Mənim Zəngəzurum
Zaman çevrilibdir bir qara yelə,
Elin arzuları yaralanıbdır.
Namərdin xəyanət qayçısı ilə
Mənim Zəngəzurum paralanıbdır...
Tikanlar boy atıb, çiçəklər solub,
Qartallar yurdunu qarğa, sar alıb.
Kolların dibində gül şehlə dolub,
Yolların gözünün kökü saralıb...
Bir vaxt Zəngəzurun kefi çağ idi,
Gör kimə inandıq, kimə güvəndik?
Xəyanət qurbanı oldu Ağudi,
Dəstəyird, Sofulu, Urut, Nüvədi...
Nə qədər doğma kənd döndü yad elə. -
Çayların, göllərin gözləri doldu...
Düşdü Qafan, Gorus, Sisyan yad ələ,
Mehri kaftarkoslar diyarı oldu...
Oldu başımıza dünya niyə dar? -
Haqsızlıq səbrimi yaman daşdırır.
Bir yanda Ağbulaq, Şamsız, Niyədar
Bir yanda Qaragöl, Qızıldaş durur...
Üzü də qaradır əhdi qaranın,
Üstümə ağrılar alayı gəlir.
Qafandan yüzbaşı Mehdiqaranın,
Gorusdan Nəbinin harayı gəlir...
Dönüb sahibinə Topağac, Səngər, -
Zəngilan, Kəlbəcər qeyrət hasarı...
Özgə kölgəsində yatan köpəklər
Hürür Qubadlıya, Laçına sarı...
Namərd xəyallara saplanıb xəncər,
Düşmənlər bükülüb, yumağa dönüb.
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Çəbrayıl bir dəmir yumruğa dönüb.
Ulu yurd yerləri halalca paydı,
Sonuncu fərmana zaman qol çəkir. -
Şərqi Zəngəzurun gözləri aydın,
Qərbi Zəngəzurun gözü yol çəkir...
Zəfər bayrağına
dönüb lalələr
Yurdu azad edib müzəffər ordu,
Qələbə arzusu dönüb gerçəyə.
Bu il yaz tələsir, xaraba yurdu
Bələmək istəyir gülə, çiçəyə...
İçimə od salır qızıl lalələr,
Yerin də köksündə həsrət közərmiş...
Şehlə silələnib nur piyalələr,
İlahi, bu yerlər necə gözəlmiş...
Nisgil var bu sevgi macərasında,
Az qalır ayrıla huşum başımdan.
Yox imiş dünyanın heç harasında
Mənim torpağımdan, mənim daşımdan...
Yaxşı ki, xalqımın başı üstündən
Əskik olmayıbmış Tanrı nəzəri...
Çiçəyi boylanır daşı üstündən, -
İlahi, bu yurdun yoxmuş bənzəri...
Gördük yurd yazını ömrün qışında,
Səbrli olanlar murada çatır,
Ancaq ulu yurdun hər qarışında
Təhlükə uyuyur, qan-qada yatır...
Ev qədri bilərmi səfil olanlar? -
Xəyalən tikilən saraylar uçub...
Yurdumdan qovulan əfi ilanlar
Mina yumurtalar basdırıb qaçıb...
Düşmənlər düşməyib qisas atından,
Bizi izləyən var durub qıraqda.
Təhlükə boylanır yerin altından,
Mürgülü minalar durub marıqda...
Ancaq işə keçmir hərzə-mərzələr,
Daha kül üfürə bilmirlər gözə.
Qıvrıla-qıvrıla qalan gürzələr
İndi dil çıxarıb yalmanır bizə...
Gülür çəmənimiz, gülür çölümüz,
Min lənət yağının zati-pakına.
Hələ göz görürsə də, çatmır əlimiz,
Qovuşa bilmirik doğma məkana...
Yığmışıq yağının əl-ayağını,
Çarəmi tapılar sağalmaz dərdə?
Arzusu gözündə qalan yağının,
İzi qalmayacaq bu doğma yerdə...
Quş quşu səsləyir, böcək böcəyi,
Ətirli küləklər dərdə məlhəmdi,
Gül-gülü çağırır, çiçək-çiçəyi,
Bülbülün nəğməsi ayrı aləmdi...
Qəlbi qovrulursa həsrət közündə
Bir igid qisası qoşundan alır.
Yaz bir tablo çəkib Yazı düzündə
Görənin huşunu başından alır.
Gədiklər, yamaclar bələnib zərə,
Çiçəklı dağların köksü qabarmış...
Alın yazımızda bu doğma yerə
Yenidən qayıtmaq qisməti varmış...
Doğma Qubadlıda, doğma Laçında,
Ümid çırağına dönüb lalələr.
İndi Qarabağın hər yamacında
Zəfər bayrağına dönüb lalələr...
Elə bilməyin ki,
yanğınlar sönüb
Xəyanət görəndə ürəyim donar,
Yandırmaq asandı, söndürmək çətin.
Oğru maskalanıb, girər min dona,
Doğrunu yolundan döndərmək çətin.
Kədər dənizində ağrılar üzür,
Dəryalar qoynunda insan dağ imiş.
Sönənin kömürtək qaradır üzü,
Yanmağın axırı kül olmaq imiş...
