Mənzərə
Bir nəmişli bahar çağı
Lerikdə gün əkilmişdi,
Duman döşdə kəsməkdəydi,
buruq-buruq alçaq yolu.
Sərt güneyin tünd işığı
tamam qeybə çəkilmişdi,
Qızarmışdı qulağının dibinəcən alça kolu.
Sıx ormanda qar ağaca ildırım bir od vurmuşdu,
Sarıyırdı budağını təzə çıxmış əvəliklə.
Sarısını udmuş yarpaq titrəyirdi, key durmuşdu,
Ovundurmaq istəyirdi könlümü bir "hələliklə".
Kəpənəklər çiçəklərin üstündəcə şam edərkən,
Son qoyarkən axşam-axşam
çəmənlərin xiffətinə...
Cök əşəhdi-şirəsini boz ayıya yem edərkən,
Hirsli arı ailəsi daraşmışdı sifətinə.
Qələbində ağ şəlalə ipək şaçın hörmək üçün
Qovuşmuşdu, birləşmişdi
kəhriz-kəhriz, bulaq-bulaq.
Vazərunun xoruzunu qoltuğuna vermək üçün
Kömur göyü hədəf seçmiş
var-gəl edən qara bulud.
Allı-güllü kəlağayı sürüşmüşdü haçadağın,
Qor dolmuşdu yorğanına -
kölgəsiydi, ya özüydü?
Dörd dolandım aşırımı,
göy pərişan, hava dalğın,
Qoşa qaya bir xurcunun
at belində cüt gözüydü.
Havaların dili
Qocalıqda yorğalıqdan nə fayda,
Öyrənmə sən cavanların dilini.
Döşəmələr yaddaşından bir qayda-
Çıxarmazlar tavanların dilini.
Kallığın heç xeyri yoxdur fəndgirə,
Qapı böyük, meydan geniş, top girdə...
Kündə kimi küt gedərsən təndirdə
Dərk etməsən irfanların dilini.
Hücum çəkə boz sahilə qasırğa,
Sevgisini gözlərindən qaçırda.
Dəryaların qulağına pıçılda,
Səngiməyən tufanların dilini.
Keçirmişəm bir duanı köynəkdən,
Bitmir heç vaxt münbit yerdə köhnədən.
And içirəm, leylək bilir köhnədən
Ağaclar da yuvaların dilini.
Tərs adamın ta gətirib işi nəhs,
Arxasınca söz söyləmə, səsin kəs.
Qan tökməyi günah sayır mömin kəs,
Silah kəsir davaların dilini.
Təbiəti qarış-qarış izlədim
Sarı kökü gözüm üstə bəslədim.
Münəcciməm, heyrətimi gizlədim -
Əzbər bilim havaların dilini?
Qafiyəsiz şeir
Vücudumun yalında xoşbəxt həvvari kimi,
Təpəmdən-dırnağacan yol başlayıb əzabım.
Bərk təpindim dalınca,"gəl ağzımı açma, get"
Üstünə hikkəsini tökdü süvari könlüm.
Həbs olunub cismimdə gor evimin qiyamı,
Kim nə bilir ay lələm, "karın könlündəkini".
Ruhun zümzüməsində göz yaşlarım quruyub,
Haqqın baş meydanında şeytanlar çəpik çalır.
Ağlımı itirmişəm bağlı qapı dalında,
Yağlı şillə yemişəm, özümü tox tutmuşam.
Quzu canım axtarsın iti yalquzaq gözü,
Canavar baxışların kölgəsindən qorxmuram.
Kölədir buludların bətnindəki qara su,
Mərcanı dəryanındı, tamı dəmyə torpağın.
Yerin-göyün vəhdəti, hifz eyləyib səhhəti,
Yaddaşım yadırğayıb büsbütün kəhkəşanı.
Bir quşun avazını tərcümə etmək üçün
Südünü axtarmışam, lələyini tapmışam.
Ağzını aramışam, çovğun döyən illəri
Bir-birinə tikiblər zamanın qaytanıyla.
