Şeirlər - Nəcməddin MÜRVƏTOV

 

Qardaşıq biz

 

Bu doğmalıq ruhla, qanla

Türklük adlı şərəf, şanla.

Rəcəb Tayyib Ərdoğanla

Birgə vurur ürəyimiz,

Tək dost deyil, qardaşıq biz.

 

Müşkülümüz olsa harda,

Hər ikimiz şəksiz orda.

Səfərbərik bir qərarda,

Eyni arzu, diləyimiz,

Tək dost deyil, qardaşıq biz.

 

İsrarlıyıq sözümüzdə,

Çəkinmək yox gözümüzdə.

Bəs, yetərli gücümüz də.

Ortalıqda hünərimiz,

Tək dost deyil, qardaşıq biz.

 

Əməlimiz, işimiz haqq,

O mənə, mən ona dayaq.

Əlimizdə qoşa bayraq.

Yüksəlişdə millətimiz,

Tək dost deyil, qardaşıq biz.

 

Haqsızlara veririk dərs,

Həddin qana kəmfürsət, tərs.

Dünyamıza salmışıq səs.

Böyük uğur zəfərimiz,

Tək dost deyil, qardaşıq biz.

 

Bu doğmalıq ruhla, qanla

Türklük adlı şərəf, şanla.

Rəcəb Tayyib Ərdoğanla.

Birgə vurur ürəyimiz,

Tək dost deyil, qardaşıq biz.

 

 

Unut məni

 

Düşünürəm axı nədən,

Boşa gedə vaxtın, vədən.

Sil qəlbindən, ürəyindən,

At, biryolluq, unut məni.

 

Gətirərlər səni "zara",

Məğmun, küskün, günüqara.

Düşünmədən qoş onlara,

Qat, biryolluq, unut məni.

 

"Uzaq dur"u ən sərt, qısa

De, lal ola dilim, susa.

Demirəm ki, bundan yasa

Bat, biryolluq unut məni.

 

Eləsini axtar, ara,

İstəyincə gələ kara.

Sevəninəm, o əğyara

Sat, biryolluq unut məni.

 

Bu halıma gülə-gülə,

Qıy ki, yanam, dönəm külə.

Tək özünə xoş gün dilə,

Çat, biryolluq unut məni.

 

 

Sənə baxmayım?

 

Acıqlanıb deyirsən: "Nə baxırsan həsrətlə?"

Gülüm, yaxılım, yanım, həm də sənə baxmayım?

Soruşursan, bilmirəm, bunu hansı niyyətlə,

Təsirsiz and-amanım, həm də sənə baxmayım?

 

Nakam eşqə cavabı özüm özümdən alım,

Verməyir həyat heç nə, xəyallarla dolanım.

Deyirsən bu halımla səni insaflı sanım,

Ətrafında dolanım, həm də sənə baxmayım?

 

İstəyirəm qəlbini baxışın desin dilsiz,

Ruhlarımız görüşsün özümüzdən xəbərsiz.

Yolunda canı qurban mən demişəm əvəzsiz,

Qurbanlıq olsun canım, həm də sənə baxmayım?

 

Xiffətindən köksümü çalın-çarpaz dağlayım,

Sevinc, fərəh görməyim, qəm-qüssədən ağlayım

Görüşünə ümidi təsadüfə bağlayım,

Ötsün belə hər anım, həm də sənə baxmayım?

 

Vurğunluğum səbəbdir bu bəlalı halıma,

Qərarlısan ümidsiz, belə naçar qalım a.

Bax, dönmüsən insafsız, hökmün verən zalıma,

Qurula dərd, divanım, həm də sənə baxmayım?

 

Acıqlanıb deyirsən: "Nə baxırsan həsrətlə?"

Gülüm, yaxılım, yanım, həm də sənə baxmayım?

Soruşursan, bilmirəm, bunu hansı niyyətlə,

Təsirsiz and-amanım, həm də sənə baxmayım?

 

 

Ümid olma

 

Ümid olma naxələfə,

Qərar verər gizlin, xəfə.

Keçməz sən olan tərəfə,

Atar,  anda şəksiz əlbət.

 

Öz xeyrini güdər müdam,

Seçməz heç düz, əyri adam.

Qardaşa da deyər yadam,

Satar, anda şəksiz əlbət.

 

Fürsət arar hər bir işdə,

Olar dörd göz böl-bölüşdə.

Bəd zirvəyə dirənişdə,

Çatar, anda şəksiz əlbət.

 

Bilməz günah nə,savab nə,

Uduzar keçən girinə.

Haram, halal bir- birinə

Qatar, anda şəksiz, əlbət.

 

Qənim olar düzə, mərdə,

Gendə durar xeyir-şərdə.

Yaxınları qəmə, dərdə

Batar,  anda şəksiz əlbət.

 

Xeyir görməz ondan qəti

Qohum, əqrəba külfəti.

Görən, tuş gələnin bəxti

Yatar, anda şəksiz əlbət.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!