Bir nəfər
Dünya bir nəfərçün sanki xəlq olub.
O milyon nəfərli, o bir nəfərli...
Bahar da gələndə yer üzərinə,
Gəlir xatirinə o bir nəfərin.
Bəlkə bir nəfərdi Haqqın əsəri,
Qalanlara hələ bir müəmma, sirr,
Biri-birinə də bütün bəşəri,
Bu qədər bağlayan o bir nəfərdir.
Hamının başına, gözünə dönür,
Çəkir qayğısını ölənə kimi.
O bir nəfəri də saxlayır Allah,
Onuntək bir nəfər gələnə kimi!
Nələr baş verməzdi o bir nəfərsiz,
Kainatmı, yermi, göymü olardı,
Neyləyərdik o bir nəfər olmasa,
Onsuz məgər bircə şeymi olardı?!
Təkcə insanlar yox, necə olmağı
Ondan dağ öyrənir, qaya öyrənir.
Vəfa göstərənlər vəfa göstərir,
Dua eyliyənlər dua öyrənir.
Yerin altını da, üstünü də o,
Baxsana, duysana, görsənə, bilir.
Nədənsə, bir nəfər olduğu halda,
Gözə hamı kimi görsənə bilir.
Nədən bilirsən ki, onun ruhundan,
Ərzə səpələnmir bu işıq, bu nur,
Günəş Dan yerindən boylanmayır ha,
Günəş bir nəfərin köksündən doğur!
İki adam olmur məsciddə axı,
İmamlıq eyləyən
Mehrabda, Lələ!
Elə bil yağanda gənəşib yağır
Yağış da, dolu da o bir nəfərə.
Gəlsin ucalara getmək istəyən,
Varar Allahına mənlə varan, bil!
Mən də Yunus kimi qoca dərvişəm,
Mən də məndə deyil,
"Mən" də varam, bil!
Nə bir nəfər olub, nə də min nəfər,
Kim aşiq olmayıb, kim əfəl olub...
Ərənlər bir ikən min nəfərdilər,
Ərənlər min ikən bir nəfər olub...
...Sənin məsləhətin, hökmünlə Tanrım,
Bəsimdir dünyada bir dəfə olsam.
Mən dönüb yüz nəfər, min nəfər ollam,
Mən sənin dediyin bir nəfər olsam!
Dan yeri
Dünyada nə varsa Sözə bağlıdır,
Amma ki, Sözün də sahibi var, bil!
Məni də bağrına basdı, ağlatdı,
Bu köhnə Məlumla,
O köhnə Məchul!
Qoyanda qoymuşam gözümün üstə,
Bir bax, mindirmişəm Sözü boynuma.
Söz mənim könlümə yol salıb gedir,
Qol salıb gedirəm Sözün boynuna!
Sözdü... Sözdü qədim, ulu, əminəm,
Kim qalxmaq istəsə haqq dərgahına,
Sürünəcək, dizin-dizin gedəcək.
Bir zaman saldığım yolu əminəm,
Özüm gedəmməsəm, Sözüm gedəcək!
Bizimki həyatdı... Ölümdən keçib,
Alan oğul gərək dözüm, ölümdən...
Gedirik, söz mənim əlimdən tutub,
Gedirik, mən turub Sözün əlindən!
Mən də azdan-çoxdan sözümü dedim,
Dedim, nə olacaq görüm axırı.
Baxma solmağına, saralmağına,
Bəlkə solmaq deyil gülün axırı?!
Yatacaq ürəyə, Sözüm o başa,
Sözüm Dan yeridi - Sözüm Obaş, ha!
Ömrün mənasına varıb baxıram.
Yetəcək... çatacaq, Sözüm o başa,
Sözün bu başından durub baxıram.
Bir adamın min şəkli
O əzəl deyilən Haqq binası var,
Mənim də bu binam o binadandı.
Bu haqqı kim duyub, kim anlamasa,
Mən necə deməyim, o, bir nadandı!
Əyməz tərəzini daş, əyməsəniz,
Könül yıxmasanız, iş əyməsəniz.
Deməyin, o Haqqa baş əyməsəniz,
Baxmır üzümüzə o Bir, nədəndi?!
O bina günəşdi, o bina Dandı,
Hər kəs ki, Barattək o binadandı,
Hər kəs ki, Kəbədən - o Minadandı,
O, bir adam deyil, o, min adamdı.
Mənim nəyim var
Mən elə bilirdim dostumdur hamı,
Aman, nə qədərmiş düşmənim mənim.
Dövlət axtaranlar, var axtaranlar,
Arxamca bu qədər düşməyin mənim,
Mənim şairlikdən başqa nəyim var!
