"Mən danışan şəkiləm" - Şeirlər. Nazim ƏHMƏDLİ

 

Bir gün sənə

danışacam

 

Göy üzü bizdən uzaqdı,

əlimi uzatsam çatmaz;

bundan sonra yatıb qalsaq,

bir kimsə bizi oyatmaz;

 

biz də yoxdan yaranmadıq,

yoxdan deyil ki yer üzü;

bir başqa göyün üzündən

bura gətirdilər bizi;

 

bəzən ulduzlar da itir,

günəş də itir gözümdən;

çıxıb getmək istəyirəm,

hərdən qaçıram özümdən;

 

mənim bir bişmiş üzüm var,

bir də, bir çiy üzüm qalıb;

yandığım ocaq yerində,

hələ bir az közüm qalıb;

 

hər yan hasar içindədi,

bir tərəfə getmək olmur,

indiki arxın suyundan,

bir bardaq, bir qazan dolmur.

 

ürəyim sıxılır yenə,

pəncərəni açaq bir az;

ulduzlar qaçıb gizlənib,

biri də görünmür bu yaz;

 

biz yalançı nağıllara,

daş yonub heykəl qoymuşuq;

babamızı öldürənin

məzarına gül qoymuşuq;

 

mən hələ heç nə demirəm,

bir də soruşma yuxumu;

bir gün sənə danışacam

gerçəyin nə olduğunu.

 

 

Ayrılıqlar sarıymış

 

Buludlar qırış-qırış,

göy üzü cadar-cadar;

deyən hələ yol gedir,

mən gecikdiyim qatar;

 

əlin toxunar birdən,

üzüm oxunar birdən;

kölgəm yox olar, birdən,

kölgəm sularda batar;

 

ay - göy üzündə sona,

oxu qoydum kamana;

bahar məni bir yana,

payız bir yana dartar;

 

ağ bulud kündə-kündə,

çiynim qayğı yükündə;

gözlərimin kökündə,

qərib həsrət boy atar;

 

ayrılıqlar sarıymış,

saçlarım ağ qarıymış;

ömür bir qatarıymış,

bir gün mənzilə çatar.

 

 

Bütün buzlar

əriyəcək

 

Bütün buzlar əriyəcək,

hər yan su olacaq, deyən;

təkcə bir arzudan yana,

arzu qalmayacaq, deyən;

 

ağ buludlar lələk-lələk,

qalxaq, göy üzünü bölək;

deyirlər, ölübdü fələk,

yası olmayacaq, deyən;

 

şamı sönür ulduzların,

sayı yox dərdin-azarın;

daha qarımış qızların,

nazı olmayacaq, deyən;

 

dünyanın çox nağılı var,

yol tapır, kimin ağlı var;

həsrətin yeddi oğlu var,

qızı olmayacaq, deyən;

 

bəs, bu yarpağa nə yazım,

sevgi yazın, dərd payızın;

bu sərt qışın, sərt payızın,

yazı olmayacaq, deyən;

 

nələr eşidir qulağım,

elə hey sancır, dalağım;

hər qış buz tatan bulağın,

buzu olmayacaq, deyən;

 

hanı, o bahar-yaz çağlar,

daha göy sular az çağlar;

alnımızı pozacaqlar,

yazı qalmayacaq, deyən.

 

 

Çəhrayı yuxu

 

Bir çəhrayı yuxumdan,

oyanıb qalxdım, qəfil,

yuxum ərşə çəkilib,

şellənir, səfil-səfil.

 

gözümə işıq düşür,

dünənki yağan qardan,

hələ səs-səmir yoxdu

gözlədiyim qatardan.

 

qulaqlarım eşidir,

ürəyimin səsini,

ciyərimə çəkirəm

həsrətin nəfəsini.

 

bu divarın içində,

nə işıq var, nə yol var;

gözlərimin ucunda

titrəyən bir xəyal var;

 

kirpiklərim yoruldu,

çöndüm, üzü divara;

bilet də almamışam

gözlədiyim qatara;

 

elə bil buz bağlayıb,

pəncərəsi odamın;

unudun, bu gecənin

içindəki adamı.

