Sabah otuz beş olacaq...
Bu gün ayın on dördüdü,
sabah otuz beş olacaq.
İndən belə bir də haçan
ürəyimiz boşalacaq.
Tökülən yarpaq səsinə
diksinir yuxulu şəhər.
Külək vurur, kölgəsiylə
dənizə yıxılır şəhər.
On dörd günlük Ay da çıxıb,
ağ buludların çiyninə.
Otuz beşi alıb sən də,
Dur görüm, geyin əyninə.
Allah bilir, gələn qışa
bu bir tavan, bu döşəmə,
bu dörd divar boş qalacaq.
Bu gün ayın on dördüdü,
sabah otuz beş olacaq...
Mina kimi xatirələr
Yaddaşımın alt qatında
mina kimi xatirələr.
Bundan sonra yaşasaq da,
buna kimi
xatirələr...
Bu dərd,
sevgi qucaq-qucaq,
de, hansından hara qaçaq?!
5,45 kimi qovacaq
sona kimi xatirələr.
Ömrün içi də soyuqdu,
çölündə əcəl duyuqdu.
Ondan sonra heç nə yoxdu.
ona kimi...
xatirələr!
Qayıdıb barışdım tənhalığımla
Bu günün, dünənin söhbəti deyil,
mən çoxdan tanışdım tənhalığımla.
Görən, kim böyükdü,
kim daha çoxdu? -
mərc gəlib yarışdım tənhalığımla.
Çiynimdə mələklər sakit, kirimiş,
laxlatdı ömrümü bu yoxuş, enis.
Göynən getməyin də yeri yox imiş, -
qayıdıb barışdım tənhalığımla.
Əlimi dünyadan gül kimi üzdüm,
göydə bilən bilir nə təhər dözdüm.
Mən heç ilanla da yola getməzdim,
qaynayıb qarışdım tənhalığımla!..
Kölgənə soyuq
olmur ki
Əllərinin beş addımlıq
həsrətində itir günlər.
Hələ ki sənsiz ömrümü
əlçim-əlçim didir günlər.
Ovcumun içi göynəyir -
saçlarına dənmi düşüb?!
Yoxsa əlimin izinə
yenə darağın ilişib?
Bu şəhərdə aramızdan
keçilməyən küçə keçir.
Mən tərəfdə yaz, qış birdi,
oralarda necə keçir.
Dəniz hansı rəngdə olur,
İydələr çiçəkləyəndə?
Dərdini kimə deyirsən
ulduzlar gözün döyəndə?
Kölgənə soyuq olmur ki,
taleyinə gün düşübmü?
Barmaqlarım sızıldayır -
saçlarına dən düşübmü?!
Hardan düşdü
yadına...
Sən elə bilirdin bitib tükənir,
təqaüd yaşına çatan xanımlar.
Dərdi qucağlayıb ər əvəzinə,
öz qolu üstündə yatan xanımlar.
Belə...
götürəndə yoxdu boyatı,
hərəsi bir nağıl, nəğmə, bayatı.
Ümid divarında hər gün boy atıb
sevgi gəmisində batan xanımlar.
Ürəyi əlindən betər darıxıb,
gözləri güzgüdə qalıb, karıxıb.
Dünyanın nəbzini əldən buraxıb,
təkliyə qafiyə tutan xanımlar.
Qarlı nağıl
Gəraylı yaşında bir qız sevərsən,
qoşmaya çevrilib çıxar əlindən.
Ovcunda od tutar qar topası da,
əriyə-əriyə axar əlindən.
Səni həsrət sevər, ayrılıq seçər,
köhnənin tanışı yolundan keçər,
"Gəraylı yaşlı qız" qolunda keçər:
"Bu da xanımımdı"...
Sıxar əlindən.
...Ömür körpü kimi ortadan sındı,
sındı, qadan alım, çox qadın sındı!..
Əlləri onsuz da başqasınındı,
gözləri boylanıb baxar əlindən.
Bu da ilin
son iş günü
Sevinirəm, kövrəlirəm, -
bu da ilin son iş günü!
Bütün günlər sönüb gedir,
tək yanır ilk görüş günü...
Gün nədi, ay nədi, il nə? -
Hərəsi bir naxış, ilmə.
Ən yaxşısı nədi? -
bilmə...
Taleyindən soruş günü.
Gün var ki, heç it ulamaz,
daşa versən itiləməz,
heç bir ütü ütüləməz
kələ-kötür, qırış günü.
Ağ, qara... necə gün varmış,
ömürdə neçə gün varmış?
Dünyada bircə gün varmış, -
o da ki...
qurtuluş günü!..
Ürəyimin ağrısını
Anam bilməz, bacım bilməz,
bir həkim, münəccim bilməz.
Qaraçıya açım, - bilməz
Ürəyimin ağrısını.
Hansı qara daşa çırpım,
taca çırpım, başa çırpım?!
Üzü qarlı qışa çırpım
Ürəyimin ağrısını.
Coşub-daşsa da arazlar,
dərdə toy tutan bu azlar
qapılardan buraxmazlar
Ürəyimin ağrısını.
Sözü gülləyə çevirdim,
həm vuruldum, həm sevildim.
Üzü qibləyə çevirdim
Ürəyimin ağrısını.
Atın torpağın çatına,
Yer kürəsinin altına,
Yazın bu yurdun adına
Ürəyimin ağrısını.
Yoxumsa da dinar-dirhəm,
yenə də həmin Sabirəm.
Mən girov qoyub gedirəm
Ürəyimin ağrısını...