Mərdin uğuruna həsədlə baxar,
Ümidi qalmayıb aydın sabaha. -
Kol-kosu yandırıb aradan çıxar,
Namərdin əlindən nə gəlir daha?
Göyə bülənd olan odlar içində
Günahsız oğlaqlar, quzular yanar.
Ürəyimə düşən çatlar içində
Yanır, çırtaçırtla arzular yanar...
Atəşböcəkləri boz külə dönüb,
Körpə quşcığazlar qara kömürə...
Elə bilməyin ki, yanğınlar sönüb,
Düyünlü yumruqlar dönüb dəmirə...
Haqqın bir sözünü etmədik iki,
Verdik könlümüzü imana, dinə...
Bu namərd yanğınlar qəlbimizdəki
İntiqam odunu qoyarmı sönə?
Bu gündən güc alır nurlu səhərlər,
Sanma türk döyüşdən yan duracaqdır.
Zəfərlər dalınca gələn zəfərlər
Hələ düşməni çox yandıracaqdır...
Mənim xəritəm
Çiçək arzulara kəfən biçibdir
Üstümüzə düşən qara kölgələr...
Bütöv xəritəmi qayçılayanlar
Yanımda yaradıb yamaq ölkələr...
Dolarmı quyuya su tökmək ilə?
Gərək öz köksündən bulaq çağlaya...
Mərdin ömür yolu mərdanəlikdi,
O, çətin namərdə könül bağlaya...
Sədəqə dilənib ömrü uzunu,
Kimsə sümük atdı ağzına bəlkə?
Bizə nə ağılla meydan oxuyur
Cırıq cındırından cin hürkən ölkə?!
Uzaq əsrlərdən ləngərlə gələn
Ömür karvanıma hürmək əbəsdi...
Onu cəhənnəmə vasil etməyə
Qayamızdan qopan çınqıl da bəsdi...
Arxalı köpəklər hürsə də bizə,
Xalqımın qolunda haqqın gücü var...
Namərddi nahaqqa havadar olan
Onun da məhvinin tezi-geci var...
Gözüm xəcalətdən kölgələnməyib,
Xətir-hörmətim var el arasında.
Xəritəm aynatək çiliklənsə də,
Xalq bütöv görünür hər parasında...
Bir dəqiqəlik sükut
Vətən müharibəsində şəhid olan
bütün əsgərlərimizin ruhuna
Qəlbimiz parçalandı, gözlərimiz nəm oldu,
Ruhlarınız qoşuldu ölməzlər sırasına...
Sizin axan qanınız müqəddəs məlhəm oldu,
Vətənin illər boyu sızlayan yarasına...
Öz şirin canınızı Vətənə qurban dediz,
Müqəddəs bir diyarda kamala dolmusunuz.
Bir vaxt üç minə yaxın anaya oğul idiz,
İndi siz milyonların övladı olmusunuz...
Öz qısa ömrünüzdə şərəfli yol seçdiniz,
Pillələr saldınız ki, zirvəyə qalxa bilək.
Siz vətənin yolunda canınızdan keçdiniz,
Biz sizin borcunuzdan çətin ki, çıxa bilək...
Hamımız səs veririk qəlbimizin səsinə,
Nakam taleyinizə göynəyirik, yanırıq.
Siz qorxmadan qalxdınız şəhadət zirvəsinə,
Bir dəqiqə sükutla indi sizi anırıq...
Günah qara yeldədi, vicdanlar sakit deyil,
Solan körpə güllərin axı nə günahı var?
Minalanmış sahədi, bu adi sükut deyil,
Bu sükutun içində anaların ahı var...
Bu sükut gərək bizim ruhumuzu dəyişə,
Qanınız milyonlara sədəqədir, fitrədir...
Bu sükut min il qabaq el yolunda döyüşən
Nigaran şəhidlərin məzarını titrədir...
Qarşınızda şax duran, ruhunuzdan güc alan
Bir ölkənin yenilməz, müzəffər alayıdı...
Bu adi sükut deyil, bizsiz viranə qalan
Ulu yurd yerlərinin ehtiram harayıdı...
Çardaxlı suyu
İnci axtarmışam hər an dərində,
Gözüm uzaqlara baxıb həmişə...
Mənim Çardaxlımın həndəvərində
Bulaqlar çağlayıb, axıb həmişə...
Bir cam su içmədim Cam bulağından,
Ucqar Quş bulağı quşlara qalıb...
Qarağac bulağı Səngər dağından
Süzülüb, durulub, daşlara qalıb...
Həsrət yağışları üzümü yuyur,
Nisgil ürəyimi dəlib həmişə...
Mənim Qubadlımın içməli suyu,
Mənim Çardaxlımdan gəlib həmişə...
Baxıb uzaqlara köks ötürmüşük,
Ov bircə addımlıq bərədə qalıb.
Pəyhan bulağından su gətirmişik,
Qısraq boynubükük dərədə qalıb.
Lalə dənizimi Çardaxlı düzü?
Ona gözəlliyi yaradan verib...
Hər an təşnə qalıb Çardaxlı özü,
Suyu Qubadlıya həyat, can verib...
Bu kənddə gəlmişəm imana, dinə,
Bu kənddən gözəl yer qonaq tapmayıb.
Heç kəs susuz yerdə salmayıb binə,
Eli öz başına bulaq toplayıb...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!