Şeirlər - Sevinc ELSEVƏR

 

 

***

Köhnə toy mahnılarını

əvvəlki kimi şən və şux oxuyur müğənni.

amma sümüyümə düşmək yerinə

məni kövrəldir daha o mahnılar

o mahnılara qol götürüb oynardı

ölən-itən doğmalar

indi zövqümcə olub-olmadığı vacib deyil o nəğmələrin,

indi sadəcə əziz nəğmələrdi onlar...

 

 

***

Yad məzarlıqda

məcburi köçkün nənəsinin məzarını axtarır gənc adam.

Yüzlərlə məzarın arasında

bu məzarlıqda yeganə doğması odur.

Bu şəhərdə yeganə doğması yenə odur

həm ölülər, həm dirilər arasında.

 

İyirmi beş il ötür nənəsinin yoxluğundan

nənəsiylə bağlı ən xoş xatirələrini

danışa-danışa axtarır

üç nəfərdirlər

dostları da kömək edir axtarışda.

Yüzlərlə gözlə üz-üzə gəlir

gözlərini qaçırırlar

uşaqların gözlərinə baxmaqsa daha çətindir...

 

Qəfil səslənir gənc adam:

"tapdım, tapdım nənəmi

burdadır nənəm!"

elə bil bağçada yaşıl budaqlar arasında

meyvə dərdiyi yerdə

axtarıb tapmış kimi sevinir

təndirə çörək yapdığı yerdə tapmış kimi sevinir.

 

Bilmirsən kim nişan verdi yerini

küləkmi, ağaclarmı, quşlarmı?

yoxsa doğma bir səsmi çağırdı

bilmirsən...

 

 

xavət mmədovun "Azad bir quşdum" nəğsi haqqında

 

Nəğmə var

qorxarsan dinləməkdən

istərsən qəfildən çıxasan üstünə bir başqası dinlərkən

özünü elə aparasan

heç eşitmirsən

dinləmək də istəmirsən.

Ancaq dinləyəsən

körpə ana döşündən süd əmən kimi,

acgözlüklə əmə ruhun nəğməni.

Nəğmə də qəlbinə ehmalca toxuna heç olmasa,

yavaş-yavaş qıra dizlərinin bağını,

darmadağın eləməyə qəfil hücumla.

 

 

Yağmayan qara

 

Bir neçə saatlıq sevinc

baş çəkdi şəhərə.

Qar yağdı pəncərələrə

evlərin damına,

budaqların ucuna,

maşınların üstünə,

acıqlı məktəb müdirlərinin belə üzünə

təbəssüm qondu.

Uşaqlar xoşbəxt oldu,

ancaq bütün xırda sevinclər kimi

ömrü qısa oldu qar sevincinin.

Uşaqlar əlcəklərini çıxarıb

çantalarının dal cibində gizlətdilər

təbəssümlər də uçub getdi.

Acıqlı məktəb müdirlərinin dodaqlarından

ovcuna sığışmayacaq qədər qar tapdı

pəncərənin küncündən bir uşaq

bildirçin yumurtası boyda top düzəltdi

ən əziz yoldaşına da atmağa əli gəlmədi madar qarı

kədərlə baxdı qartopunun dalınca

ovcunun içində əridikcə...

 

 

***

Ayaqqabımın burnunun ucunda

pişiklərin didişdirib atdığı

göyərçin ölüsünü görüncə

indiyədək quşlara nahaq qibtə etdiyimi düşünürəm.

Taleyi qibtə doğuran canlı yoxdur bu həyatda

heç bir yanda,

nə yerdə, nə göydə, nə havada...

Dağ-daş olasan gərək

dözəsən elə bu dünyanın qəhrinə

dağda qartal olsan,

zülm çəkəcəksən yaşamaq üçün yenə.

 

 

***

Ancaq dan ulduzunu görməkçün

şirin yuxudan qalxmaz adam,

bizim əsrdə

adamın əti tökülər.

Danışmaz bu barədə

heç bir yerdə.

Amma erkən yol alan

bir tikə çörəkdən ötrü qaranlıqdan işə yollanan

əlləri ciblərində

ayaqları ayaqqabılarında donan birinə

hədiyyədir dan ulduzunun şöləsi,

təsəllidir,

sevincdir,

bəhanədir yaşamağı sevməyə...

yetər ki, ən çətin günlərdə də

göy üzünü yaddan çıxartmasın adam.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!