Anam bilmir
Uşaq vaxtı anam mənə
yemək yedizdirəndə
üstümə dağıdardım,
anam əsəbləşərdi...
İndi öz əllərimlə qəm yeyirəm,
yerə-göyə dağıdıram...
Anam bilmir!
Səkkiz martda
əlimdə gül
"Ana" şeiri oxuyardım...
İndi ona oxuduğum şeirləri
mən yazıram...
Anam bilmir!
Evə gec çıxardım, darıxdığından
qucaqlayıb qoxlayardı:
İndi üstümdən siqaret iyi gəlir...
Anam bilmir!
Yalan nəsə deyəndə mən
Allaha and içməyimi istəyərdi...
İndi anamın canına and içirəm...
Anam bilmir!
Müharibə olmasın
Olmasın müharibələr:
Şəhidlər xiyabanında
havaya yaylım atəşi
açılmasın...
Analar diz döyə-döyə
cansız oğullar gətirən
cənazənin qabağına
dizi üstə yıxılmasın...
Atalar ah çəkə-çəkə
Vətən sağ olsun deyərək
üçrəngli, aylı-ulduzlu
bayraqlara sarılmasın...
Kitablara, heykəllərə,
bulaqlara, şəkillərə
"Filankəs filan tarixdə
filan şəhərin uğrunda
Şəhid olub" yazılmasın...
Olmasın müharibələr:
Göyərçinin qanadları
qırılmasın...
Ölümümdən
bir gün qabaq...
Öləcəyim günü bilsəm,
ölümümdən bir gün qabaq
Allahın mənə verdiyi
illərə qurban kəsərəm -
Ömrümün qalan hissəsin
düz tən ortadan kəsərəm...
Elə özüm düzəldərəm
divardakı öz şəklimi:
qoymaram qızım şəklimin
tozun göz yaşıyla silə,
qoymaram oğlum şəklimin
çərçivəsin hazırlaya -
İstəmirəm qızım məni
toz izindən,
oğlum məni
çərçivədən xatırlaya...
Örtərəm kirpiklərimi,
gözüm öyrəşsin sabaha,
bəlkə də mən sabah bu vaxt
heç nə görməyəcəm daha...
Öləcəyim günü bilsəm,
ölümümdən bir gün qabaq
ölümdən şeir yazaram!
Atılan daşlar
Körpəliyin daşın atdım,
Daşa dəydi ayağım -
Onda bildim iməkləmək yaxşıdır yeriməkdən...
İstəməzdim böyüyüm -
Əgər anam bezməsəydi,
Körpəsinin arxasıyca oyuncaq sürüməkdən...
Uşaqlığın daşın atdım,
Getdi dəydi qonşu pəncərəsinə,
Şüşə oldu çilik-çilik...
Onda başa düşdüm kasıblıq nədi -
Atamın cibinin canı yox idi bir şüşəlik...
Daş atmağın daşın atdım,
Axır-əvvəl anladım ki, daşın düşən yeri var...
Hələ ki peşman deyiləm,
Allah bilir, subaylığın daşın atsam nə olar!?
Gəlmişəm
Nəfsimi boğmamış
boğulmuşam mən,
Dərd məni yormamış
yorulmuşam mən.
Fələk doğulmamış
doğulmuşam mən -
Ondan əvvəl saya-saya gəlmişəm...
Yer qatında
işıq saçan adamam,
Mən Günəşə
süfrə açan adamam -
Qışın soyuğundan
qaçan adamam,
Allah-Allah deyib yaya gəlmişəm...
Dünya daralmayıb,
yenə genişdi,
Həmin görkəm,
həmin o görünüşdü -
Çox tanış gəlir,
hə, yadıma düşdü,
Bir dəfə də doqquz aya gəlmişəm...
Kasıbın olanından
Dünən yazılanları
nöqtə, vergülünəcən
üzündən köçürürəm -
Bu gün də
Əlinin papağın Vəlinin başına,
Vəlinin papağın Əlinin başına
keçirirəm...
İşdən evə
bir tikə dərd aparıram
abrıma bükə-bükə -
Dar otaqda beş adamlıq ailə
dərd yeyir çəkə-çəkə...
Axşam qonaq gələcək:
anam plov dəmləyir
üç ay əvvəl aldığı düyünün qalanından;
nənəm mətbəxdən süfrəyə daşıyır
kasıbın olanından...
