Qazax şairi Oljas Süleymenova məktub
Xəbərlər dolaşıq, qarışıq gəlir,
yenə təkrar edir tarix səhvini.
Dünyada tarazlıq itibdi, nədir?
əyir
Planetin bir tərəfini.
Yenə o saldatlar, yenə o tanklar,
yenə Kalaşnikov avtomatları.
Bağlanan qapılar,
sönən ocaqlar...
Bakıda görmüşəm, mən də onları.
Çəkdilər bizi də ölümə, qana,
vəhşi tayfaların ənənəsiydi.
Sən onda səs verdin Azərbaycana,
ögeylər,
"doğmalar" zəmanəsiydi!
Deyirlər, doğulur şair anadan,
zülmətdə - şairdi o işıq, o nur.
Səndən nigaranam düzü, o vaxtdan,
axı,
şairi də hər ana doğmur.
Eşitdim, erməni köməyə gəlib,
başında dəbilqə, əlində silah.
Daha soruşmadım, o niyə gəlib,
sonrakı şərindən
qorusun Allah.
Görmüşəm, bilirəm nədir təkliyi,
nə gəldi, Tanrıdan, bizəmi gəldi?!
Dünən, İstanbulda - türk həmrəyliyi,
ilk görüş himnimiz,
gözəmi gəldi?!
Qardaşım, İtalya yadında olar,
biz şeir deyəndə, alqışladılar.
Valeh olmuşdular türk dilimizə,
İtalya qızları
gül verdi bizə.
Qoy yenə çağlasın o duyğu, o hiss,
yanından ötməsin bir əsən külək.
Bizim də -
var olsun həmrəyliyimiz,
yenə İstanbulda görüşənədək.
Şərqə, Qərbə pəncərə
ADA Universitetinin rektoru
prof. Hafiz Paşayevə
İndi yəqin,
Mir Cəlalın
ruhu şaddı.
Qazaxda "Bir müəllimin
Manifesti", -
İntibahdı!
44 günün havasıdı,
zehnin belə
oyanışı.
Zaman çiyin -
çiyinədi,
vaxt yanaşı.
ADU-nun da
tarix olan
bu töhfəsi, -
Şərqə, Qərbə
açılan ilk
pəncərəsi!
Çağır gəlsin,
Firudin bəy
Köçərlini.
Qazax çıxsın
qabağına.
Daş dəyməsin
ayağına.
Orda özün
sıx əlini.
təzələsin cədvəlini,
desin qalan dərslərini.
Heyif, onu susdurdular,
KQB-nin çıxardığı
məxvi qərar!
Mən bilmirəm,
bəlkə bu gün,
bəlkə sabah,
elə burda,
bu torpaqda
yazılacaq:
"Bir səfirin Manifesti"
ya "Bir gəncin Manifesti".
Görmüşəm,
insan sarıdan,
bu dünya əvəz-əvəzdi.
Aç, qapını,
qarşındadı
o Gələcək.
Sabah burda,
elə burda
yetişəcək,
Dünən kənddən
çıxıb tənha
gələn bir gənc
Gözümüzün qabağında
"xəbərsiz"
yüksələn bir gənc, -
Akademik Nizami də!
Sabah sənin
bu gün mənim
müasirim!
Hələ Vurğun doğulacaq,
Əsl Tanrı vergisiydi,
əsl Ocaq!
Mir Cəlalın dilindəydi,
sözü, adı,
deyirdi ki, "O, bir varaq
korlamadı.
Xatırlardı onu hərdən,
Söz düşəndə şairlərdən.
Bir bəndiylə, bir dahini
Köyrəldən, ağladan Vurğun!
Könüllərdə oyaq Vurğun,
Könüllərə yatan Vurğun.
Nyu-Yorkdan uçacaqlar ,
birbaşa Kür qırağına, -
Şeir-sənət,
elm-ürfan
ocağına.
Tapacaqlar -
Damcılının ,
ya Aveyin
sirlərini.
Yerdə yerin,
göydə göyün
sirlərini.
Çiçəklən ey ilk ünvanım,
Qazax - isti yuvam mənim!
Poylum, Ağstafam mənim!
Dünən sizdən boylanırdım
bu dünyaya,
dünyam mənim!
Yanar su
Bizim vağzal Poyluda
həmrəy olub su-oda.
Oddan - orda su damır,
sudan - od alovlanır.
Barmağın suda donmaz,
oda tut, odda yanmaz.
Mümkün deyil ayırmaq,
yanar sudur - o Bulaq.
Yolçular içər gedər,
yanından keçər, gedər.
