***
Nə gözəl payız dəyib bu ağaca
bir yaşıl yarpağı da qalmayıb,
saralmış bir yarpağını da yerə salmayıb...
***
"Şəhid balam..." sözləriylə başlayan
ağıdır zümzümə etdiyi
təzəcə dil açan körpənin
indi onun şən, şux uşaq nəğmələri
söyləyən vaxtıdır
içində dəniz, günəş
çiçək, böcək,
kəpənək olan nəğmələri...
***
Eynəyinin nömrələri təzə idi,
bir neçə gün idi aydın-açıq
baxa bilirdi işıqlı dünyaya,
yenidən dünyaya göz açırmış kimi.
Rəngləri, işığı görüb sevinirdi.
Sarını daha sarı,
səmanı daha mavi,
yaşılı daha yaşıl görüb şadlanırdı uşaq kimi,
ancaq ömür vəfa eləmədi.
Son anlarında
eynəyi qoymadılar qala gözlərində
bəlkə Əzrayıl gələndə
yaxşıca tanıyardı eynəklə
kim bilir aldanmazdı ona...
İndi bu gedən adamın qəttəzə eynəyi,
sahibini bir qışdan çıxarmayan yeni paltosu
çox yandırır doğmalarını.
Doyunca baxa bilmədiyi
səma qədər
gün qədər, gündüz qədər,
Ay, ulduz qədər...
***
Koroğlu kimi ac idi
əlində dönər parkdan keçərkən,
bir pişik atıldı önünə.
Az qala başına tullanmışdı acından
təpinib kənarlaşdırdı özündən.
Ayaqları getsə də
ürəyi pişiyin yanında qaldı,
neçə kərə dönüb geri baxdı.
Pişik də məlun-məlun,
uzun-uzun dalınca boylandı.
Parkın axırına çataçatda
doymuşdu mədəsi də,
gözü də.
Bir küçük dəydi gözünə otluqda
uzatdı yeməyin yarıdan çoxunu ona,
açıb qoydu qabağına.
Küçük yeməyə girişdi
əvvəl həvəssiz, sonra həvəslə.
Bayaqkı ac pişiyi xatırladı küçük yedikcə
içindən hüzn dolu peşmanlıq keçdi.
Ac olanda paylaşa bilmək
daha böyük comərdlikdir,
Bilirdi,
comərdliyi bacarmamışdı yenə də.
Ha arzusunda olsa da...
özünü yarada bilmir insan.
Arzulayır, xəyal qurur,
amma xəyalındakı insan olmur...
***
Babamız xəstələnən günün sabahısı
ütümüz xarab oldu,
tozsoranımızın mühərriki söndü,
ədəbi dillə desək,
ürəyi dayandı...
Babamızı xəstəxanaya,
tozsoranla ütünü ustaya apardıq.
Həkim kişini görüncə başını buladı,
babamız xəstəxanada öldü...
Tozsoranla ütünü gözdən keçirib,
başını buladı usta:
"Bunlar bir də ələ gəlməz" - dedi...
Tozsoranımla ütümü
ancaq babamız təmir edə bilirdi
lalın dilini anası bilən kimi
bilirdi onların dilini.
Kişi yoxdursa, bunlar da yoxdur bilirdim
"yenisini alarsız, ömürləri
bura qədərmiş" - dedi usta.
Kədərimi görüncə
kaş ki, həkim də babamız haqqında
eyni şeyi deyə biləydi,
babalar gedər-gəlməzə getməyəydi beləcə,
kimsə onları əvəz edəydi layiqincə...
Pərəstiş
Küçədəki dirəkdən asılan lampanın işığı qədər
karıma gəlmir Ayın işığı hazırda
soyuğun, küləyin qabağında
avtobus gözlədiyim dayanacaqda.
Qaranlıq selindən qoruyan çətir kimi
alıb başımın üstünü küçə lampası.
Mən nankorun gözüsə elə Aydadır
qara buludların arxasına girib-çıxdıqca
nəzərimi çəkə bilmirəm ondan.
Aysa sanki hamıyla məzələnir.
Ay Aydır,
lampasa
olsa-olsa
vur-tut adi küçə lampasıdır nəzərimdə.
Qəfil olur ki, bütün dünyaya küsürsən
küsürəm avtobus gecikdikcə,
üşüdükcə,
küçənin qaranlığını,
kimsəsizliyini bölüşdükcə
və birdən anlayıram
özüm də bir çox insanın gözündə
bu küçə lampasıyam elə...
əməklərim qiymətsiz.
***
Soyuqdur,
hər yan bombozdur.
Qarğalar ağaclardan düşür
iri yarpaqlar kimi,
yerə qonur,
qarıldayır, uçuşurlar ümidsizcə.
Uşaq baxır və deyir:
"Yazıq qarğalar ağlaşırlar"...
Qarğaların kədərini hiss edirmi
böyüklər də belə?
***
Davam edir pandemiya
daha sərt,
daha ciddi.
Şəhərimin ucqar bir metro stansiyasındayam.
Bütün vaqonlar boşdur,
ancaq təkəm-seyrək adamlar da
mən mindiyim
vaqona doluşublar.
Səsgücləndiricidən gələn səs
məsafə saxlamağımızı tələb etsə də,
mümkün qədər yaxın oturublar adamlar.
Bu stansiyada həmişə təklikdir
bəzən vahimələnir adam
bomboş qatarlarda yol gedərkən.
Kameralar olmasa əsl soyğunçuların yeridir.
Adama elə gəlir, dünyanın qurtaracağına aparır
burdan gedən qatarlar,
yerin altındakı sirli dünyada
sığınır bir-birinə adamlar
ən qədim mağaralardakı kimi
sürüylə yaşadıqları zamanlardakıtək.
İnsanlar
başlarına nə gəlir gəlsin,
yenə bir yerdə olmaq istəyirlər,
bir-birinə sığınırlar bu qorxulu,
bu amansız dünyada.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!