"O səma gözlərin Vətəndir, Vətən..." - Şeirlər. Elnur UĞUR

 

Azərbaycan bayrağı

 

Şəhidlərin qanından yoğrulmusan, halalım,

Gündüzlər al günəşim, gecələrsə hilalım.

Azadlıq xəzinəmə sənsən cahım-calalım,

Namusumun örpəyi, ismətimin duvağı,

Azərbaycan bayrağı!

 

Hər rəngində bir ülfət doğur bəşərə eşqi,

Dalğalan dalğalansın qoy göyün yerə eşqi.

Kölgəndə işıq saçır yurdun zəfərə eşqi,

Ey zülmətin bağrını yaran haqqın çırağı,

Azərbaycan bayrağı!

 

Bir çətirtək açıldın Vətənin göylərində,

Kölgəndə yaşıllaşdı dağım, dərələrim də.

Öpür Ay ulduzumu qırmızı dan yerində,

Varlığımın varlığı, sabahımın növrağı,

Azərbaycan bayrağı!

 

Yaşılın əbədiyyət, həyatın aynasısan,

Göy rəngin bəşərilik, sən eşqin anasısan.

Səmalardan enmisən, yurdumun səmasısan,

Sən ey söz yağışımın üçrəngli göy qurşağı,

Azərbaycan bayrağı!

 

Daima şux dayan sən bizim ön cərgəmizdə,

Sənə baxıb güc alaq, dərs alsın dünya bizdən.

Hər dalğası kişnər at həyat adlı dənizdə,

İnamımın yelkəni, əqidəmin sancağı,

Azərbaycan bayrağı!

 

Vətən

 

Ən xırda daşı da tapınacağım,

Ömrümün qışında odum, ocağım!

Bu körpə qəlbimə ana qucağım -

Vətən!

 

Səndən hər gün doğdu sevgi idrakım,

Səni Şəhid-Şəhid sevdi idrakım!

Sənsiz bir xaraba evdi idrakım,

Vətən!

 

Qoy daha hicranın nə vədi olsun,

Nə bir ana gözü kədərlə dolsun!

Zəfərin, zəfəri əbədi olsun,

Vətən!!!

 

Zəfərin mübarək

 

Nə böyük səadət, nə böyük eşqdi?

Oğullar yolunda canından keçdi.

Qarabağ azadlıq şərbətin içdi,

Tarixə yazıldı bu eşq dastanım,

Zəfərin mübarək, Azərbaycanım!

 

Uğrunda oğullar verdilər ki, can

Təki yaşayasan, can, Azərbaycan!

Xoşbəxtəm dadıram azadlığından,

Hər şəhid sevdası canımda canım,

Zəfərin mübarək, Azərbaycanım!

 

Səmanda keşikçi üçrəngli bayraq,

Gülür gələcəklə nə gözəl növraq.

Şəhid qanlarıyla yoğrulan torpaq,

Kəbəm, müqəddəsim, ən xoş ünvanım,

Zəfərin mübarək, Azərbaycanım!

 

Samidlər diyarı, Camallar yurdu,

Hər qazin, şəhidin biri bir ordu.

Axan qanlar üstə Vətən dik durdu,

Ey mənim yenilməz şərəfim, şanım

Zəfərin mübarək, Azərbaycanım!

 

Ali Baş Komandan verdi "vur!" əmrin,

Ha dünya hər yerdən versin dur əmrin.

Ordumuz göstərdi yurdumun əzmin,

Güldü bulud örtmüş Gün üzlü danım,

Zəfərin mübarək, Azərbaycanım!

 

Var

 

İlahi, sən qoru yeri bu şərdən,

Alaq adamların alaq dərdi var.

Kişi surətində qadın ədalı,

Calaq adamların calaq dərdi var.

 

Sağını göstərib, sağa sol gələn,

Bəşərə bəşəri qırıq qol gələn

Yol ola bilməyən, hələ yol gələn

Yolaq adamların yolaq dərdi var.

 

Bölünüb bir bütöv ola bilməyən,

Bütövündən yarı ala bilməyən.

Birində vurulub qala bilməyən,

Qalıq adamların qalıq dərdi var.

 

Ümid

 

Bu yolun sonunda mütləq işıq var,

Hardasa öpəcək Ay izimizi.

Ömür şosesində son dayanacaq -

Ümiddir orada gözləyir bizi.

 

Həyatın bir rəngi var başım üstə,

O da süd rəngində gəlinlik donu.

Mənim çıxdığım yol intəhasızdır,

İlkindən sonrası doğur hər sonun.

 

Bu yolun bu başı eşqdən yoğrulub,

O başda eşq eşqlə gözləyir bizi.

