"Mən şeirə balaca günəş deyirəm" - Şeirlər. Fəxrəddin TEYYUB

 

Mən şeirə balaca

günəş deyirəm

 

Qəlbi daş olanı muma döndərib,

Açıb kilidlənmiş qəfəsi şeir.

Könlünün xoş vaxtı yerə göndərib,

Tanrının sədası, nəfəsi şeir.

 

Fikrin, düşüncənin yoludu qələm,

Şairin alınmaz qalası çözdü.

Varağın nökəri, quludu qələm,

Çağlayan ilhamın balası sözdü.

 

Kövrələn ürəyin titrəsin simi,

Duyğusuz kəslərin qaçsın yuxusu.

Bəzə misraları bir gəlin kimi,

Ruhunu oxşasın ətri, qoxusu.

 

Söz gərək odlana, qızaranda dan,

Hər misra çiyninə bir dağ götürə.

Xoşlayır tamlığı başdan, binadan,

Şeir paltar deyil, yamaq götürə.

 

Sözün hənirində qəlbimin səsi,

Gecə də, gündüz də sözü öyürəm.

Mən sözə gecələr Ayın kölgəsi,

Mən şeirə balaca Günəş deyirəm.

 

 

Ağacla müqavilə

 

Bu ərik ağacı yenə ağlayır,

Gözünün yaşını silib gedirəm.

Külək qan qaraldır, sinə dağlayır,

Ürəyim göynəyir, ölüb gedirəm.

 

Özgələr nə bilsin çəkdiklərimi,

Yanıram, nə gəlir axı əlimdən.

Qoruya bilmirəm əkdiklərimi,

Bağda ağaclardan utanıram mən.

 

Qoyuram özümü ağac yerinə,

Gilasa demişəm boynun bükməsin.

Tanrım, nolar tapşır mələklərinə,

Xurmanın barını külək tökməsin.

 

Suyunu kəsəndə xətrinə dəyir,

Məgər günah deyil bir ac saxlamaq?

Bəzən uşaq kimi qayğı istəyir,

Bala saxlamaqdı ağac saxlamaq.

 

Əzgil bir qayğıdı, heyva bir mehr,

Qayğılar çoxalır gələndə bahar.

Budaqlar qələmdi, yarpaqlar möhür,

Mənim hər ağacla müqaviləm var.

 

 

Ruhum yellənir

 

Xərclədim ömrümü özgəyə, yada,

Elə bil qırılıb qolum, qanadım.

Bir nəfər ac varsa əgər dünyada,

Süfrəmə əlimi necə uzadım?

 

Nisgildən asılan ruhum yellənir,

Mən necə baş qoyum rahat balınca.

Ekrana baxanda gözüm zillənir,

Qaçqını aparan qayıq dalınca.

 

Arzular, diləklər sönür, puç olur,

Əl verib xeyirlə şər görüşəndə.

Mənim də evimin damı uçulur,

Hələbdə bir evə bomba düşəndə.

 

Adama xoş günü yad diləməz, yox,

Kimdi ümid verən yaşamaq üçün.

Bir ömür, bir ürək bəs eləməz, yox,

Xocalı dərdini daşımaq üçün.

 

 

Sənin səksənini

gözləyirəm mən

 

İntiqam Qasımzadənin ad gününə

 

Əlimə götürdüm qələmi səhər,

Dedim ad gününə bir şeir yazım.

Sözümün ağacı verir bar, bəhər,

Təbim, xoş sözləri mənə ver, yazım.

 

İlhamın nə röya, nə də yuxudu,

Kimsənin ümidi sözünə qalsın.

Ad günü duyğusu, ayrı duyğudu,

Kimin nə fikri var, özünə qalsın.

 

Yurd, vətən eşqiydi ruhunu əzən,

Səbrindən əridi daş da, dəmir də.

Şuşa həsrətinə otuz il dözən,

Beş ömür yaşadı bircə ömürdə.

 

Pisə pis deyirsən, yaxşıya yaxşı,

Düşməsin əlindən sözün rəndəsi.

Gülübdür üzünə taleyin naxşı,

Var ol, ey Tanrının halal bəndəsi.

 

Hər kəs baş saxlaya bilmir həyatda,

Gözümdə saf susan, durudan duru.

Salınsın dərsliyə riyaziyyatda

"Qürur" məsələsi, "qeyrət" düsturu.

 

İmzan mənə doğma, izləyirəm mən,

Yolumda nə çənim, nə dumanım var.

Sənin səksənini gözləyirəm mən,

O günü görməyə çox gümanım var.

