Bahardı...
Səhərdi...
Ömrümə sıxdığım güllələrin boş gilizlərini
siqaret kötüklərini,
tullayıram
əlimin tərsiylə.
O mahnı, qrammafondakı o mahnı
həmahəngdir
fikirlərimin rəqsiylə.
Havalanmaq, nəşələnmək qorxusuyla,
gürcü çaxırının qoxusuyla, iyiylə
bərabər yaşayır
damağımın damı altında
sözlər, sükut və sairə...
Eşq olsun şairə!
İndi tərgitmişəm bütün bu vərdişləri,
yəni bitib başqa bir şairin
intihara cəhdləri, sərgüzəştləri...
İndi siqaretsiz şair dodaqları
Eyfelini itirmiş Parisə,
qədəhlər Boğazı qurumuş İstanbula bənzəyir,
Eşq olsun sənə, şair!
Bahardı...
Səhərdi...
Nə qərbində,
nə də şərqində otağımın yenilik yoxdur,
başımda da həminki qəribəlik, qəriblik.
Pəncərədən baxıram.
Baxıram buludların dəvə ləngərinə -
ən dahi rəsmlərin
ən adi həyat səhnəsinə bənzərliyinə,
Salvador Dalinin acı məğlubiyyətinə.
Dodağımdakı qüssəli təbəssümü
qədim bir gülüşün təqlidi sanıram.
Suallar açıq qalır...
Dəvə buludlar
belindəki suları
uzaq, susuz başqa səhralara daşıyır.
Səma açılır...
Bahardı...
Səhərdi...
Qaranquşlar soyuq ölkələrdən
yorğun dönüblər,
günəşi daşıyıb bizə gətiriblər.
Külək saçlarını qurudur
ağacların.
Güllər arıların,
qəndqabılar qarışqaların
ümid yeridir bir az.
Pəncərələr, qapılar doxsan dərəcə
bahara açılıbdır.
Nümayişdir-nədir, bilmirəm,
amma ətraf
sənin kitabında belə
rəngini dəyişir.
Eşq olsun sənə, şair!
Bahardı...
Səhərdi...
Bədənimin ən əziz qonağı ruhum
ustadın şeirləriylə dincəlir.
Mətləblər vaxt ötdükcə hökmən incəlir.
Yadıma gəlir
səninlə tanış olanda
yüzlərlə ortaq dostlarımız var idi:
kitablar -
onlar gecələr yenə boylanırmı rəfdən?
Söyləyirmi ki, Elşən,
sən bizi də oxumalısan?!
İndi fərq etmir
talemi insanı, insanmı taleni seçir?
Yaxşı ki, səni tanımışam,
Yaxşı ki, sən varsan,
Yaxşı ki, bu fani dünyaya göz açmısan -
ağlayaraq...
Üzülmə,
ağlamaq ilk nəğməsidir
insanların,
şairlərin ilk şeiridir.
Sən ilk şeirini çoxdan yazmısan...
Bahardı...
Səhərdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!