"Qanadlarının rənginə and içər kəpənəklər..." - Şeirlər. Ümid NƏCCARİ

 

Hərflərin məzarlığı

 

Öpdüm gecənin qaranlığını...

Keçdim səhərin günəş səhifəsinə.

Əlimdə yarpaqların yaşıllığı,

Əlimdə bahar fəsli...

 

Baxa-baxa kor dünyada gözlərimi axtarıram.

Kişilərin ayaqlarında ağrı,

Başında yaylıq əsir qadınların,

yaylıq,

əsir, ölkənin bayrağı kimi

əsir...

 

Başımdakı şeirə uzanan əllər

Sabahın alatoran ətəyindən yapışır

Başımdakı şeirə uzanan əllər qandal içində

Qan-tər içində...

Nə vaxtdır güzgülər göstərmir şairləri,

Şairlər hərflərin məzarlığında yatır.

 

Burada qadınların saatı ilə qürub edir günəş,

Burada qaranlıqdan əsir külək...

 

 

Oğullarım Altunay və Tuqay üçün...

 

Küləkdən yorulan kəpənək,

duaya açılan əl kimi qanad açır göy üzünə.

Qanadlarının rənginə and içər kəpənəklər...

 

Yumruğunu aç,

Dünyadakı həbsxanaların qapısı açılsın.

Yumruğunu sıx,

Azadlıq bir də qayıtsın.

Biz insanlar anamızdan deyil,

buludlardan doğuluruq...

Elə bulud kimi parça-parça,

Ağlayan...

Elə bulud kimi gəlib-gedərik...

Biz insanlar atamızdan deyil,

şam işığından yaranırıq.

Elə şam kimi yana-yana...

Elə işıq kimi qaranlıqda.

 

Mənə başqa dildə yox,

mənə uşaqların dilində danışın həmişə...

 

 

Eşqin divi

 

Qalmadı ərk yerimiz,

qalmadı umacağımız qapı,

Son qatar da boş getdi,

Yerdə qaldı xatirə adamlar...

 

Bu fəsil də sərt keçdi,

ilimiz baharsız keçən kimi.

Daha badə qaldıracağımız isim də qalmadı

Daha baş qoyacağımız diz də...

 

Səsimin rəngi payız yarpağıdır,

düşür sevgi dalından çarəsiz.

Hop tutmuş dodaqlar...

Buğ tutmuş pəncərə...

Eşq divimin canı şüşədədir

Bircə sözlə qırıla bilərəm

Bircə sözlə ölərəm...

 

 

Təngnəfəs divarlar

 

Bu monoton həyatda

Təngnəfəs olur divarların qaməti...

Bu naraton yarışda

Tövşüyür saçlarımdakı ağ atlar...

Mənası dəyişmir Günəşin

Kirayə evlərin...

Yad əllərin...

 

Bircə, çöldəki soyuqdan çox

Ciblərin üşüyəndə

Mənası itir fəsillərin...

Qış fəsli üşüyür ciblərində!..


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!