"Sənsizlik içində hürr..." - Şeirlər. Faiq HÜSEYNBƏYLİ

 

Fuad üçün

 

Başını daşlara təslim eyləmə,

Büdrəmə, yıxılma, ağlama, oğlum.

Həyatı boş burax sol tərəfindən,

Həyatın sağında laxlama, oğlum.

 

Cavabı səndədir "necə"lərinin,

Payızda sayarsan cücələrini.

Fikrə dost eyləmə gecələrini,

Hər dərdi qoynunda saxlama, oğlum.

 

Yoxdur bu dünyada yenilməyən taxt,

Qızıl mülk olunca, qızıl olsun baxt.

Düşmən hiyləsinə aldanma heç vaxt,

Dostuna çox da bel bağlama, oğlum.

 

Allahın altında hökm olmasın,

Fələk haqq işinə hakim olmasın.

Ağlın ürəyinə məhkum olmasın,

Ürəkdən yol alma ağlına, oğlum.

 

Bir ruh, bir bədən var bu quru adda,

Kimsəyə bənzəmə sən bu həyatda.

Odur bardaş quran sonuncu qatda,

Nəsihət edərsən oğluna, oğlum.

 

 

Sənsizlik içində hürr...

 

Mən əsir düşmüşəm bu sənsizliyə,

Sənsizlik içində hürr də qalmışam.

Sevinc əllərini çəkib yaxamdan,

Kədərə qalmışam, dərdə qalmışam.

 

Çəkdiyin dağlardı çən olduğum yer,

Tanrı təkliyinə tən olduğum yer.

Ömrün harasıdı mən olduğum yer? -

Özüm də bilmirəm harda qalmışam.

 

Demirəm, hər səhər gəl məni dindir,

Deyirəm, biləsən, bu qəlb sənindir.

Yaxşılıq imandır, eşq özü dindir,

Əlini ver mənə, darda qalmışam.

 

De, niyə bağladı buz dodaqların?

Qönçə dodaqların, qız dodaqların...

Sındırsın tilsimi söz dodaqların,

Sonu görünməyən sirdə qalmışam.

 

Bu fani dünyadan doy, məni dinlə,

Ver eşqin içindən boy, məni dinlə.

Əlini qəlbinə qoy, məni dinlə,

Eheey, mən burdayam, burda qalmışam.

 

Nə qədər gec deyil, hələ vaxta var,

Qarşıda tufan var, qar var, şaxta var -

Məni tənha qoyub gedən bəxtəvər,

Qayıt gəl, qoyduğun yerdə qalmışam.

 

***

Küləklərlə, tufanlarla sovrulub,

Getmək olub, getmək olub istəyim.

Toxum kimi torpaq altda qovrulub,

Başqa yerdə bitmək olub istəyim.

 

Mən gəzirəm qəsdən iraq vücudda,

Gözdən iraq, üzdən iraq vücudda...

Sözdən uzaq, səsdən iraq vücudda,

Ölmək olub, itmək olub istəyim.

 

Səhər-səhər qarşılayıb al Danı,

Tərk elədim padişahı, sultanı...

Bir ümidin işığına aldanıb,

Min gümana yetmək olub istəyim.

 

Doğulmaq var, hər saatda doğulmaq,

Çətin olur bu inadda doğulmaq.

Başqa yerdə, başqa adda doğulmaq,

Dünyanı tərk etmək olub istəyim.

 

Küləklərlə, tufanlarla sovrulub,

Başqa yerdə bitmək olub istəyim.

 

 

***

Salam Allah salamıdı,

Alsan nə xoş, almasan boş...

Səmaların kəlamıdı,

Alsan nə xoş, almasan boş...

 

Demirəm, sözdü, sərvətdi,

Dünyada ən şirin nemətdi...

Kim demiş, salam rüşvətdi? -

Alsan nə xoş, almasan boş...

 

Kimdi? - Sözdü,

Nədi? - Sözdü,

Ürək dilə dedi, sözdü...

Salamdır da, adi sözdü,

Alsan nə xoş, almasan boş...

 

Məramı eşqdi, bəllidi,

Xoş ruhlu, xoş əməllidi...

Salam da bir təsəllidi,

Alsan nə xoş, almasan boş...

 

Şən halımla, ənam olsun,

Ən ümidim, əlam olsun...

Məndən sənə salam olsun,

Alsan nə xoş, almasan boş...

 

 

***

Qucaqla bu daşı, sev,

Yaddaşın daşdı, Faiq.

Daş yaddaşı uludu,

Ulus yaddaşdı, Faiq.

 

Çıx ağaca adamla,

Öz ruhunla, adınla...

Dur ayağa, addımla,

Bu nə bardaşdı, Faiq?

 

Demə, kəsə gedirsən,

Yolu tərsə gedirsən.

Sözdən səsə gedirsən,

Halın bərdaştdı, Faiq.

 

Həyat sınıq bir şüşə,

Kim ucala, kim düşə?

Aç əlini günəşə,

Havalar xoşdu, Faiq.

 

Sevdiyinə ərk elə,

Sevgi nədir, görk elə...

Qəlbi doldur eşq ilə,

Bu dünya boşdu, Faiq.

