Düşüncə - Zaur BAYRAMOĞLU. Şeir

 

Zaur Bayram oğlu Muradov 1978-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Milarx kəndində, ziyalı ailəsində anadan olub. 1995-ci ildə Milarx kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub, 1999-cu ildə müəyyən səbəblərdən təhsilini qiyabi şöbədə davam etdirməyi qərara alaraq hərbi xidmətə yollanıb. Həmin ilin aprel ayında xidmətdə fərqləndiyinə görə hərbi hissə komandiri tərəfindən kiçik çavuş rütbəsi ilə mükafatlandırılıb. İyul ayında qatıldığı XTQ seçmələrini uğurla keçərək həmin sistemdə təhsil almağa göndərilib. Kursu uğurla bitirən Zaur Muradov "N" saylı hərbi hissədə xidmət etməyə başlayıb. Bir çox döyüş və kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirən gizir Zaur Muradov 2001-ci ildə vəzifə borcunu yerinə yetirərkən minaya düşərək gözlərini itirib və altı barmağı üç hissədən amputasiya olunub.

Ailəlidir, üç övladı var.

 

Düşüncə

 

Sadəcə bəzən deyil, hər gün, hər an düşünürəm...

Yapacaq başqa işim də yoxdu ki, zatən düşünməkdən başqa....

Hətta bəzən yuxularımda belə düşündüyümü düşünürəm...

Yerini dəyişik saldığım, gündüz yatıb, gecələri yuxusuz qaldığım yuxularımda...

Eynən məhəllənin gözətçi köpəkləri kimi...

Bəzən nə düşündüyümü belə bilmir, boş düşüncələrimi bilgisayarda açılmış səhifəsinə tökdüyümdə yazmağı belə bacarmayan bir körpənin cızdığı əyri-üyrü xətlər toplusu kimi əcaib-qəraib, mənasız mətnlərə baxıb bığaltı gülümsünürəm...

Görəsən, mənim yazdıqlarım niyə belə məntiqsiz və mənasızdır?

Ya əlimdən yazmaq gəlmədiyindən olacaq, ya da bir dildə düşünüb, başqa dildə yazdığımdan...

Əslində, bunlar ikisi də eyni dillər, ya da eyni dilin şivələridir...

Amma bəzilərinə görə sadəcə iki fərqli dillərdir...

Niyə bir dildə düşünüb, digər dildə yazıram deyə öz-özümə sual etdiyimdə cavabını o dəqiqə buluram:

Axı dinlədiyim verilişlər, qulaq asdığım kitablar, izlədiyim internet səhifələri, hətta telefonumun dili belə bir dildə, evdə danışdığımız başqa dildədir...

Və olan da mənə olur...

Söz ehtiyatım tükənir, bəzən bu gözəl dilimizdə bildiyim mənaların qarşılığını düşünür-düşünür, tapa bilmirəm...

Yəni Əli aşından da olmuşam, Vəli aşından da...

Amma hər halda, yaza bilmirəm...

Və səbəb də, sadəcə, bir dildə düşünüb, başqa dildə yazmaq ola bilməz...

Həm də axı bunlar ikisi də eyni dillərdir...

Düşünür-düşünür, tapa bilmirəm: görəsən, niyə yaza bilmirəm?..

Bəlkə tənbələm desəm... amma bundan düşünməyə nə?

O barədə üstümə yoxdur qoçaqlıqda...

Beynim çatlayır, əsəblərim tarıma çəkilir, eynən küləyin üfürüb doldurduğu yelkən bezi kimi...

Amma ya yaza bilmirəm, ya da yazdıqlarımda məna tapa bilmirəm...

Və hər şey yenidən başlayır...

Məhəllənin gözətçi köpəyi kimi səhərə qədər oyaq qalıb düşünürəm, düşünürəm, gündüz yuxumda belə düşünürəm, amma oyandığımda bilgisayarımdakı səhifəyə tökdüklərim yazı bilməyən körpənin çizikdirdiyi anlamsız xətlər yığını kimi məntiqsiz və mənasız olur...

 

Yəni Əli aşından da olmuşam, Vəli aşından da...

Və girdaba düşmüş çöp kimi çarəsizcə çırpınır...

Nə üzə çıxıb qurtula, nə dibə batıb yox ola bilirəm...

Bəzən düşünməmək istəyirəm...

Nə etməli? Deyə düşünür və tezcə də çarəsini tapıram; beynimi söküb yerindən çıxarmaq...

Amma bu imkansızdır axı, - deyə düyünlədiyim qaşlarımın altından çini gözlərimi qaranlıqlara zilləyərək fısıldayıram...

Və bığaltı gülümsünürəm: gördünmü, düşünməmək üçün belə düşünürəm, - deyə...

Gicgahımızda bir düymə olsaydı; "düşüncəni qapat", - deyə...

Sıxar və qurtulardım düşünməkdən...

Və bir də düşünmədən yazmağı dənəsəydim, - deyə düşünmədən dura bilmirəm...

Bəlkə o zaman yazdıqlarımda bir məna olardı..., ya da ən azından bir şeyə bənzəyərdi...

Daha balaca uşaqların çizikdirdiyi anlamsız xətlər toplusuna deyil...

Düşünməkdən əldən düşmüş başımı taqətsiz əllərimin arasına alaraq partladıb qurtulmaq istəyirmişcəsinə sıxır, sıxıram...

Və ruhum girdaba düşmüş çöp kimi çarəsizcə çırpınır...

Nə üzə çıxıb qurtula, nə dibə batıb yox ola bilirəm...

Uduzmağımla razılaşıb, qoca qarılar kimi deyinirəm...

Beynin varsa düşünəcəksən..., bu, çarəsiz bir dərddir artıq...

Ya beynindən qurtulub heyvantək instinktlə yaşayacaq, ya ölənədək düşünəcəksən...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!