Orda dünyaya gəldim,
oddan, sudan törəndim.
Məndədir od da, su da,
üşüyənə - od olmaq,
Bir yanana,
ay Bulaq,
su olmaq arzusu da.
Xahiş eləmə
"Kasıbın işi - varlının pulunu saymaqdı"
Evripid
Saymaqla tükənmir o dövlət, o var,
nə get xahiş elə, nə ona yalvar.
Orda nə həmdəm gəz, nə düzlük axtar,
nə düz var, nə həmdəm, xahiş eləmə.
Üstünə getməyə işin oldumu,
dost-dostu tanımır, qohum-qohumu.
Kim gətirdi, kim səpdi bu toxumu? -
mən də məətələm, fikir eləmə.
Xahiş eləyəndə, söz bənddən düşür,
yada nə xalq düşür, nə vətən düşür,
Qiymətin beləcə, qiymətdən düşür,
mən sənə məhrəməm, fikir eləmə.
Qərq ol, dəryalarda tək gəmi kimi,
qırıl sazın, tarın şah simi kimi,
Soyul, şair baban Nəsimi kimi,
Şəhid ol, - deyirəm, xahiş eləmə.
Qədimdən dünyanın qulağı kardı,
saqqalım ağardı, saçım ağardı.
Heç xahiş də elətdirmə, ağırdı,
xahiş eləyirəm, xahiş eləmə.
Kimsəsizlər kimsəsi
Prorektor Şəmsəddin Axundovla söhbət
"Kimsəsi olmayan nakəs olar".
N.Gəncəvi
Onda pandemiya tüğyan edirdi
onda çaş-başıydı məşhur həkimlər.
Hərə bir möcüzə bəyan edirdi,
bir az da artmışdı
həkimkimilər.
Mənə tapşırdı ki, yatır üç nəfər,
filankəs,
filankəs,
o biri də sən.
Kimsə, xəstəliyi ağır keçirər,
Mənə tez zəng elə, qoyma gözündən.
Rektorun əmriydi, başüstə, - dedim,
o, hələ bir kəsə əmr eləməyib.
Gündə, düz üç dəfə zəng eləyirdim,
biri,
şah nəsliydi,
o, getdi,
heyif!
İnsana tuşlanan gizli bir ox var,
gözümüz yuxulu,
fikrimiz oyaq.
Hələ bu dünyanın sonuna çox var,
mümkündü, doyunca bir nəfəs almaq.
Allahım, boyundan ucadır insan,
Əymə o çinarı, kölgəsi varsa,
Dedim, yaşamağa dəyər, Nəriman,
hələ kimsəsizlər - kimsəsi varsa.
Aşıq Şəmşir oğlu Qənbərin
xatirəsi
Əzizim Cavid müəllimə
Cavid, nə Gülüstan, nə bağ itirdin,
ata timsalında bir dağ itirdin.
Kəlbəcərdə, sən Qarabağ itirdin,
əymə qamətini, şax dayan, oğlum.
Şəmşirin sazıydı, sözüydü Qənbər,
Şəmşir ocağının közüydü Qənbər,
bir elin, obanın özüydü Qənbər,
ayrılma o eldən, obadan, oğlum.
Gedən, hayıf olan ömürdü, yaşdı,
yaşamaq özü də bir ehtiyacdı.
Gördüm el yeridi, el vidalaşdı,
indi səni deyir Ağdaban, oğlum.
Əsliniz-nəsliniz ocaqdı, pirdi,
dağlar o dağlardı, yerlər o yerdi.
Allah o ilhamı sənə də verdi,
bunu da çıxartma heç yaddan, oğlum.
Bu dünya daimi bir tamaşadı,
sevinci tək gəlir, qəmi qoşadı.
Halal ömür sürdü, halal yaşadı
həm Nəriman əmin, həm atan, oğlum.
04.01.2022
"Ədəbiyyat qəzeti"nin
baş redaktoru Azər Turana
Hörmətli Azər müəllim!
Arxiv materiallarını vərəqləyərkən, təsadüfən iki şeirimi tapdım. "Klivlent" xəstəxanasına məktub" və "Mən belə dərs demədim". Birinci şeiri həmin xəstəxanaya kimdənsə göndərmişdim. Elə bilirdim, surəti məndə yoxdu. İkinci şeirlə bağlı deyim ki, o söhbətin şahidi olmuşam. Mən də Parlament üzvüydüm. Bəxtiyar müəllim istəyirdi ki, şeiri çapa verim. Sizə də məlum səbəblər
üzündən o vaxt işıq üzü görmədi.