 

 

Yaxşılıq

 

Bərəkət gələcək evinə, bilsən,

Payına düşəni yeməyəndə tək.

Özgə uğuruna sevinə bilsən,

Dolacaq qəlbinə sevinc bir ətək.

 

Alışdır, kiminsə ocağı sönsə,

Kim səni köməyə çağırsa, hay ver.

Ürəyin çağlayan ümmana dönsə,

Ləpən sənə qalsın, dalğanı pay ver.

 

Xeyirxah olmasan, ucalmaz səsin,

Dizi bərkin biri, nərin biri ol.

Üz tutub yanına gələn hər kəsin,

Döydüyü qapı ol, güman yeri ol.

 

Kasıbdan dərdi çox, varı olanın,

Hər kəsin əynində qəm göynəyi var.

Qeyrəti olanın, arı olanın

Nəyinə gərəkdi kimin nəyi var.

 

Çətin çörək tapa, yolunu kəsən,

Gərək deməyəsən neyləyim bu gün.

Yuxudan duranda nə düşünəsən?

Kiməsə yaxşılıq eyləyim bu gün.

 

 

Çox var

 

Demə ki, tənhayam, Tanrı da təkdi,

Hər kəsə pay verir, dolu ətəkdi.

Deyirsən atdığım hələ ki yekdi,

"Du"du, ya da "sə"di, "çahar"a çox var.

 

Düşübsə, silinməz qarası ömrün,

Həsrətdən sağalmaz yarası ömrün.

Səhərlə günorta arası ömrü,

Gərək yaşayasan, nahara çox var.

 

Gümanlar bağrımın başın teylərdi,

Mənə ilham verən yerlər, göylərdi.

Ümid olmasaydı adam neylərdi,

Payızın dalı qış, bahara çox var.

 

Damcılayır

 

Misra yağışına düşdüm bu gecə,

Hələ də qəlbimdən söz damcılayır.

Göylərin sinəsi sönən ocaqdı,

Hər ulduz bir gözdü, göz damcılayır.

 

Hüsnünə baxıram duyğum qarışıq,

Mən harda görmüşəm belə yaraşıq?

Ay gecə havayı saçsa da işıq,

Kim deyir nurundan naz damcılayır?

 

Göydə bulud, yerdə duman süründü,

Yamyaşıl şalına dağlar büründü.

Elə ki, qaranquş göydə göründü,

Demək dimdiyində yaz damcılayır.

 

Duyğusuz ürəklər qəfəsdi, qəfəs,

Nəğməylə yoğrulub aldığım nəfəs.

Sirdi, möcüzədi simdən gələn səs,

Adamın ruhuna söz damcılayır.

 

Nə vaxtdı yatıram qəm otağında,

Həsrət çiçək açıb eşqin tacında.

Ağlamaq ayıbdı ahıl çağında,

Fəxrəddin, sevgidən göz damcılayır.

 

 

Mükafat

 

Necə qəm eləyim duyğularımı?

Gümanlar tərəzi gözünü əyən.

Qarışıq salıram yuxularımı,

İşlərim olanda qeyri-müəyyən.

 

Olmuşam eşqindən qanadlı oğlan,

Ətirli gül kimi qoparım səni.

Gəlib, gözlədiyin ağ atlı oğlan,

Min atın tərkinə aparım səni.

 

Sevgim qönçə kimi təzədi, tərdi,

Eşqin hənirindən odlanır ürək.

Səni doğan ana nə bəxtəvərdi,

Qəbrini ziyarət eyləyəm gərək.

 

Qəlbimdə hayqıran ruhun səsidi,

Həsrətin izidi, gözümün ağı.

Tanrının sirridi, möcüzəsidi,

İki yad adamın doğma olmağı.

 

Dünya mənim olar, görüşə gəlsən,

Qəlbimə sevgidən xoş ovqat düşür.

Dəryanın dibində incisən, ləlsən,

Səni tapmağıma mükafat düşür.

 

 

Nərgiz

 

Keçmir ürəyimdən nə dərə, nə dağ,

Ətrinə bələnib bu bağça, bu bağ.

Butan sapsarıdı, ləçəklərin ağ,

Səhərlər gülürsən üzümə, nərgiz.

 

Əsirsən baharın yelləri kimi,

Nişanlı qızların telləri kimi.

Saplağın körpənin əlləri kimi,

Hərdən toxunursan dizimə, nərgiz.

 

Kövrəldim, gözümün yaşını sil sən,

Necə oxşayırsan ruhumu bilsən.

Anamın adısan, sevdiyim gülsən,

Məlhəmsən könlümə, gözümə, nərgiz.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!