Şeirlər - Ələmdar QULUZADƏ

 

Göy gözün əfsanəsi

 

Qız güləndə, dodağımda söz yanıb,

Söz görəndə közün üstdə bişmişəm.

Göy dənizin gözlərindən yayınıb

Göy gözlərin ovsununa düşmüşəm.

 

Səs kövrəlir tütək təki, ney təki

Gözdən axıb gələn düzlü çay olur.

Gözdən qorxan gözəl qızlar bilir ki,

Göz qaytaran gözmuncuğu göy olur.

 

Həsrət sənin gözlərinə qıyanda

Dərdin alım, dəyərimi bilirsən.

Dizlərini göy çəməndə yuyanda

Gözlərini göy dəsmalla silərsən.

 

Gözlərimdə göyəribdi izlərin,

Gözüm gülmür göyərçinin köçünə

Bəlkə girib göy zənbilə gözlərin

Göydən düşüb gözlərimin içinə.

 

Gülü dərib gözlərinə baxıram,

Bu incidən mənə də ver bir gilə.

Gözün dolub, göl daşacaq, qorxuram

Kirpiklərin özün ata göy gölə.

 

 

Qadağa

 

Yazda bulud sənsən, qışda çən mənəm,

Bu necə ədalət, necə bölgüdü?

Gözünün oduna bələnən mənəm,

Gözündən gülüşü dərən güzgüdü.

 

Dizləri əsməyib dizlərim kimi,

Gördüyü yuxunu yozub saxlamır.

Hələ gözəlliyi gözlərim kimi

Güzgü yaddaşına yazıb saxlamır.

 

Güzgü var, ürəkdən gülür yaz günü,

Güzgü var, üstünü bürgü alıbdı.

Gözlərin dolanda sənə könlünü

Gözlərindən qabaq güzgü alıbdı.

 

Eşqimi ucaldıb bu güzgü göyə,

Sən mənə nə yayı, nə yazı saxla.

Təkcə qadan alım, soyuq güzgüyə

Məni payızacan tamarzı saxla.

 

Özünə güvənib özgəyə baxma,

Qıyma ürəyimə bir sözün dəyə.

Gözlərin güləndə güzgüyə baxma,

Qorxuram özünə öz gözün dəyə.

 

 

Hanı

 

Dumansansa, sinəmə çök,

Baharsansa, gülün hanı?

Donmusansa buza oxşa,

Yanmısansa, külün hanı?

 

Şəkərsənsə bircə kəlmə

Şəkər kimi sözün olsun

Yağışsansa, bulağa dön,

Bulaqsansa, gözün olsun.

 

Göydən gələn mələksənsə

Gəl köksümə qısıl mənim.

Yazın səhər şehisənsə

Kirpiyimdən asıl mənim.

 

Həsrət ilə xoşbəxtsənsə

Ağlama heç, ağrıma heç

Bu çəpərin o üzündən

Baxmısansa bağrıma keç?

 

Gəlirsənsə, yola baxım,

Sevirsənsə, anı?

Dirisənsə, öldür məni,

Ölmüsənsə, qəbrin hanı?

 

 

Bir qələmin əsiri

 

Dünya quzğun, mən də quzu,

Bir ağaca qatdı məni.

Bir top verib dedi, oyna,

Sonra topa tutdu məni.

 

Nə tapdısa tez taladı,

Gah tüpürdü, gah yaladı

Kötük üstə baltaladı,

Comaq kimi ütdü məni.

 

Nəfi yeyin nəfəs dərdi,

Arxalıya sinə gərdi.

Qatır məni yerə sərdi,

Kirpi gəlib ötdü məni.

 

Dünya mənə canəcan dedi,

Nə dedisə yalan dedi.

Bir dəliyə qurban dedi,

Bir dəllala satdı məni.

 

Sədası var hər sələmin,

Düz yüküyəm öz şələmin.

Dünya bir gün bir qələmin

Qabağına qatdı məni.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!