Taleyin qarı da yaza qədərdi,

Heç nə qıra bilməz ümidimizi.

 

İnamım

 

Səhər-səhər duru durub,

Həyatla başlaram cəngi.

Sübhü oyatmağa qurdum,

Gecələr saatda zəngi.

 

Sevgim varsa qara ağdı

Məndə hamı, hamı sağdı.

Səhralar da bağça-bağdı

Dünya tamam bir eşq rəngi.

 

Bir yaşıl yarpaqdı ümid,

Döyüşdə bayraqdı ümid.

Dənizdə torpaqdı ümid,

Odur həyatın ahəngi.

 

Ümidliyəm gələcəyə,

Sona qədər gələcəyəm.

Hamıya göstərəcəyəm

Suda sınmır su səhəngi.

 

Öz büstüm

 

Zamanın zirvəsində

Sözlə büstünü oydum.

Həsrətimi hey yonub,

Eşqə başdaşı qoydum!

 

Bu təzadlı dünyada,

Azadlıq əsarətim.

Heç nədən yoxdur qorxum,

Tək qorxum cəsarətim!

 

Bir gülüş var üzümdə,

İçində göz yaşları.

Necə ağır olurmuş,

Taleyin su daşları?

 

Yeriyən bir heykələm,

Ruhum köynək bədənə.

Vətəndaş olammadım

Mən mən boyda Vətənə!

 

Gözlərimin nəmində,

Sıxdım söz köynəyini.

Damcılayan sular da,

Dindirməz göynəyimi.

 

Zamanın zirvəsində,

Sözlə büstünü oydum.

Büstə ad istədilər,

Adını Sevgi qoydum!

 

Vətən

 

Səmalar quşlara oynaşmaq üçün,

Quş üçün əslində bir dəndir Vətən!

Eşqdən kündələnmiş, yapılmışam da,

Hələ ki bişirmir bu təndir Vətən!

 

Ha dolan başına, yer ki dolanmaz

Yanar kabab qəlbin şişdə sulanmaz.

Göylərə uçmasa azad olammaz,

Kimin ki, ruhuna bədəndir Vətən.

 

Qurtarmır özümdən bu yır-yığışım,

Çətin bir də gəlib bura sığışım.

Sevgi toxumları səpən baxışın,

O səma gözlərin Vətəndir, Vətən.

 

Ekvator xətti

 

Vətən - sevgimizin Everesti,

sözümüzün qibləsi,

qəlbimizin səcdəsi,

duyğularımızın ən xoş nəğməsi...

Vətən - arzuların tacı,

ümidlərin söykəncəyi,

sərnişini olduğumuz bu həyat adlı

            marşrutun son dayanacağı...

Vətən ən sadiq könül dostu,

Mən sənə elə ana südü əmdiyim gündən aşiqəm.

Sən elə məşuqsan ki,

Öləndən sonra da qoynundan ayrıla bilmirəm.

Adın and,

Bu ad,

Şəhid qanlarıyla yazıldı.

Alnımda mən gələndə

Ömür xəritəm cızıldı.

Bu xəritədə çox sevgilər var,

Paralellər və kəsişə bilməyən meridianlar.

Yeganə sevgisən,

Ekvator xəttisən,

Vətən!

 

Şükür

 

Güllələrlə açıldı

Gül kimi uşaqlığımın hər səhəri.

Diksindirdi ruhumu

Hər səhər efirdən xəbərçi qızın

"Şəhidin var, Vətən!" - xəbəri.

Şükür, bu günə də şükür

Düşmən bu gün önümdə diz çökür.

Sabah Füzulidə aeroportda

Qucaqlaşacaq

İki doğma bədən

İki qardaş Vətən

Hönkürəcək Şuşanın səması sevincdən.

Bu günümün bəzəyidir

Qarabağın azadlığı

Bu azadlığa qurban verməyə dəyər

Səksəkəli gecələrlə uyuyan,

Güllələrlə sökülən danı olan uşaqlığı.

 

Gəlmədin

 

Bu gün gözlərimlə yol çəkdim

Sən gələn səmtə,

Rahat gələsən deyə.

Gəlmədin!

 

Səhərə qədər gözlədim

Sənlə keçən anları sevgi filmi kimi izlədim,

Hərdən güldüm öz-özümə,

Hərdən küsdüm özümdən sənə etdiyim

Ən xırda səhvə görə

Söydüm özümü,

Bilmədin.

 

Bir it ulartısıdır bu gecə qapımda,

Döyür qulaqlarımı bu səs.

Hardansa bir intizarı gətirir külək,

Hardasa yolları tələsdirir külək

Gəlsin deyə.

Mən də sən gələn səmtə

Yol çəkdim gözlərimlə,

Gəlmədin.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!