 

 

Gəl bir yaxşı

şəklimi çək

 

Payızın saçı sarıdı,

gözlərindən ayaz damır;

gün keçir, ömür atdanır,

saçlarıma bəyaz damır;

 

buludlar ilmə-ilmədi,

payız üzümə gülmədi;

yüz illər tapa bilmədim

özümə oxşar adamı;

 

bu ocaq köz-köz qaralır,

ürəyimdə söz qaralır;

elə bil hər yer qar olur,

günəş qızdırmır odamı;

 

nə qaldı bu gələn qışa,

yollar dirənib yoxuşa;

bir bulağa, ya bir daşa,

bir yarpağa yaz, adımı;

 

yol uzanır, sonda itir,

qaranlıqlar danda itir;

kəlmə-kəlmə, sətir-sətir,

əriyir könlümün şamı;

 

göy üzü gömgöy şüşətək,

gəl, bir yaxşı şəklimi çək;

ulduzlar yerə düşəcək,

bir sərin payız axşamı.

 

 

Hər arzuda

səhər var

 

Bu yurd yerində qalan,

nə ocaqdı, nə küldü;

buludlar guruldadı,

göyün üzü söküldü;

 

boğazımda qəhər var,

hər arzuda səhər var;

yuxumda bir kəhər var,

ayaqları səkildi;

 

əlini qoy ovcuma,

daha mənə acıma;

işıq düşdü saçıma,

qaranlıqlar çəkildi;

 

yalan çıxdı nağıllar,

sular hardan axırlar;

şipşirincə yuxular

gözlərimdən töküldü;

 

göyərmədi yarpızlar,

tez qocaldı, bu qızlar;

göy üzündə ulduzlar

elə bildim şəkildi.

 

 

Mən danışan şəkiləm

 

Hara üz tutub gedim,

bir içim hava udum;

gecəni səhərədək

buludlarda uyudum;

 

çağır məni oyanım,

daşıb, qaynayır qanım;

istidən bişir canım,

həsrətimin yayıdı;

 

hardan əriyir buzlar,

solub gedir ulduzlar;

uzaqda bir ulduz var,

yer üzünün tayıdı;

 

mən danışan şəkiləm,

saçıma ağ çəkilər;

buludlardan tökülən,

göy üzünün suyudu;

 

həsrət qarış-qarışdı,

ruhuma nə darışdı;

dünya yaman qarışdı,

sevgilər də soyudu.

 

 

Sular çəkilib gedir

 

Yenə yaman çoxalıb,

saçlarımın dən izi;

yuxularda gəzirəm,

itirdiyim dənizi;

 

könlümü həsrət sökür,

yolumda kölgə səkir;

kim bilir, nələr çəkir,

dərd üzüm, fikir üzüm;

 

kim çəkibdi şəklimi,

üzü-gözüm kül kimi;

zaval vuran gül kimi,

solur, bətim-bənizim;

 

bu yollar büküm-büküm,

tək sənə çatır ərkim;

sən mənim sevda yüküm,

mən də sənin kür üzün;

 

yarpaq bükülüb gedir,

ruhum sökülüb gedir;

sular çəkilib gedir,

quruyacaq, yer üzü.

Mən sevdiyim dəniz

 

Yenə bu daşqın könül

bir sevdaya gül oldu;

canım bir oda düşdü,

yanıb-yanıb kül oldu;

 

yordu məni yor-yoxuş,

nələr olar, yır-yığış;

gəlmədi yaz, yay, nə qış,

bir ayrı fəsil oldu;

 

qarı dünya qarışdı,

yol-yolaq qar-qamışdı;

bizi kim qarğımışdı,

dərdimiz min il oldu;

 

bir ömürdü, sökdüyüm,

kimdi yığan, əkdiyin;

ürək çəkdi, çəkdiyin,

ağlayan könül oldu;

 

ağ buludlar ağ atdı,

ayrılıqlar tağ atdı;

hərə bir az dağıtdı,

dünya tör-tökül oldu;

 

niyə soldu gün üzü,

gecə sıxdı gündüzü;

mən sevdiyim dənizin,

suları şəkil oldu.

 

 

Ruhumun şəkli

 

Göy üzündə ağrı qalıb,

qara buludlar sökülür;

ruhum solğun şəkil kimi,

qalxıb divara çəkilir;

 

gözümün yuxu yerinə,

pəncərədən işıq gəlir;

ərşə çıxan yuxularım,

qayıdıb qarışıq gəlir;

 

divarda çiçək açacaq,

əlimin toxunan yeri;

payız yarpağı kimidi,

alnımın oxunan yeri;

 

yuxum bir çiçək üstündə,

qanadında şeh yellənir;

kipriklərimin ucundan,

bir payızlıq meh yellənir;

 

bir ufaq cığır da qalıb,

könlümün o köy üzündə;

bir ömürdü yol gəzirəm,

yer üzündə, göy üzündə;

 

elə bil qışdan qayıdıb,

payız havası qar dadır;

şəklimi asma, divardan,

ruhumun şəkli ordadı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!