Dərin hörmətlə, N.Həsənzadə,
Xalq şairi.
18 dekabr 2021.
Klivlent xəstəxanasına məktub
Yuxuda görmüşəm, qayıdacaqsan,
sənə and içirik, sən ki, Ocaqsan.
Sən ki, o ürəklə baş-başa getdin,
sənə daş atdılar, o daşa getdin.
Əlisilahlının üstünə getdin,
taleyin amansız qəsdinə getdin.
Qılıncın əlindən yerə düşməyib,
hələ çox hünərin şerə düşməyib.
Prometey kimi zəncir qırmısan,
aldığın yaralar bəzəyir səni.
Gözündə -
Xəzərdən rəng aparmısan,
qayıt, mavi Xəzər gözləyir səni.
Qayıt, Vətən ayrı, Qürbət ayrıdı,
qürbətdə çəkdiyin xiffət ayrıdı.
Bakını yenidən tikib-bəzəyən,
Bakının ən gözəl bəzəyi sənsən.
Sarayda çıxışın, yarımçıq qalıb,
Millətin alqışı, yarımçıq qalıb.
Filarmoniyada səs-səda yoxdu,
"o dünya gözəli, dünyada yoxdu".
Baş nazir ölkənin başında durur ,
əslində o sənin qarşında durur.
Deyirlər, gecələr İlham oyaqdı,
bir ömür işıqdı, ömür yoluna.
Boyun şah çinardı,
qolun bayraqdı,
Əl eylə, bayraqlar qarışsın ona.
18 iyul 2003
Mən belə dərs demədim
Xalq şairi B.Vahabzadənin
millət vəkili seçilmiş tələbəsinə
Parlamentdə dedikləri
Mən belə dərs demədim,
o vaxt sənə, ay oğul!
Mən dedim xidmət elə
bu vətənə, ay oğul!
Demədim, vətən sənə
xidmət etsin, ay oğul!
Mən belə dərs demədim,
Əşədənbillah, oğul!
Mən dedim millət üçün,
oyaq ol, yana-yana,
Demədim, rütbə qazan
millətin hesabına.
Gedib ya vali seçil,
ya xan, ya da şah, oğul!
Mən belə dərs demədim,
Əşədənbillah, oğul!
Mən azadlıq deyirəm,
sən Moskva deyirsən,
Mən vətən istəyirəm,
sən Mərkəz istəyirsən,
Mən deyirəm, ay oğul,
millət suveren olsun,
Sən deyirsən, kiməsə,
gedib su verən olsun.
Mən belə dərs demədim,
demədim, billah, oğul!
Əşədənbillah, oğul!
Əstəğfürullah, oğul!
31 oktyabr, 1991
Qarabağlı qız
Kaliforniya tələbəsi
Gözəl Məmmədovaya
Pozner - tanıyıram, çox məşhursunuz,
fəxri adları da var - bu ada məxsus.
Haqqı, hüququ var, amma hər kəsin,
mənim tariximə daş atırsınız.
Allah işinizi xeyir eləməsin,
yatan şəhidləri
oyadırsınız.
Böyük bir ştatdı Kaliforniya,
bir də erməninin qaynaşan yeri,
Qarabağ söhbəti düşüb araya,
o qız,
dediyindən dönməyib geri, -
orda təhsil alan Qarabağlı qız.
orda, Qarabağı siz danıbsınız.
Burda istəmirəm mən tarix açam,
deyəm kitaba bax, xəritəyə bax.
Sizə,
özümə də sığışdırmaram,
görməyib, tanımır sizi, Qarabağ.
Dağlar ayrı düşüb, yollar dumandı,
çıxıb məcrasından Kürüm, Arazım.
A qızım,
"Qarabağ - Azərbaycandı!"
Sən də Azərbaycan qızısan, qızım.
Deyirlər bu dünya bir pəncərədi,
yerdə də şimşəklər çaxır, a qızım
Kim harda nə dedi, ya necə dedi,
burdan
Azərbaycan baxır, a qızım!
Rusiya, tarixi yalday söhbəti,
baxışdan-baxışa rəsmi ehtiram!
Bu dünya eşitdi bir həqiqəti,
"Qarabağ bizimdi!",
"Nida!", vəssalam.
Getdi əsrlər o səs, o nida,
illər ədaləti salacaq yada.
Filənkəs ordaydı, o Konfransda,
hələ filənkəs də,
"Nida!", əlvida!
Dəmir yumruq dastanı
"Qənimətlər parkı"nda
Bu cəbhə külliyatı,
nişan verir həyatı.
Bir ciliddi hərəsi,
oddu hər səhifəsi.