İki bənd şeir
Masallı-Yardımlı yolunda
Göy eşmişdi papirosun tütününü -
Peştəsərdə quru hava udqunmuşdu.
Ağacdələn vurnuxurdu bütün günü,
Dar koğuşda balasını unutmuşdu.
Ağlım getdi gəncliyimə, çaşdım yenə,
Dincliyimi bada verdim səhər erkən.
Sahilində kürəyimi vurdum yerə,
Viləş çayı - gümüş kəmər, cığır - örkən.
Sarı qamış kədərini bölüşəndə
Sıldırımı axır qalxdım, can üzüldü.
Sumaxları qızaranda dağ döşündə,
Sanırdım ki, bu, sökülən dan üzüydü.
Qırıq keçi buynuzunda su içirdi -
Sultan toyuq məst olmuşdu savabında.
Ağ çiçəklər köpüklənmiş süd içirdi,
"Quran" açdım, bağlanmışdı kitabı da.
Dəmbəlovda dəmplovun ətriyyatı
Yayılmışdı İstisudan Qəriblərə.
Cır armudun, kal əzgilin ətri yatır -
Xoş qoxusu qismətimiş qəriblərə.
At səyirtmək xatalıydı, qurd basmışdı,
Demanyolu - dumanyolu... himə bənddi.
Yaddaşımda avazımış söz azmışdı -
Yox olmuşdu şeirimin iki bəndi.
***
Tütün iyi götürmüşdü pal-paltarımı,
Əlaməti bəlli idi hər bir hoqqamın.
Tərs yamağı böyümüşdü, gül paltarımın
Qabığını güvə yemiş dəri toqqamın.
Tərqamışın gövdəsiydi çalğı aləti,
Tər axırdı sifətimdən üfürdükcə mən.
Tərgitmədim arxayın bu pis adəti,
Nəfəsimlə tozanağı süpürdükcə mən.
Fit çalardım - avazımın ömrü qəm-kədər,
Ağlım uşaq ağlıydı, qəhərdən ötərdim.
Atam qışqırardı, "tuta bilsəydim əgər
Eşit ki, səninlə bir qarış yol gedərdim".
Ayağımı sallıyardım isti təndirə -
Hərarət canımın ağrısına bəs idi.
Dəmirağac külüydüm əlhəm, türkəçarə
Xatırladırdı hərdən ömrün yaz fəslidi.
Boy atırdı sünbüllərin tarla işığı,
Pişiyimi sərt divara dırmaşdırırdı.
Üç həftəlik Ay çıxardı - parlaq işığı
Ağacların gözlərini qamaşdırırdı.
Faciə qəhrəmanı
Mən faciə qəhrəmanı olmaqdan ötrü
Öz bəxtəvər dincliyimi verdim güdaza.
Beş-altı bənd yaddaşlarda qalmaqdan ötrü
Yatmadığım hər gecəni qatdım gündüzə.
Təpindim də, ad tapmadım hərəkətimə,
Ruzisini mən kəsmişəm usaq-muşağın.
Gendən-genə işləyirdi şirin ətimə -
Nəğməsini eşidərkən isaq-musağın...
Mürgülədim kölgəsində ilahi sözün,
Qanmadım ki, sayacaqlar dil pəhləvanı.
Köləsinə çevrilmədim hər dahi sözün -
Cəfasını çəkənlərdi el pəhləvanı.
Üz göstərib döşəmədəki tablarıma,
Hisli nöyüt lampasından doymazdım heç vaxt.
Qane idim sətirlərin cavablarına,
Mən özümü səfil gündə qoymazdım heç vaxt.
Şəhriyarın havasında havalanırdım,
Rübabənin avazında ağlamsınırdım.
Rəqəm-rəqəm kiçilirdim, yuvarlanırdım,
Nəsimini oxuyarkən ağlım sönürdü...
Fəth elədim ordubasmaz qalalarımı,
Səhər-axşam ağız büzdüm, dodaq dişlədim.
Mən ağ günə çıxartmaqçün balalarımı
Qaragündə kağız yazdım, qələm işlətdim!
