***
Yenə də yağış,
yenə də külək...
ötür dəqiqələr, anlar.
Qulaqlarımdakı o səs
deyir hər şey əbəsdi, əbəs!
Nə ağac qabığında bir işarə,
nə də cığırlarda bir iz,
sənsiz,
mənsiz,
bizsiz...
***
Elə balaca, elə körpə ki,
hələ yer tutmur ayaqları
yuxuludur addımları.
Gözləri alabildikcə
seçib ayırmaq istəyir adamları.
Anlamır
atılmaq nə, unudulmaq nə?
uzanan əlləri çəkir özünə.
Bir bələklik yuvası var,
bir əmziklik dünyası.
Atıldığı qapıda onu görən olacaqmı,
əldən-ələ keçib
sonra yenə atılacaqmı?
Qara gözlərində
nə kin var, nə də həsəd.
Ömür atıldığı qapıdan başlasa da
körpə dodaqlarında süd qoxuyur əlbət!
***
Külək
Qulyabanıtək
tin-tin, dalan-dalan gəzib
döyür bir-bir qapıları.
Hardasa çox uzaqda
bir səs qəfil havalanır
itlər ağız-ağıza verib
tənbəl-tənbəl donquldanır.
Yəqin, qurdlar da yatıb
indi nəfəs-nəfəsə,
sən ha çağır, ha səslə,
heç kim, heç kimi tanımaz
tanısa da açan olmaz qapısını hər kəsə.
Evlər, pəncərələr
nə qədər yaxın olsa da
insanlar bir-birindən yad, uzaq.
Gecələr bu küçədə
xatirələri haraylamaq yasaq!
***
Tavana baxa-baxa səni düşünürəm,
Pişiyim də xoflu-xoflu tavana baxır.
Ha baxsa da
nə sənin ayrılığından,
nə də tavanda oynayan işıqdan
bir şey anlaya bilmir.
Amma işığın dalınca
Yatağıma atılmağı belə
Səni xatırladır, səni.
Bir bilsəydin
Ayrılıq
ikimizin arasında yatan
pişik misalı.
Yoxsa hardan
əllərimdə əllərinin sığalı?!
***
Anamın bişirdiyi çörəyin
qoxusunu duyuram, -
təndirə uzadırmış kimi
əllərimi uzadıram avqust axşamlarına...
İllərdi
sanki təndir başındayam:
danışıram dilim yanır,
uzadıram - əlim!
***
Ulduzlar key-key gözlərini döyür,
guya xəbəri yox
avqust axşamlarının cırcırama səsindən.
Qonşunun tayqulaq iti
tənbəl-tənbəl quyruğunu yelləyir,
külək
əski günlərin dəftərini vərəqləyir.
Cırcıramalar ürək-dirək verir mənə
yaşamağa hələ dəyər, -
göyər dilək ağacım, göyər!
***
Bələdiyyə bağındakı qızcığaz
xallı kəpənəkdi,
uçur nəğmə-nəğmə
çiçəkdən-çiçəyə,
güldən-gülə.
Bu gün hava da şıltaqdı,
o qız da,
əynində "küçə mənə dar gəlir".
Dünya yalnız
donundakı
alabəzək rənglərdən ibarətdir, -
elə bilir!
***
Yaman uzun çəkdi bu gecənin nağılı
sən hələ də şirin yuxuda.
Gözlərini
və dodağındakı təbəssümü oyatmaq istəmirəm,
dağınıq xatirələrdən saçlarını yığıram.
Özümlə götürürəm əllərini,
saçının bir telini,
bir də bu gecənin ətrini...
***
Gözlərində gülümsəyir günəş
o dağlar da,
bu dəniz də,
üfüqlər də gözlərin kimi, -
bir gün aydın buludsuz,
bir gün umudsuz...
İnqilab İsaqa
1
Biz səninlə balıq olmalıydıq,
yosunların arasında dolaşmalıydıq.
Avqust axşamlarının bürkülü bağçasında,
çiçəklərin arasında,
xəyallarımız
okeanların dərinliyində...
2
Bir dünyam vardı;
yasəmən çiçəklərindən,
pöhrə tumurcuqlardan
və bir də
yağışdan sonrakı göy qurşağından.
Göy üzünün maviliklərində
göyərçinlər qanad çalardı.
Xoşbəxtdi göyərçin qanadları,
xoşbəxtdi göy üzü,
xoşbəxtdim mən.
Bilmədim necə oldu?
göylərmi qaraldı
tumurcuqlar pərdəsindəmi saraldı.
Hardan xəbər tutdular,
kim soraq verdi yerimi?!
indi təkcə adamlar var dünyamda,
xəyallar yox...
***
Bacasında burum-burum
xatirələr tüstülənən küçə,
bədənə döyülmüş şəkil kimi
susur bu gecə.
Orda köndələn bir ev də vardı;
çəpəki yağış yağan gecələr,
yollara boylana-boylana
adımı dua kimi pıçıldayardı...
***
Gecə yarı ulduz axdı:
sonra dalınca biri,
sonra da biri...
Deyirlər, hərənin öz ulduzu var,
bilməm mənim də varmı,
varsa göy üzünün harasındadı?
Xoşbəxt ulduz altında doğulanlar
görən heç yuxusunu qaçırırmı?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!