Müəllimə-sənətkara
Qarşımda bir kitabın müqəddəs səhifəsi... "Müəllimə-sənətkara" adlı bu şeir niyə mənə bu qədər əziz və müqəddəsdir?
Üç il Hüseyn Arifin bir çox mənbələrdən topladığım külliyyatında çap olunmayan bir şeir... 10 may 1958-ci ildə yazılmış bu şeirin 63 illik tarixi var. H.Arifin müqəddəs sandığı bir insana, əziz müəllimi Mir Cəlal Paşayevə həsr etdiyi altı bəndlik bu şeir indi bir çox cəhətdən qiymətlidir. Görəsən, indi neçə müəllimə şeir həsr edilib?! Yazılıbsa da dəqiq bilirəm ki, ancaq təmənnalı yazılıb.
Hüseyn Arifin nə qədər təmənnasız bir insan olduğunu onu tanıyanlar, ən çox da ailə üzvləri yaxşı bilir. Mən əminəm ki, bu şeir çap olunmamış yeganə şeir deyil.
İsmayıl Şıxlı yazırdı ki, bir dəfə xəstələnib evdə yatırdım. Hüseyn Arif məni yoxlamağa gəldi. Pərişanlığının səbəbini soruşdum. Məlum oldu ki, bir qovluq yeni şeirlərini taksidə yadından çıxarıb.
Y.Qaqarin kosmosa uçanda Hüseyn Arif təsadüfən radioya gəlibmiş. Xahiş edirlər ki, bu hadisə haqqında bir şeir yazsın. Şeir oradaca yazılır və oxunur. Amma kitablarda yoxdur.
"Müəllimə-sənətkara" şeirinin dəyəri bir də ondadır ki, müəllim-tələbə münasibətlərinin bu qədər gərgin olduğu bir vaxtda belə bir təmiz hisslərin olduğuna inana bilmirsən...
Yaşar məhəbbətin neçə ürəkdə
Var olsun hörməti unutmayan kəs!
Şeirin tapılmağı Mir Cəlal Paşayevin oğlu Hafiz müəllimlə bağlıdır. Bu gözəl hədiyyə üçün Hafiz müəllimə minnətdarlığımız sonsuzdur. Maraqlı bir fakt da odur ki, bu şeir ADU-nun baş müəllimi Yusif Savalan tərəfindən alman dilinə tərcümə olunub. Hüseyn Arifin 90 ilik yubileyinə həsr olunmuş tədbirdə o şeir ilk dəfə həm alman, həm də Azərbaycan dilində səsləndi. "Müəllimə-sənətkara" şeirini təqdim edirəm.
Zöhrə Hüseynzadə
Hüseyn Arifin qızı
4 dekabr 2021-ci il
Hüseyn Arif
Müəllimə-sənətkara
Yazıçı Mir Cəlal Paşayevin anadan olmasının
50 illiyi münasibətilə
Əlli il uşaqlıq, əlli il gənclik,
Yüz əllidə orta yaşa dolaydım,
Doğrudan, nə gözəl deyilib bu söz,
Onu əzəl deyən kaş mən olaydım.
Mən bağban olsaydım, əziz müəllim,
Sənə öz bağımdan gül gətirərdim.
Loğman yaransaydım, şirin ömrünə,
Neçə şirin-şirin il gətirərdim.
Hər kəsə bəllidir elmin, sənətin,
Bu əziz günündə kim sevinməyir?
O mənə dərs deyən müəllimlərin,
Çoxu bu gün sənə müəllim deyir.
Yaşar məhəbbətin neçə ürəkdə
Var olsun hörməti unutmayan kəs!
Kim açıb üzünə öz qapısını,
Hörmətlə əlini sıxmaq istəməz?!
Hər çiçək dəstəsi bir çox arzudur,
Hər gülüş qoluna bir yeni qüvvət,
Dönüb nəğmələrə gəzsin elləri,
Bu alqış, bu istək, bu səmimiyyət.
Qüdrətim çatsaydı, gətirib bu dəm,
Sənə bəxş edərdim bir göy çəməni
Neyləyim, hədiyyəm kiçik şeirdir
Əziz müəllimim, bağışla məni.
10 may 1958-ci il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!