Kölgəm keçir
Mələk günəşli gündə
Dayanıb arxa baxır.
Suyu çoxalıb xeyli,
Arx indi iti axır...
Qız bir azca düşünüb,
Başlayır hay-haraya:
"Mən bu tayda qalmışam,
Kölgəm keçir o taya!..".
Təkə
- Nə düşmüsən qabağa,
Söz eşitmirsən, təkə?..
De hara aparırsan
Sürünü çəkə-çəkə?..
- Məni nahaq danlama,
Ay çoban, buna görə.
Sürünü çəkirəm mən
Çoxlu ot olan yerə!..
Qara küçüyümüz
Küçüyümüz var bizim,
Qaradı, qapqaradı.
Elə buna görə də
Kömür qoyulub adı...
Haçankı kömürlükdə,
Gedib oynayır Kömür;
Uzaqdan ha baxsaq da
Kömürlükdə görükmür...
Anası yanındadır
Mələk səslənir: "mə... mə!..",
Susur, mələmir quzu.
Quzunun bu susmağı,
Bərk hirsləndirir qızı:
Deyir:
- Baba, bu quzu
Sözə əməl eləmir.
Nə qədər səslənirəm,
Mələmir ki mələmir!
Baba gülümsəyərək,
Cavab verir:
- Qadası,
Quzu nəyə mələsin,
Yanındadır anası!
Koramal
- Dayan görüm,
Ay koramal.
Ətrafına
Bir nəzər sal.
İlan kimi
Görünürsən.
Çöldə-düzdə
Sürünürsən.
Kim toxunsa
İlan çalar.
De, sənin də
Zəhərin var?
- Yox, yox, belə
Demə, Kərəm.
Mən elə yük
Gəzdirmərəm!..
İt və pişik
Pişik - ağac başında,
İt - ağac dibindədir.
Qorxudan tir-tir əsir,
Pişik yaman gündədir.
Yerə düşməz ağacdan,
O, qorxa-qorxa qalar.
İtin çıxıb getməyi
Pişiyi yerə salar...
Əhsən
Cəfərin işi-gücü,
Əldə daş oynatmaqdı.
Hara gəlirsə gəlsin,
Tuşqullayıb atmaqdı...
Bağda bir daş atdı o,
İlk dəfə "əhsən" dedik.
Çoxlu qoz düşdü yerə,
Sındırıb bir-bir yedik...
Göyərçinin qıçı
Cəfər daşla sındırıb,
Göyərçinin qıçını.
O çəkmir -
Biz çəkirik,
İndi ağrı-acını...
Zəvzi
Hinduşkaya oxşayır,
Amma ondan kiçikdir.
Nədənsə, susmaq bilmir,
Özü də çox zircikdir.
Zəvzinin yumurtası
Dadlıdır, çox qəşəngdir.
Toyuq yumurtasından,
Kiçikdir, amma bərkdir.
Səsini kəsmir elə,
Zəvziyə bax, zəvziyə.
Gəzir belədən-belə,
O zəvziyə-zəvziyə...
Bulaq
Bu dağların qoynunda,
Çoxlu cığır dolaşır.
Biri yamaca qalxır,
Biri gədikdən aşır.
Biri enir dərəyə,
Biri dırmaşır yala.
Biri üz tutur sağa,
Biri üz tutur sola...
Bu cığırlar axırda
Gəlib bir yerə çıxır.
Bulaq
Bu cığırları
Çəkib başına yığır.
Çərpələng
Atam şəhərdən mənə,
Almışdı bir çərpələng.
Onu uçurmaq üçün,
İpindən çəkdim bərk-bərk...
Çərpələng qanad açdı,
Göy üzündə uçmağa...
Bircə anın içində,
Keçdi məndən qabağa...
Onu görəndə Cəfər,
Dəcəlliyi başladı...
Elə bildi ki, quşdur,
Daş götürüb daşladı...
Külək
Vıyıltı sala-sala,
Külək düzələr yola.
Uşaqtək baxmaz sözə,
Heç vaxt görünməz gözə.
Gah taya uçurar o,
Gah papaq qaçırar o...
Ötər bağçadan-bağdan,
Meyvə tökər budaqdan...
Körpü axtarmaz çayda,
Keçib olar o tayda...
Aşar təpəni, düzü,
Bir yerə düşməz izi...
Dələnin yolu
Dələ cəld bu ağacdan
Adlayır o ağaca.
Budaqları dolanır,
Həvəslə qaça-qaça.
Gözlərini süzdürür,
Yoxlayır sağı-solu.
Ağacların başından
Keçir dələnin yolu.
İşığın dili
Çıxıb təkcə gəzməyi,
Bacarıram şəhərdə.
Maşınlardan qorxmuram,
Heç vədə küçələrdə...
Qırmızı işıq deyir:
Keçiddə ayaq saxla!
Sarı deyir:
Hazırlaş!
Yaşıl deyir:
Di adla!
Çox yaxşı öyrənmişəm,
Keçməyi hər keçiddən.
İndi başa düşürəm
İşığın dilini mən.
Torağay
Buynuzcuğu təkdir onun,
Buynuzcuğu tükdür onun.
Sərçəyə var çox oxşarı,
Yuvasından düşməz ayrı...
Köç eləməz o, payızda,
Ona birdir qış da, yaz da.
Nəğməsini dinləyin siz,
Kim oxuyur bilərsiniz.
Kövşənlikdə gəzər şən-şən,
Dənliyinə doldurar dən...
Biçindən olar payı,
Tanıyın siz torağayı.
Tazı
Ay uşaqlqar, tanıyın,
Tazı-ovçu itidir.
O həm gözdən,
Həm də ki,
Ayaqdan çox itidir...
Qaralasa hər nəyi,
Özünü cəld yetirir.
Yemir tutduğu ovu,
Sahibinə gətirir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!