Dəhnə
Əngə verib qayaların sükutu,
Yaxşı qızıb buludların çənəsi.
Dolu düşüb, dağda çiçək buketin -
Dodağında məzəmməti, tənəsi...
Gün baxmadı nə ağına-bozuna
Saplağını qoydum dağın buzuna,
Bir qanqalın tikanıyla özünə,
Qəsd etmişdi Qız yurdunun nanəsi.
Gəlin qaya xınasına boyanmaz,
Gəlin söyüd çəpər üstdə satır naz...
Yetim qızın yatmış bəxti oyanmaz,
Qayğısını göstərməsə nənəsi.
Qara tutun rəngi dönüb kömürə,
Bəhməzindən tapacaqsan səmərə.
Şələ quyruq sürtünürdü mərmərə,
Bədənindən tökülmürdü gənəsi.
Zaman çapır köhlənini ha yorğa,
Sər altında xalça, kilim, ha yorğan...
Su da gəlməz daha su gələn arxa,
Boşalacaq ömrün-günün dəhnəsi.
Adi qonaq
Dağ havası qaldırmışdı Savalanacan,
Quş əppəyi qurumuşdu çay qırağında.
İlham pərim doğma yerdə havalanacan,
Yolu-rizi axtarırdım Ay çırağında.
Qıvrım-qıvrım saçlarını gəvən kolları
Uzatmışdı südün əmən torpağa kimi.
Vadilərdə qara asfalt - kəfən - yolların...
Yaddaş valı fırladırdı eşitdiyimi.
Qapıların tay-tay açıb dağlar qapısı,
Dar keçidlər göstərmir ki, darqursaqlığın.
Zuvand - sərin bulaqların çağlar qapısı,
Zərinqala - məkanıydı ulu saflığın.
Duyğulanmış Arabaçı* tamam dolmuşdu,
Məsimoğlu* gəzməkdəydi sıldırımda ov...
Son günlərin yuxusundan məhrum olmuşdu -
Uyumuşdu şah taxtında Vaqif Əmirov*.
Bu bərədə utanmadı ovçu yaşından,
Bu dərədə gizlətmədi çinar yaşını.
Çəkinmədi şimşəklərin oxlov daşından,
Qara bulud oynadırdı qalın qaşını.
Qayalıqdan sallanmışdı əyrim-üyrüm tin,
Gen mağara verməmişdi bada, yurdumu.
Bir vaxt sadə sakiniydim Lerik behiştin,
İndi adi qonağıydım, ata yurdumun.
Qeyd: Ayaz Arabaçı - şair.
Mübariz Məsimoğlu - şair.
Vaqif Əmirov - iş adamı.
Vətənin Zuvand etüdü
Təpələrin saçlarını tamam qırxmışdı
Tarlaların - xana-xana şahmat taxtası.
Turş alçası gözlərimin odun qırmışdı,
Bağlarında axtarmadım qaysı axtası...
Dəli gərmic şah budağın şil-küt eyləyib,
Cırarmudun ətəyinə büküb abrını.
İşıldayan çaydaşını yaqut eyləyib,
Gün bəsləyib, qurd gətirmiş zirvə qarını...
Heç bilmirdim, burda kimlə duram-oturam,
Bu el-oba hər adətin qaytarır mənə.
Qədim Zuvand məkanında addım atıram,
Torpaq doğma hərarətin qaytarır mənə.
Görərdim ki, soyuqlarda peç qalamamış
Dönüb körpə çocuqların rəngi kağıza.
Dəyirmanlar namazına heç başlamamış -
Kirkirələr verib yerdə ağız-ağıza...
Keçib getsən Ərdəbilə, bir qarış yoldu,
Əl uzatsan, barmaqların çatar Təbrizə.
Külək sərhəd məftilini yulğuntək yoldu,
Görən, haçan yetəcəkdir qatar, Təbrizə?
Əbədi yolyoldaşıydı qəzavü-qədər
Dərk edirdim, iz göyərdi izimin üstdə.
Azdım Zuvand dərəsində, çaşdım bir qədər,
Yazdım Zuvand etüdünü dizimin üstdə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!