Üç parça
Kağız parçasında şeirlər gəzir,
Şeir sətir-sətir əsrlər gəzir -
Dilimdə bitməmiş sətirlər gəzir,
içimdə söz parçası var...
Qapqaradı ağıl dişi dərdimin,
Gözündən yaş gəlir kişi dərdimin -
Yavaş-yavaş yatır şişi dərdimin,
üstündə buz parçası var...
Bəxtimdən toz-duman çəkilmir hələ:
Yağış da yağmır, su da gəlmir hələ -
Küçəmizə gələn yar bilmir hələ
qolunda toz parçası var...
Xoş bəxt
Bəd bəxtlər yazan xoş bəxtə çatmayıb,
Nəzərində xoşbəxt adam tutmayıb -
Xoşbəxtlik evdən çıxıb qayıtmayıb:
Axtarırıq hər tərəfi,
tapılmır...
Bəxtimin üstünə atın qərənfil,
Ölümü qismətdi, cinayət deyil -
Lənətləyib kimsə məni elə bil:
Bəxtimin bəxti bağlanıb,
açılmır...
Qolumda qandal var, ürəyimdə yar,
Gözlərim kor olur, qulaqlarım kar,
Bircə ayağımın göz yaddaşı var:
Daşları üzdən tanıyır,
yıxılmır...
Məğlub ayrılmışam mübarizədən,
Çarxı fırla, təzə şans ver bizə də -
Fələk, götür zəri, başla təzədən:
Bayaq bəxtim gətirmədi,
sayılmır...
Qara günəş
(8+7)
Səhər qara pişik keçib
Günəşin qabağından -
Əlləşir, çıxa bilmir
ümidsizlik zolağından...
Yer qaradı, göy qaradı,
göz gözü görə bilmir -
İşıq dirəkləri də
ürək-dirək verə bilmir...
Günəşə həsrətlə baxır
Ömrümün cavanlığı -
İşığın yerin tapın,
söndürün bu qaranlığı...
Asılqan
Zəhər şirinləşib, ilan dəyişib,
saat soldan gedir, zaman dəyişib.
Aman Allah, dünya yaman dəyişib,
söyüd ağacından bəhər asılıb...
Dünyanı ovcunda sıxıb əyəsən,
səhvini üzünə bir-bir deyəsən.
Göydən yerə dərd tökülür, deyəsən,
ekvator xəttindən kədər asılıb...
Qürursuz çoxunun qürurun əzib,
arif olan ondan aralı gəzib.
Dünyanın axırıdır, dünyadan bezib
boğazından milyon nəfər asılıb...
Dünyanı alan alıb, satan satıb,
ona tabe olan arzuya çatıb.
Dünya çoxdan intihara əl atıb,
göyün dirəyindən kəmər asılıb...
Deyən yoxdu
Söz var qılınc gücündə də,
yanılmışıq seçimdə də -
Şairlərin içində də
düzü düzgün deyən yoxdu...
Tanrı, hanı qərar günü?
kölgəni sal, apar günü...
Hamı deyir "bazar günü" -
yeddinci gün deyən yoxdu...
Haqqa tutsan tay özünü,
göstərəcək sərt üzünü...
Yer qatının son sözünü
Göydən üstün deyən yoxdu!
Qadınsız şərab
İlk dəfə içdiyim şərab
ilk dəfə sevdiyim qadın qədər qalıb yadımda...
Xəyalımda üzbəüz durub əvvəlki qadınla,
indiki sərxoşluğum -
İçəndə doldururam
həyatımda olmayanın boşluğun...
Qadın sevgisinin mükəmməlliyin
gülüşündən anladım,
gözlərindən oxudum -
Bir qədəh də süzün mənə,
istəmirəm unudum...
Məndən sənə
aldığım qızılgülün solan ləçəyi qaldı,
Səndən mənə
bir şüşəlik xatirə -
O da qızılgülün ətri azaldıqca azaldı...
Nişanlı qız
Yolunu gözləməkdən
göz yorulub, bilirəm.
Yolun tən ortasına
daş qoyulub, bilirəm...
Üç il keçib aradan,
istəmədi Yaradan.
Mənim bəxtim anadan
gec doğulub, bilirəm...
Məni salma yadına,
getdin üzük badına.
Artıq gecdi, adına
ad qoşulub, bilirəm...
Bizdən başqa, sevənlər
xoşbəxt olub, bilirəm.
On dördüncü qızılgül
çoxdan solub bilirəm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!