"Evə bənzəyirdim əvvəl, səni hər daşım sevirdi..." - Şeirlər. İlqar FƏHMİ

 

Şuşada qəhrəmanlıq möcüzələri göstərən ölümsüz cavanar

igidlərimizin dilindən

 

Zərb ritmində döyüş marşı

 

Düşmənə qorxunc kabusa döndük,

Biz bura öldürüb ölməyə gəldik,

Can Şuşamızçün qan daşımızçün

Biz bura öldürüb ölməyə gəldik.

 

Qorxu bilinməz surətimizdə

Qanlı qisasdır niyyətimizdə

Namusumuzda, qeyrətimizdə

Hər ləkə varsa silməyə gəldik

Biz bura öldürüb ölməyə gəldik.

 

Dağları aşdıq, daşları keçdik,

Düşməni vurduq ot kimi biçdik

Bağrını kəsdik qanını içdik.

Qan dadı nəymiş bilməyə gəldik

Biz bura öldürüb ölməyə gəldik.

 

Qorxuda bilməz sərt aşırımlar,

Hactalı dağlar, sərt uçurumlar

Bir dəli həmlə vəhşi hücumla

Yırtıcı bağrın dəlməyə gəldik

Biz bura öldürüb ölməyə gəldik.

 

Bəsdi yetər ki, göz yaşı axdı,

Ruhumuzu dərd atəşi yaxdı

İndi yetişdi təntənə vaxtı

Şanlı zəfərlə gülməyə gəldik

Biz bura öldürüb ölməyə gəldik.

 

 

Üzü qüruba

 

Duman sökübdü bəlkə? Şəhər yaman qaranlıq,

Bu zülmətin içində, itib gedib cavanlıq

Qayıtmayır bir anlıq.

 

Yağış yağıbdı bəlkə? Şəhər yaman təmizdi,

Adam da yoxdu, ancaq ərəbdi ingilisdi,

Beş-üç nəfər polisdi.

 

Dəniz gəlibdi bəlkə? Kafedə "kilkələr"di,

Əlində buzlu pivə, gözündə kölgələrdi,

Dilində "bəlkə"lərdi.

 

Külək əsibdi bəlkə? Sağım, solum da tozdu,

Durub dalımca düşmüş "quş"un da rəngi bozdu,

"İt"in də rəngi bozdu.

 

Adam ölübdü bəlkə? Ya bir yetim qarışqa?

Nə fərqi var ki, guya... Düşüblər eyni "aşk"a,

Ölübdü başqa-başqa. 

 

Çatıbdı vaxtı bəlkə? Şəhər yaman nigaran,

Sabahı sən doğursan, doğan anan nigaran,

Qaçan atan nigaran.

 

 

***

Səni atıb gedərdim,

Bir az şeir deyərdim,

Bir az balıq tutardım,

Bir az da nar yeyərdim.

 

Səni atıb gedərdim,

Kitabı bağlayardım,

Bir az rahatlanardım,

Bir az da ağlayardım.

 

Səni atıb gedərdim,

Səfeh-səfeh gülərdim,

Səni atıb gedərdim,

Atıb gedib ölərdim.

 

 

***

Evə bənzəyirdim əvvəl, səni hər daşım sevirdi,

Sıxılan dişim sevirdi, çatılan qaşım sevirdi.

 

Dağa bənzəyirdim əvvəl, dumanım, çənim sən idin,

Səni göz bulaqlarımdan süzülən yaşım sevirdi.

 

Bu qədər başım bəlada yaşasam da bilmədim heç,

Ya başım bəla sevirdi, ya bəla başım sevirdi...

 

Səni ey bəla çələngim, bir ömür əzab içində

Ötən hər ilim sevirdi, keçən hər yaşım sevirdi.

 

Baharım yayım ki səndən çox uzaqda keçdi getdi,

Səni ondan ötrü yalnız payızım, qışım sevirdi.

 

Gələcək xəyallarımda sənə yer ki qalmamışdı,

Səni keçmişim sevirdi, səni yaddaşım sevirdi.

 

Gül atın məzarım ustə, soruşan olarsa, Fəhmi,

Deyərəm hesab günündə, gülü başdaşım sevirdi.

 

 

***

Ömür gedir oyun kimi

Keçir ələkdən un kimi

qəfil gələn qurşun kimi

Doqquz qram da olmadım.

 

Əgər fələk qoyubsa mat

Gözünü açma, durma, yat

Qırıq-qırıq keçir həyat

Heyif ki, tam da olmadım.

 

Günəş kimi alışsam da

Axırda şam da olmadım.

Sən məni Allah bilirdin

Mən heç adam da olmadım.

 

 

***

Sevgi sənə ildırım,

zəlzələ.

Sakit axan çay kimi

sevməyi öyrənmədin

sən hələ.

Bəsdi daha, köksümə

çəkmə dağ.

Yaxşı əlamət deyil

sərsəri bir hiss ilə

oynamaq.

 

Gözləmə qəlbim sənə

"can" deyə,

Məndə həvəs hardadı

bir belə cansızlığa

dözməyə?!

 

Daş ki deyil, insanın

bağrıdır.

Hər dəfə imkan tapıb

qurdalama sevgimi,

ağrıdır...

 

Getməyin ağır cəza,

dərd-əzab,

Qalmağın ondan betər,

dava-dalaş, göz yaşı,

iztirab.

 

Sən ki mənim ruhumun

cəlladı,

Söylə şirindir məgər

gül dodağa sıçrayan

qan dadı?

 

Mən dedim, "iç qanımı,

istəsən".

Vəhşi pişiktək daha

Ruhumu cırmaqlama...

Xəstəsən?

 

Bəlkə də bu sevgi yox,

bir oyun.

Səhnə qaranlıqdısa,

fərqi nədir, ya geyin,

ya soyun?

 

Sən məni halsız görüb

çəkmə qəm.

Arxayın ol, sevgilim

mən səni öldürməsəm

ölmərəm...

 

 

***

Günah içində ömrün, əsən soyuq küləkmiş,

Məqam gələr, deyərsən, ölüm nə yaxşı şeymiş...

 

Çəkən qəmi, əzabı, bu sonsuz iztirabı,

Sınıq-sökük ürəkmiş. Ürək nə yaxşı şeymiş...

 

İnanmaz idim, ey can, şirindi gözdəki qan,

Biləndə tamı nəymiş, dedim nə yaxşı şeymiş...

 

Rəzalət içrə böylə, batıb gedəndə, söylə,

Qəza-qədər beləymiş. Qədər nə yaxşı şeymiş...

 

Həyat yorubsa, heyhat, bürün ağa, uzan yat.

Kəfən deyil, bələymiş... Bələk nə yaxşı şeymiş...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!