Dünyanı sevdikcə...
Ətəkdən zirvəyə atılan daşa
Birinci hədəfdir daş atan özü.
Təzadlar dünyayla doğulub qoşa, -
Ölüm hökmü verir yaşadan özü.
Bir düzü yüz yerə yozub əyən var,
Boş baş ucbatından dizə döyən var,
Özünü haqq bilib, yersiz öyən var, -
Günahdır ayaqdan başacan özü.
Günlər körpüsüdür həftənin, ayın,
Ömür oyuncaqmış, ölümsə oyun.
Dünyanı sevdikcə tutulur toyun, -
İşvəylə göz vurub, qaş atan özü.
Arzular hər zaman gətirməz ki bar,
Bülbülə dağ çəkər gül üstündə xar...
Məqsəd vurmaqdırsa, de, nə fərqi var? -
Ən kəskin silahdır "quşatan" özü.
Müzəffər, tərs düşüb bizimlə fələk,
Tutubdur üzünə hiylədən ələk,
Bir üzü şeytandır, bir üzü mələk,
Hər kəsi çaşdırıb çaş atan özü.
Baş aça bilmədim...
Mənə yazdığın yazıda
Tanıdım xəttimi, Tanrım.
Yarıtmadım bir ömürü
Aşmadım həddimi, Tanrım.
Mən yubandım keçdi həyat,
Çox arzular qaldı boyat...
Bəxt badəmə sevinc də qat,
Dikəldim qəddimi, Tanrım.
Demirəm ki, heç gülmədim,
Hər ölənimlə ölmədim,
Gəldim baş aça bilmədim, -
Dünya çox bəddimi, Tanrım?
Baxma bəxtin xatasıyam,
Mən muradın butasıyam,
Bir gün kama çatasıyam, -
Sınadım cəddimi, Tanrım.
Ömür əbədidir
Son yoxdur kainatda,
Son demək Ona məxsus.
Şifrələnmiş həyatda,
Əvvəl də sona məxsus.
Məhv olsa da nə qədər,
Ulduzlar kəhkəşanda.
Yenə də əbədiyyət,
Yaşayır bu cahanda.
Ölüm əbədiyyətə,
Keçmək üçün açardır.
İnsan bu mütləq əmrin,
Sərt hökmünə düçardır.
Ömür bir cüt ağacdır,
Adəmlə Həvva kökü.
Budaqlar insanlardır,
Elə hey yarpaq tökür.
Keçdi
Arzunun əlindən düşən ümidəm,
Bir də göyərməyin marağı keçdi.
Titrədi vücudm, perikdi ruhum,
İçimdən ölümün sazağı keçdi.
Günlər tökülsə də ömürdən gül-gül,
Yenə də açılır arzular dil-dil,
Gənclik həvəsinə düşsə də könül,
Daha qürub ömrün o çağı keçdi.
Səhvini yaşadım naşı ömrümün,
Yaşımdan böyükdür yaşı ömrümün,
Sirinsəyib qalan kaşı ömrümün,
Közü də külləndi, ocağı keçdi.
Əziz tutammadım ömrün xətrini,
Açdı Əzrail də əcəl çətrini, -
Gördüm kölgəsini, duydum ətrini,
Qapımdan Allahın "qonağı" keçdi.
Olum
Allah, bu dünya fanidir,
Qayıdım, qoy mələk olum.
Gərəksiz insan olunca,
Gərəkli daş-kəsək olum.
Nahaqqa şahid olunca,
Ruhumu nəfsim alınca,
Qorxulara mat qalınca,
Dağda-düzdə külək olum.
Sevinc gəzdim qəm içində,
Düz axtardım kəm içində...
Təklənincə cəm içində,
Apar, yanında tək olum.
Məni
Haqqı dedim, çəkdilər,
dara dilimdən məni.
Təklədilər, aldılar,
Yorğun əlimdən məni.
Yaşadım bu günahla,
Yandım içimdə ahla,
Yoğurdular pənahla,
Yenə külümdən məni.
Ya cavan, ya qarıyan, -
Yox ömürdən yarıyan.
Əcəlimdir qoruyan,
Vaxtsız ölümdən məni.
Deyən, çox yaşadım...