Sümüyə dirənən
bıçaqdı ömür
Dərildi çiçəklər, saraldı yazlar,
soldu yarı yolda qalan arzular,
üzünü güzgüdən qaçıran qızlar,
qaçırılan qızlar....
Hansını deyim?!
Sümüyə dirənən bıçaqdı ömür,
elə doğulandan qaçaqdı ömür.
Torpaq yeyənlərə qalxıb söz demir,
ömrümü, sözümü hansını yeyim?..
Səliqəli söyür ağzıgöyçəklər,
vitrindən boylanır isti əlcəklər,
bir Qazi əllərin cütləyər, təklər:
"barmaqsız əlimə hansını geyim?".
Kim nəyi tullayıb, kim kimə atıb,
boyat ümidlərin əcəli çatıb.
İtin, pişiyin də rəqibi artıb, -
bu zibilxanada hansını söyüm?!
Hamıdan qaçıram, kimə qarışım,
nə sevmək vaxtımdı, nə ölmək yaşım.
Bu dizim, bu başım, bu da başdaşım, -
hansın sığallayım, hansını döyüm?!
Sevdiyimiz şəkillər
də köhnəlib
Daha yorğun ürəyim
həminki vuran deyil.
Daha köhnə sevdalar
təzəsin quran deyil.
Daha sən də köhnəsən
nəvələrin gözündə.
Mən də çıxıb gedirəm,
üzündəki izimdən.
Daha
yaman köhnəlib,
sevdiyimiz şəkillər.
Daha yaman qocalıb
keçdiyimiz o illər...
Ürəyimdən çıxır
sözümün canı
Kağız üstə düşən kölgəsi deyil -
Ürəyimdən çıxır sözümün canı.
Nə Tanrı eşitdi mən deyənləri,
nə oxuya bildim Tanrı yazanı.
Ən uca səslə də qaldırmaq olmur
qələmin ucundan yıxılan sözü.
Hər gün təmtəraqla dəfn eləyirik
tabut kitablara yığılan sözü.
Qələm də üstündən sürüşüb keçir,
Sözün sehrlisi qalır dərində.
Dən izi düşməyən
bir çimdik torpaq
gəzirəm min illik əkin yerində.
Dağ tərəfdən qış keçib
Gətirdiyi bar əyib
ağacların qəddini.
Dağ tərəfdən qış keçib
Payızın sərhəddini
Havalı adamlardan
baş alıb qaçır külək.
Yarpaqların başına
min oyun açır külək.
Yenə baş saxlamağa
yaman qarışıb başlar...
Çiçək mövsümü bitib
şeir mövsümü başlar.
Payızın içindəyəm,
içimdə yaz həsrəti.
Ömür payız şərqisi,
Sarı yarpaq hər sətri.
Məni də birnəfəsə
çəkib aparır payız.
Tək darıxmasın deyə,
sarı yarpaqlarına
Büküb aparır payız...
Eşqin göydələnində
Dnepr şəhəri,
Qaqarin, 11.
Qızlarla bir yataqxanada, -
Məktəbimiz,
mətbəximiz
mərtəbəmiz bir...
Divar qonşusuyduq
tələbəliyin beşinci mərtəbəsində, -
Eşqin göydələnində.
O, 112-də yaşayırdı,
Mən 114-də ölürdüm.
Mən o qızı,
o sarışın alagözü
hamıdan çox sevdiyimi,
bilən olmadı.
Bəlkə də oldu,
üzə vuran olmadı...
bilmirəm.
Gecədən azca keçmiş
bir bəhanə tapıb
döyərdim qapılarını:
- sizdə duz olarmı,
kibritiniz varmı,
yanğını söndürməyə?!.
Burda Vətən
dura-dura
Nə yayın qızmar çağında,
nə də ki, qarda öləsən.
İlk baharın ortasında,
ya son baharda öləsən.
Arvad dalınca qışqıra:
Qəbrin burdadı e... Hara?!
Burda Vətən dura-dura
gedib kənarda öləsən?..
Dərdi çeynəyib, çərlədib,
günləri bir-bir hərlədib,
O dünyaya diri gedib,
sonradan orda öləsən...
Qalan günlərimi de
Təzyiqimi ölç,
nəbzimi say,
qalan günlərimi de.
Oğurlanan illərimi,
doğru saatlarımı
yalan günlərimi de.
Nəvələrinə ağrılarımdan
heç nə demə, danışma!
filan vaxtlarımı,
filan günlərimi de...
İki yaşlı Zəhranın
qətlinə
Boğuluruq batan qanda
dur, əl uzat, çək, İlahi.
Bu qansız dərdin əlində
tək qalmışıq, tək İlahi!
O qız top şəklini çəkib,
lüləyə gül taxacaqdı.
Bəlkə də çəkdiyi rəsmə
Dünya dönüb baxacaqdı!..
Səbrin böyükdü, bilirəm,
nə ilə ölçək, İlahi? -
Qanına batmış balanın
şəklin sən də çək, İlahi.
Adlayıb keçə bilmədi,
ikicə yaşın üstündən.
O qızcığazın şəklini
böyüt,
as başın üstündən...
Qardaşım, Qarabağ qazisi Asifin xatirəsinə...
Ana, qolların qırılsın,
qucaqla gələn oğlunu.
Son nəfəsdə qızlarının
üzünə gülən oğlunu.
Ömrünü ölüm uzadıb,
saralan gülün uzadıb,
yuxuma əlin uzadıb
gözümü silən oğlunu.
Sən!
Ölüm diləməmisən?!
Karıxıb, eləməmisən?
Darıxıb eləməmisən? -
Dur indi ruhlar içində
gəz, dolan, dilən oğlunu!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!