And yerim...
Ümidləri xəşəm etdi
Göz yaşını peşəm etdi...
Ürəyi son guşəm etdi -
And yerim...
Yuxuları dara çəkdi
Bütöv sayıb, para çəkdi...
Gör bir məni hara çəkdi -
And yerim...
Xəyalları bələyində
Arzuları ələyində...
Sevindirdi, fələyi də -
And yerim...
Bu ömrü xırman yeritək
Gah şumladı, gah etdi lək...
Ta etmərəm mən sənə şək -
And yerim!..
Dilək
"Bir qadına..." silsiləsindən
Mən özümdən hara qədər qaçacam?
Dörd divardı, Allah və sən dinləyən...
Mən səhəri kimin üçün açacam? -
Yoxdu bunu səndən başqa bilməyən...
Çiyinlərim tab gətirmir ağrıya,
Ürəyimi götürən yox sarğıya...
İnanmazdım mənə belə qarğıya -
Və oturub dərdlərimi çinləyə...
Yazdıqlarım alınmır ki, tay ələ
Ümidimi sovurmuram mən hələ...
Haqq hökm edə, zaman keçə... an gələ -
İkimizə ayrıca bir din gələ!
Ömrüm
Saralmış dəftərdən
Göydən düşən üç almayla
Bitdi mənim nağıl ömrüm...
Mənə ondan nə pay düşdü,
Nə də sənə ağıl, ömrüm...
Bədahətən söz deyəndim
Öz yükümü çox bəyəndim...
Mən dəvə yox, mən küyəndim -
Belə gəldi axır, ömrüm!
De o kimdi, şəkli daşda?
Demirəm ki, başdan başla...
Gülə-gülə, əli qaşda -
Daş üstündən baxır ömrüm...
Bağışla
"Bir qadına..." silsiləsindən
Dan üzüdü, şehli güldü, bir də mən
Baş-başayıq - danışırıq baxışla...
Ziyarətçi sayılıram pirdə mən -
Sirri açdım, dözəmmədim, bağışla!
Diqqət çəkir yanağında parlayan
Təbəssümdü dodağında xarlayan...
Bu da mənəm - hər anıma qarlayan -
Tənhalıqdı, gəzirəm bu naxışla...
Zaman üçün unudulmuş qəsirəm
Tamlıqların sonundakı kəsirəm...
Bir Allaha, bir də Sənə əsirəm -
Fərq etmir heç xatirələr yağışla...
Çırpıntılar tək ürəyin səsimi?
Bacarırsan, çək ürəyim, səsimi!
Elə lək-lək ürəyimi, səsimi -
Hər an üçün hecaya böl - ba - ğış - la!
Özümlə söhbət
Üzümə oxunan yazı tanışdı -
Mürəkkəbi kədər, qələmi kədər...
Mənlə haqq-hesabı açıq danışdı -
Əlavə nə versə - sələmi kədər...
Gecəyə girovdu yuxum bəxtəvər,
Gündüzə xəyalım çaparlıq edir...
Nə vaxtdı düşübdü məndə bəxtə, vər -
Səssizcə qürubtək saralıb gedir!
Durmadan, aramla xışlanır sinəm -
Aşkar eşidirəm qəlb çırpıntımı ...
Yaman ağırlaşıb göz qapaqlarım -
Toxundum, kirpiklər bax, çırpıldımı?!
Mən yazı adamı, xətt tanıyanam
Qələm sahibi də yalnız O BİRdi!
Xəyalı xəyala sırt calıyanam -
Bu işdə güvəncim yerdəki PİRdi!
Buludlar
Daşa dəyib çilikləndi bir anda -
Qara donlu, ağ naxışlı buludlar...
Yerim yoxdu vərində, nə sıranda -
Qış havalı, yaz yağışlı buludlar...
Qədərimi mən seçmirəm - bu bəlli
Qədərimdi elə mənə təsəlli...
Bayatılı, nəğməli, həm məsəlli -
Nər sədalı, qız baxışlı buludlar...
Cığırların, çəhlimlərin sinəsi
İndi olub izlərimin binəsi!
Hal qalmadı daha məndə dinəsi -
İslandığım, yay alğışlı buludlar...
İçində
"Bir qadına..." silsiləsindən
İzinsiz açıram, bəlkə səhəri
Sən də qınayırsan məni içində...
Gəzib-dolaşıram bütün şəhəri -
Tapa bilməsəm də səni içində!
Asılıb ümiddən düşsəm də heydən
Dizim yerdən öpür, əllərim göydən...
Taparsan sən dadıb o vüsal meydən -
Axtarsan, özünə təni içində...
O nəfəs dəyməmiş bu gül kimidi
Əbülfət qəfəsdə bülbül kimidi.
Təzə vağanıyan sünbül kimidi -
Hələ ki qalıbdı dəni içində...
Yuxusuz səhərin şeiri
Yenə səhərimin gözlərinə şeh,
Yenə yanağına duman çökübdü...