Oxu, bir ömür boyu,
Araz boyu, Kür boyu.
Bu dastan bitən deyil,
haqsız qan, itən deyil.
Bu cəbhə Külliyyatı,
təhqir edir həyatı.
Səni, məni, hamını;
şairin ilhamını,
Körpənin gülüşünü,
ananın öpüşünü,
natiqi danışanda,
küsəni - barışanda.
Yerdə-şimşək, alov, su!
Yerdə - göy gurultusu!
Yerdə - uçurum, qaya!
Şair, - şah matdı, daha.
Əsgər paltarı geyən,
Səngərdə vətən deyən,
dediyinə and içən.
sərhədlər yarıb keçən,
o gənclərə tuşlanıb
gördüyümüz hər nə var:
toplar, tanklar, minalar,
raketlər, təyyarələr,
nələr və daha nələr!
Bombası, gilizi də,
erməni hiyləsi də...
Halal olsun, Qəhrəman!
Bu silah-sursat, filan,
O Dəmir Yumruq ilə,
səngərdə keçdi ələ.
Bu da bir möcüzəydi,
cəbhədə üz-üzəydi,
Ermənistan ordusu.
Gördü Yumruğumuzu!
Gördü, 44 günü də,
bizi də, özünü də!
Dəmir Yumruq dastanı!
çağır, tarix yazanı,
köçürsün fəsil-fəsil,
Salam,
Gələcək Nəsil!
İlk elçim, ilk şəhərim
Yüksəl Bağırova, hörmətlə
Ölüm hücum çəkdi həyatın üstə,
nə millət dəyişdi, nə adətimiz.
Qalxdı Nuru Paşa ağ atın üstə,
Gəncədən başladı
səadətimiz.
Bir üzü Kəpəzdi, bir üzü Göy-göl,
sənsiz bu gözəllik yetimdi, Gəncə!
Yerlərin-göylərin güzgüsü Göy-göl,
yaşın da yaşımdan
qədimdi, Gəncə!
Könlümü vermişəm mən o ellərə,
Gəncə - sinəmdəki isti nəfəsdi.
Eşq olsun, Gəncəyə,
gəncəlilərə
ustad Nizamisi dünyaya bəsdi.
Görüm düşməninin lal olsun dili,
dünən qonşusuydu, bu gün qatili.
Döyüş meydanını qoyub qaçdılar,
Məscidə,
kəhrizə atəş açdılar.
Mərmilər körpələr evinə düşdü,
Gəncə nə gündəydi, nə günə düşdü!
Dünən Sisyanovun nəydi sualı,
kimi qorxuzurdu o baş, o bədən?!
Gürcü knyazıydı,
çar generalı,
onu itlər qovdu sonra Gəncədən.
Gəncə - oxunmamış bir şah əsərdi,
deyim bir şeyi də, burda haqq üçün.
Yüz il gəncəlilər cərimə verdi,
bir "Gəncə" adını yaşatmaq üçün,
Uşaqdan böyüyə Gəncə döyüşdü,
xalqın,
həsrət qaldı gözü yuxuya.
Gəncəli Cavad xan tarixə düşdü,
General quyuya,
bəli, quyuya!
Tanı Nəsib bəyi, Ələkbər bəyi,
orda filan qaçaq, filan qəhrəman!
Mənim - qulağımda Gəncə harayı,
ziyarət yerindi sənin, o vaxtdan.
Gəncədə sönmədi odlar-alovlar,
cəngi çox uzandı qış ilə yazın.
Gəncə üsyanını xatırlayanlar,
Xudadat bəyi də,
qoy unutmasın.
Gəncə! Tələbəlik illərim mənim,
orda ürəyimə qulaq asmışam.
Gəncəli bir qıza şeir yazmışam,
ilk elçim olubdu,
o şeirim mənim.
Gəncə! Tələbəlik illərim mənim.
Qazaxlı könüllülər
2015-ci ildə Türkiyənin Amasya bölgəsində "Seyid Həmzə Nigari Türbəsi"nin açılışına məni də dəvət etmişdilər. Orada bizim Qazax rayonundan olan həmyerlilərimlə görüşdüm. Amasyada yaşayırdılar. Bu günlərdə, onların ulu babalarının təxminən 100 il əvvəl, "1921-ci ildə Azərbaycandan Türkiyənin Amasya bölgəsinə və burada yerləşən Qaraağac kəndində yaşayan yerli türk əhalisini yunan birləşmələrinin hücumlarından qoruyan "Qazaxlı könüllülər"in (Türkiyə, 1944) siyahısını oxudum.