 

Ümid gəzmə çıraqla...

Bas bağrına və ağla -

Doğma daşdı, qucaqla,

Sənə qardaşdı, Faiq.

 

Qucaqla bu daşı sev,

Bu daş yaddaşdı, Faiq.

 

 

***

Hansı səmtə üz tutum? -

Doğmayamı, yadamı?

Arafda qalmaq, bilsən,

Necə üzür adamı?

 

Min illərdi yükəm mən

Bu bədənə, bu cana.

Hərdən bir söz özünü

Tanıtdırır insana.

 

Dinləyənin yoxdu ki,

Hamı özündən deyir.

Birindən söz açırsan,

Durub yüzündən deyir.

 

Adi bir söz olasan,

Lap elə yük desinlər.

Qərarsız anlasınlar,

Bəxti dönük desinlər.

 

Bilirsən ki, çətindi,

Yük altında yük olmaq -

Kiçiklə kiçik olmaq,

Böyüklə böyük olmaq.

 

Qollarını açıb da,

Uçasan dənizlərə.

Baxıb gülümsəyəsən

Yükdən ağır sözlərə.

 

 

***

Bu dünyada sevgilər,

Sevinclər də qəm dadır.

Bu dünyada şeirlər,

Sözlər adam aldadır.

 

Bu dünyada çəkdiyim

Nəfəsmi, ahmı, bilməm...

İnsanlar insanmıdır?

Allah Allahmı, bilməm...

 

Sözmü qiymətli olsa,

Pulmu olsa yaxşıdır?

İnsan Allaha dostmu,

Qulmu olsa yaxşıdır?

 

Dünyadı, kim yaratmış,

Fani yaratmamışmı?

Faiq adda bir mələk,

Cani yaratmamışmı?

 

İçimdə bir burulğan,

İçimdə qasırğa var.

Sözün qar uçqununa

Düşür hər gün arzular.

 

Verdiyin ümidlərin,

Vaxtı tükəndi, getdim.

Gül ətrinə bələnən

Yollar tikandı... getdim.

 

Soruşdum ki, kiməm mən -

Bəy Faiqəm, qul Faiq?

Səda gəldi: "Az danış,

Ömrü yaşa, öl, Faiq".

 

 

***

Sən günah pərisi, şeytan savabı,

Çəkmisən taleyi sözə, bilirəm.

Sənin əllərində şeir od tutur,

Misralar çevrilir közə, bilirəm.

Sən dünya dərdini yaşayan adam,

Həsrəti, hicranı daşıyan adam.

Yan uca eşq ilə, qoşa yan, adam,

Ümid yox payıza, yaza, bilirəm.

 

Bilirəm, sevgilər qəmə talibdi,

Sevinc qanad salıb, dərd ucalıbdır.

Sənin arzuların sözdə qalıbdır,

Sənin sözlərində aza bilirəm.

 

Qatı açılmamış sözəm, uluyam,

Bir eşqə əsirəm, eşqin quluyam.

Hələ taqətim var, canısuluyam,

Hələ ayrılığa dözə bilirəm.

 

 

***

Sən Allah ol, mən peyğəmbər,

Yazaq beşinci kitabı.

Adını "Eşq" qoyaq, yoxsa,

"Məhəbbətin min əzabı"?

 

Sən Allah ol, mən peyğəmbər,

Min dörd yüz il keçib daha.

Yeni düşüncə sərgilə,

Tapınım yeni Allaha.

 

Sən Allah ol, mən peyğəmbər,

Heç nə söyləmə kimsəyə.

Qoy evimiz bənzəməsin,

Nə məscidə, nə kilsəyə.

 

Sən Allah ol, mən peyğəmbər,

Olmasın tərəfdaşımız.

Xoş yaşayaq vaxtımızı,

Öz əlimiz, öz başımız...

 

 

***

Nə işin var bu baharda? -

Çiçəklər solan yerə gəl.

Ayrıl mələk dərgahından,

İnsanlıq ölən yerə gəl.

 

Əhdi unudana qədər,

Həsrəti dadana qədər,

Gəz, könlün tutana qədər,

Göyləri dolan... Yerə gəl.

 

Əlini üzmə gedəndən,

Həyatı alt-üst edəndən...

Əzrayılın bu bədəndən,

Canımı alan yerə gəl.

 

Öz içindən çıxsan əgər,

Hisslərini yıxsan əgər,

Tənhalıqdan qorxsan əgər,

Adamlar olan yerə gəl.

 

 

***

Baxışların ömür yolu -

Düşüb azdım... demir yolu...

Torpaq yolu, dəmir yolu

Eşq yolundan asan imiş...

 

Gözündən yağır yağışlar,

Duya bilmədim, bağışla...

Hardan bilim, bu baxışlar

Taleyindən küsən imiş?..

 

Bu eşq Faiqin nəyidi? -

Yuxusudu, gerçəyidi?..

Əllərin yaz çiçəyidi,

Ətrin nərgiz, süsən imiş...

 

Nağıl dünyada çox imiş,

Nağıllar özü yuxuymuş.

Bir var imiş, bir yox imiş,

Bir "mən" imiş, bir "sən" imiş...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!