir biletin ardınca,
Boğularam içimdə, olanları dadınca...
Sonuncu sərnişintək çıxaram qollarından,
Yığıb çamadanlara nəyim varsa, qadınca
Səni bağışlayaram...
Səni bağışlayaram...
Sən gəldin...
Xatirələr kirlənmişdi o gecə,
Yudum, yudum, kirpiklərimdən asdım.
Yad əllərdə isitdiyin əlini,
Köz eləyib əllərimə dağ basdım.
Mən ovcumda öləcəkdim,
sən gəldin...
Bir uçqunda dağıntılar altından,
Ölməmişdim, yaralanıb çıxmışdım.
Bir gecədə əllərinin tumarı,
Boya kimi saçlarımdan axmışdı...
Mən saçımdan öləcəkdim,
sən gəldin...
Gözlərimdə qayıq oldu həsrətin,
Boğulanda tutub çıxdım naəlac.
Bu dünyanın hər nəyinə tox ruhum,
Təkcə sənin saf eşqinə acdı, ac,
Mən acından öləcəkdim,
sən gəldin...
Ürəyimə gün doğmadı bir dəfə,
Ömür keçdi gecə kimi qoynumda...
Unutmağa güc yığırdım içimdə,
Soyunurdum bu sevgini əynimdən.
Mən gücümdən öləcəkdim,
sən gəldin...
Son şeirimi son nəfəstək, yazmamış,
Söz içində öləcəkdim,
sən gəldin...
Sənin pəncərəndə...
İslanıb ayağı yenə şəhərin,
Göylərin səhəngi yerə dağılıb.
Gecəni narahat keçirib Allah,
Səmada bir qara bulud boğulub...
Küçələr çırmanıb topuğa kimi,
Yolların qolu yox çamur götürə...
Elə isladıb ki, məni bu həyat,
Ehtiyac qalmayıb daha çətirə.
Gecəsi mənimlə nəmlənən şəhər,
Günəşi çiyninə atacaq səhər.
Gəmisi tufanda batan ümidəm,
Gözümü limantək sevir dənizlər.
Zülməti qoynuna alan otağım,
Birtəhər yuxuya verər kədəri...
Mənim pəncərəmdə şimşəktək çaxar,
Sənin pəncərəndə yağar gözlərim...
***
Sən dərdi hansi rəngdə çəkirsən ağ kağızda?
Dərd çəkdim - dad bilməni itirən insan kimi.
Boynumdakı düyünü qurtuluş rəmzi sayan,
Dar ağacına qaçan qaranlıq zindan kimi...
Ya Rəbb, götür fırçanı, yaxın gəl gözlərimə,
Yağışı yanağımda gözəl çəkə bilərsən?
Tənhalıq gecələrin sinəsinə qısılıb,
Həsrəti ağac-ağac xəzəl çəkə bilərsən?
İslat nəm saçlarını firçanın, sözə batır,
Yarat portretini qucağımda təkliyin...
Ele çək ki, görünsün mənim dərya könlümdə,
Odur ən dərin qatım, ən böyük yüksəkliyim...
Onu çək otağımda, onu çək sol yanıma,
Ovuclarımın içi tərləsin əllərində...
Gözlərimdən axınca fırçanın son boyası,
Tanrım, götür tablomu as onun qollarında...
Ağla...
Mən öləndə çox ağla,
Buluda qoşul, ağla.
Bir daşın başı üstə
Dayan yamyaşıl, ağla!
Endir yarpaqlarını,
Günəşdən gizlə məni...
Yenə qısqan, yenə sev,
Yad gözdən gözlə məni...
Al, ovucla göylərdən,
Gözlərindən tök məni...
İzin vermə üşüyüm,
Oxşa torpaq sinəmi!..
Mən öləndə çox ağla,
Ağla, için boşalsın...
Həsrətindən qurumuş
Torpağım da yumşalsın...
Yenə səni hər gecə,
Ruhum sıxsın köksünə.
Qucağımda yuxular
Layla söyləsin sənə!
Görüşümə qızılgül
Gətir, qoxla ətrimi...
Dodağından bir ömür,
Soyma, saxla ətrimi...
Qurtumla yoxluğumu,
Tünd dəmlə həsrətimi.
Birinə məndən danış,
Sayıqla sübhə kimi...
Hərdən gəl, xəbər elə
Çıxım yolun başına.
Ən gözəl şəklimi,
Geyib durum qarşında...
Mən öləndə çox ağla,
Ağla, üzülmə amma...
Ürəyindən sevgimi
Üşüyərsən, soyunma!
Kimsə qalmayıb...
Kimsə qalmayıb şəhərdə,
Bir Bakıdı, bir də ki, mən...
Yolları yerdən götürüb,
Sıxmışam bərk-bərk köksümə.
Ömürdü də, hey şütüyür,
Daşıyır məni səhərə.
Hansı ünvana yol alım?
Səninlə gedib küçələr.
Qollarına gedən yollar,
Döngəsində düyün düşüb.
Gecə yaman yağış yağıb,
Şəhər gözümdən sürüşüb...
Qız qalasının üstündən,
Gəl, atır özünü səhər.
Gecə intihar eləyir,
İçimdə əsən küləklər.
Ömrün ayağı büdrəyir
Yıxılır göydələnlərim.
Sən gedəndə boğuluram,
Nəfəsi çatmır göylərin.
Eh, sən hardan biləsən ki
Bu şəhərdə kimin qalıb?!
Tez gəl, sabaha çıxmağa,
Bircə ovuc ömrüm qalıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!