Qazaxdan, Amasyaya, -
Türkiyəyə, birbaşa,
gedirdi, arxa dursun
bu qardaş - o qardaşa.
Bu oğul - o oğula.
Qazaxda su səpdilər
analar çıxıb yola.
Yuxarı Salahlıdan,
Qaymaqlıdan,
Şıxlıdan,
Üçü - Daşsalahlıdan, -
adı üzdə olanlar,
seçilib-sayılanlar.
Cavan, nüfuzlu bəylər!
And əvəzi kəsəndə
o çörəyi -
yeyənlər.
Bu, millət davasıydı,
bu, qeyrət davasıydı.
Bu, türkün türklüyünü,
düşməninə tanıtmaq.
Zaman - yazır tarixi,
yatan-yatır,
vaxt - oyaq.
Azərbaycan, Türkiyə -
bizim ərlər-ərənlər!
İki qardaş qanını
bir səngərdə görənlər,
torpağa and içdilər,
canlarından keçdilər.
Siz ki, şəhid oldunuz,
Göydə batan Ay-Ulduz,
Türkün bayraqlarında,
yerdə doğdu, o gündən.
And içdi o bayrağa,
"Bir millət, iki vətən".
Yaraşmır
O gün mənə bir şikayət elədin,
gördüm, sənə heç şikayət yaraşmır.
Sən güləndə oxşayırsan özünə,
güləyənə belə xiffət yaraşmır.
Səsindədi bulaqların xoş səsi,
nəfəsində qızılgülün nəfəsi.
Təbiətin özüsən, ya əvəzi,
təbiətə bu təbiət yaraşmır.
Dilimdə bir xeyir sözü, şər sözü,
ürəyimdə dolanır bir ər sözü.
Şair, ona irad tutma hər sözü,
o gözələ, bu itaət yaraşmır.
İstəyir
Azərbaycanın Milli Qəhrəmanı
İbad Hüseynova
İbad, sənin hünərini
yazmaq da hünər istəyir.
Bir sinə söz, iti qələm,
bir qalın dəftər istəyir.
Düşmən kəsdi sağı-solu,
necə keçdin sən o yolu?
Hər möcüzə, ay eloğlu,
cəsur bir əsgər istəyir.
Sən keçəndə həyatından,
keçmədin bir inadından, -
And içdin xalqın adından,
xalq - ər oğlu, ər istəyir.
Sənin Vətən müharibən,
iki oldu, gördü vətən.
Onda da sən, indi də sən! -
döz görüm, illər istəyir.
Vətənin oğlusan, İbad!
sözündə haqlısan, İbad!
Sən Qarabağlısan, İbad!
Qarabağ - səngər istəyir.
Dünən Ali Baş Komandan,
Şuşadaydı, sənə qurban!
Gördüm, onun yanındasan,
o yeri - ellər istəyir.
Kəlbəcər havası
Bəhmən Vətənoğlu və
Sücaəti xatırlayarkən
Səngərə getdi söz ədəbiyyatı,
səngərə etiraz ədəbiyyatı.
Getdi sinələrdə qoşma, gəraylı,
Sücaət hüzünlü,
Bəhmən haraylı.
Getdi dodaqlarda dodaqdəyməzi,
hər rədif,
qafiyə - gülləəvəzi.
Kəlbəcər deyəndə, arxalıydılar,
Kəlbəcər geyəndə, yaralıydılar.
"Vətənoğlu" oldu Bəhmən o gündən,
Bəhməni tanıdı vətən, o gündən.
"Uçub Kəlbəcərdə bir quş olaydım,
bir daşın üstünə qonmuş olaydım".
Bu da Sücaətin ürək sözüydü,
onun ürək sözü,
onun özüydü.
O sazı kökləyin, o sazı çalın,
onda bir "Kəlbəcər" havası çalın.
Səsi Qarabağa çatsın o sazın,
Üçrəngli bayrağın
yanından asın.
Sizdən xəlvəti
Qarşıma çıxmışdın, baxtıma çıxdın,
çəmənin, çiçəyin, gülün içindən.
İpək saçlarını aç, tök üzünə,
ordan sənə baxım -
tülün içindən.
İstər bu dünyada yaz olsun, ya qış,
bilsəm ki, ürəyin mənsiz darıxmış,
Dağa dolu düşsə, arana yağış,
sel gəlsə, çıxaram selin içindən.
Mənə özün verdin gücü-qüvvəti,
hamıdan gizlədim mən bu ülfəti.
Bir gün bizə getdik, sizdən xəlvəti,
bənövşələr bitdi yolun içindən.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!