Ən incə hisslərə toxuna bilir,
Sarıdır sazımın əzəli simi,
Könlümcə çalına, oxuna bilim,
Lap elə Nizami, Füzuli kimi!
Mənim şairlikdən başqa nəyim var!
Ağıllı adamam... dəli adamam,
Fikrim yox Allahın yerində olam.
Kimsəli, kimsəsiz, qərib adamam,
Kəfənim varmı ki, gorum da ola,
Mənim şairlikdən başqa nəyim var!
Yeddi qat olsa da bu göylər, yerlər,
Bircə yer bəsimdi, bircə göy bəsim.
Kimlərinsə nəyi yox ki, deyirlər,
Mənimsə bəsimdi, bircə şey mənim,
Mənim şairlikdən başqa nəyim var?!
O necə varlı ki, necə karlı ki,
Heç nə anlamayır, heç nə duymayır?
Şairlikdən başqa ay övladlarım,
Məndən yalvarıram, heç nə ummayın,
Mənim şairlikdən başqa nəyim var!
Nə olsun hələ ki nuru sözalır,
Gözlərim qaralır yola baxanda.
Gələcək, gələcək mən dediyim gün,
Mənim nəyim yox ki, belə baxanda,
Mənim şairlikdən başqa nəyim var!
İşini şeytanla yollaşdırırsan,
Nə vermir, nə almır, nə satmayırsan.
Fələk, sən də tez-tez əlləşdirirsən
Sən də üst-başımda nə axtarırsan,
Mənim şairlikdən başqa nəyim var?!
İki sual
Elə yaşamışam, ömür sürmüşəm,
Üstümdən istəyən qara çəkəmməz.
Məni fikirlərim Dara çəkəntək,
Heç kim indi daha Dara çəkəmməz!
Ömrüm keçməyib ha... külək qovubdu,
İzimin əlində dəyənəyi var.
Səs gəlir başımdan: "Dümappaqdı saç",
Səs gəlir içimdən: "Nə oturmusan,
Təzə nə yazmısan, təzə nəyin var?!".
Qələm tapmayanda mən barmağımla
Ağzıüstə döşənib yola yazaydım.
Kaş elə hər yanda öz qələmimə
Belə sarılaydım, belə yazaydım!
Heç kim yazdığına qibtə etmirəm,
Allah nə verirsə, odu yazdığım.
Nadan ağ saçımla maraqlanmayır,
Guya maraqlanır, gəlir yazığı?
İnsan yaşamaqdan doymur ki doymur,
Yaratmaqdan necə?
Yoxsa unudur?
Könlümcə yazmağa-pozmağa qoymur,
Hökmən gizli bir əl əlimi tutur.
Necə unutmuşlar gör bunu hələ,
Sürərdim, çapardım necə atımı...
Paxıllar mənə də tor qürur hələ,
Bayıra tökürlər içalatımı!
Fəxr edən necə də azdı şairlə,
Demir ki, ortaya bax, saz qoyan var.
Məni göməşdirir, heç nə yazmayım,
Mənə gizli-gizli bir göz qoyan var!
Ay Allah, bu qədər Ölümlə Həyat,
Belə, bir-birinə yaxın olarmı?
Həyat gəlib deyir: nədi yazdığın,
Ölüm gülüb deyir: baxım, olarmı?!
Olmasa
Mən bu aləmdə olmazdım
Başqa aləmim olmasa,
Bir məramımmı olardı
Başqa məramım olmasa!
Çatammazdım bir zirvəyə,
Çəkilməzdim heç bir başa,
Başda ürəyim olmasa,
Başda qələmim olmasa.
Allahın izni ilə nə vaxt
Nəfəsim dəyincə
Bir çiçək, gülmü açardı, daşda,
Kərəmim olmasa!
Yad danası saxlayırtək
Çatım əlimdə qalardı,
Axardımı damarımdan
Eşqdə öz qanım olmasa.
Hansı enişlə gedərdim,
Hansı gedişlə gedərdim,
Mənim də özüm aşdığım
Yoxuş, bələnim olmasa!
Əlifbasız qalmazdımmı,
Vurulduğum hərflərdən
Birisi ən əvvəl əlif,
Daha sonra mim olmasa!
Hayana çıxa bilərdim,
Adicə səs eşitsəydim,
İsa Muğanna sayağı
Eşitdiyim Ün olmasa!
Olmasa başqa bir Barat,
Şairmi çıxardı məndən,
Qələmim qələm olmazdı,
Başqa qələmim olmasa!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!