Səmanın yaxasın günün şüası -
Bütün gücü ilə qat-qat sökübdü...
Bir az kədərlidi, bir az da yorğun
Sanki gecə boyu daş daşıyıbdı...
Bu səhər gecəni hamıdan oğrun -
Fikirlər içində tək yaşıyıbdı...
Gözündə dağ boyda qan ləkəsi var
Bəllidi gecədən necə çıxdığı...
Dünyanın üzünə səssiz yayılar -
Səhərin köksünə gecə yığdığı...
Yüklədi ruhuma izin almadan
Açılan bu səhər öz ovqatını...
Yaxşı ki, gecədə batıb qalmadan -
Səhər verdi mənə, söz ovqatını...
Şuşada etdiyim dua
Allahım, bu ünvan sənin də evin
Mənim də Kəbəmdi - Şuşa adında.
Allahım, mənimtək sən də bax, sevin -
Qalsın Kəbə Şuşa sənin yadında!
Daşı dözümümdü, torpağı namım
Bilmirəm özümü burda kim sanım?!
Çiçəyi öpürəm durulur qanım -
Bu Günəş nurunda, hava dadında!
Allahım, bu məscid, bu Cıdır düzü
Bu da igidlərin qələbə izi...
Hər an varlığımda görərək sizi -
Tapıram özümü o bir qadında!
Xatirələr
"Bir qadına..." silsiləsindən
Vərəqlənir içimdə
Təngiyən xatirələr...
İndi ümid olmağa -
Ləngiyən xatirələr...
Mənə doğru bir cığır -
Saysız ünvandan çıxır...
Qəmi üst-üstə yığır -
Səngiyən xatirələr...
Buludtək gözüm dolur
Qürubtək çöhrəm solur...
Niyə əlçatmaz olur -
Mən deyən xatirələr...
Ahdan doğulan şeir
Sən şəhərdə olmayanda
Şəhər təklənir...
Bütün olanlarla birgə -
Şəhər ləklənir!...
Küçə də yarımçıq olur,
Lap küçədəki bina da!
Ürək bulud kimi dolur -
Yer də qalmır ki, inada!
Gəzməyə də çıxmır ayaq
Bir doğma yerdə çökürsən.
Xatirələr kövrək dayaq -
Onu üstünə tökürsən...
Kimsədən yersiz küsmək yox
Günahkar taleh yazandı...
Can verdiyini candan çox -
İtirmək belə asandı?!
Bir sapa min arzu düzüb
Min xəyalı bir eləmək...
Əlini o birdən üzüb -
Olmur, başı girələmək...
Şəhər də bezib, bezdirir
Kimsən, de, ya da kiminsən?!
Məni həsrətim gəzdirir -
Deyir, piyada kimisən...
...Mən şəhərdə olmayanda -
Olmurmuş elə şəhər də...
Əzabdı bil, sənsizlikdə -
Ölmək də, belə şəhərdə!
Başına dönüm
Mənim içimdəki nə kin, nə küdurət
Nə də ki, hikkəmdi, başına dönüm!
Bəlkə də bu mənim son hay-harayım -
Sonuncu cikgəmdi, başına dönüm...
Yelləncək qurubdu, ünüm havada
Yellənir hər anım, günüm havada...
Mənim pozulmayan dinim havada -
Son ümid sikgəmdi, başına dönüm...
Əbülfət olmağın cəzası ağır
Dörd yandan üstümə qəm, kədər yağır...
İstər sükuta dal, istərsə bağır -
Bitən son tikəmdi, başına dönüm!
Ayırmaq istəsən...
Mənim sığındığım dördkünc bir otaq
Kədərdi sirdaşım, qəmdi həmdəmim...
Sanki doğulublar mənimlə ortaq -
Qədərdi sirdaşım, dəmdi həmdəmim...
Çıxıbdı əlimdən vaxtın yaxası
Qarışıq salmışam axşam, səhəri...
Adıma yazılan baxtın yaxası -
Güldürür üstümə bütün şəhəri...
Halım gözdən uzaq, gözüm də gözdən
Təsəllim xəyaldı, bir də göz yaşı...
Ayırmaq istəsən sən məni sözdən -
Kirpiklə od götür, gözlə köz daşı...
Məcnun dini
Sevinc gətirən heç nə
Ağlıma gəlmir indi...
Məni imansız sayma,
Olanım bircə dindi -
Məcnun dini!..
Göyə açılan əlim,
Yerə söykənən dizim...
Adını çəkən dilim,
İnancımızdı bizim -
Məcnun dini!..
Tanrıdan gələn işıq,
Tanrıya gedən cığır...
Məni eyləyən aşiq,
Hər an qarşıma çıxır -
Məcnun dini!
Hər anı, hər sözüylə
Müqəddəsdi və Nuhdu!
Baxın, şair gözüylə,
Varlıq və həm də ruhdu -
Məcnun dini!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!