Deyən, çox yaşadım, qocaldı dünya,
Məni saxlamağa taqəti yoxdur.
Onu da çaşdırdı gördüyüm röya, -
Xaliq özü vardı, xilqəti yoxdu...
Şəffafmı əlində tutduğu qələm?
Hərdən tərsə düşür sıralaması.
Güya bərabərmiş sevinclə ələm,
Bizik Tanrımızın qaralaması.
İşıqlı dünyaya can atırıq biz,
Divlər aləmidir bu zülmət dünya.
Qırxıncı otaqdır hələ qəbrimiz,
Sirrini saxlayıb məhşərə guya.
Tanrı qələmdən çox pozan işlədir,
Bəs: - Yoxdur, - deyirlər, - yazıya pozu?
Ölüm də, doğum da eyni çeşmədir,
Ömrü də ölümün qələmi yazır.
Varmı?
Bütün ölümlər vaxtsızdır,
Ölümün xoş vaxtı varmı?
Hər könülü oxşamağa,
Dünyanın boş vaxtı varmı?
İnsan mələkmi, bəşərmi?
Bir dənlə nurdan düşərmi?
Hər daş atan bəxtəvərmi?
Heç ömrün daş vaxtı varmı?
Bu ömür kimə yarıyıb?
Bədəndə ruhu qarıyıb,
Deyirlər, bəxti quruyub,
Bu bəxtin yaş vaxtı varmı?
Könlümcə qurmadım ömrü,
Mənzilə vurmadım ömrü,
Gəlincə Allahın əmri,
Əcəlin çaş vaxtı varmı?
Onsuz da
Dualardı hey yüksəlir,
Qanadlanır yerdən göyə.
Şikayətlər axıb gəlir,
Yerdəki hər sirdən göyə.
Ümidlilər nicat tapar,
Ömürdən də fürsət qapar,
Qəlbim deyir pənah apar,
Böhtanlardan, şərdən göyə.
Qalmayıbdır səbrim daha,
Yaşamaq da burda baha,
Qoşularaq könül ruha,
Uçmaq istər hərdən göyə.
Qoy indidən, Tanrım, uçaq,
Burda nə var ki, qorxacaq,
Onsuz da bir gün qalxacaq,
Bu təmtəraq birdən göyə.
Çıxış qapısı
Elə doğulandan qapılardayıq,
Dünya özü boyda baxış qapısı.
Qapıdan qapıya ötürür bizi,
Daima açıqdır qarğış qapısı.
Qapı var cilvəli, zərzibalıdır,
Gedişli-gəlişli, dəbdəbəlidir,
Bütün qapılardan cazibəlidir,
Bəhsəbəhs, rəqabət, yarış qapısı.
Qapı var ah ilə, dərd ilə dolub,
Qapı var daima kef-damaq çalıb...
Gəlib açanı yox, qapalı qalıb,
Ədalət, sədaqət, barış qapısı.
Qapı var keçənə qurulmuş tələ,
Qapı var taybatay açılmış yelə,
Çoxunun üzünə bağlıdır hələ,
Bəxt, qismət qapısı, naxış qapısı.
Dünya böyüksə də, ömür yolu dar,
Kimlərə əzabdır, kimlərəsə yar,
Əbədi getməyin bircə yolu var,
Ölümdür dünyanın çıxış qapısı.
Boğulur
Ocağı boğublar külü közlənir,
Bu odun tüstüsü küldə boğulur.
Vədələr içində yalan gizlənir,
Bəzən həqiqətlər dildə boğulur.
Sevinc gözləyirsən qəm baxta çıxır,
Əyarlı bildiyin qəlb saxta çıxır,
Yalanın tacıyla düz taxta çıxır,
"Neçə bəmin haqqı zildə" boğulur.
Çoxunun gozündə çopdür ədalət,
Qaba xislətinə yaddır sədaqət,
Bəzən ən mükəmməl sevgi, məhəbbət,
Eşqə sığal çəkən əldə boğulur.
Daha əsir ömrə soyuq küləklər,
Axır ay üzündən nakam diləklər,
Suyun həsrətilə yanan çiçəklər
Bəzən qəfil gələn seldə boğulur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!